Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3408/2020 16.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia qaldıraraq, xx xxxxxxx 2010cu il təvəllüdlü X5 xx xxxxxx 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatnadək əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(076)-2578/2017 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 200 manat sabit pul məbləği həddində müəyyən edilməsi və həmin məbləğin hər ay cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o cavabdehlə 2009-cu ildə faktiki olaraq evlənmişdir. Nikahdan 2 övladları xx xxxxxxx 2010-cu il təvəllüdlü X5 xx xxxxxx 2014-cü il təvəllüdlü X8 doğulmuşdur. Cavabdehlə evləndikdən sonra bir müddət normal ailə şəraitində yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlməmiş, yola gedə bilməmişlər və nəticədə məhkəmə qaydasında ayrılmışdılar. Cavabdehlə ayrıldıqdan sonra azyaşlı uşaqları onun himayəsində qalmışdır. Uşaqlarının saxlanmasında çətinlik çəkdiyindən cavabdehə qarşı məhkəmədə nikahın pozulması və aliment tələbinə dair iddia qaldırmışdır. Şəmkir rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(076)-2578/2017 saylı qətnaməsi ilə uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət edilmişdir. Lakin hazırda həmin məbləğ azyaşlı uşaqları saxlamaq üçün yetərli deyildir. Belə ki, uşaqlar böyüdükcə tələbatları da artır və onun maddi imkanı onları saxlamağa kifayət etmir. Cavabdeh isə fərdi əməklə məşğul olur və yüksək qazanc əldə edir. Cavabdehin hər ay kifayət qədər aliment ödəmək imkanı vardır. Ona görə o, alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib və əlavə olaraq göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(076)-2578/2017 nömrəli qətnaməsində qeyd olunan iş üzrə cavabdeh olmuş X2 hazırki iş üzrə olan cavabdeh olan Cavabdeh ilə eyni şəxsdirlər. Cavabdeh soyadını, adının və ata adını əvvəlcə X2 olaraq dəyişdirmiş, daha sonra isə yenidən əvvəlki soyadı, adı və ata adına dəyişdirmişdir. Cavabdeh kənd təsərrüfatı işləri ilə məşğul olmaqla, Şəmkir rayonunda yerləşən torpaq sahəsində xeyli sayda xurma ağacları vardır. Mövsum ilə əlaqədar olaraq xurma ağaclarından alınan məhsulu sataraq kifayət qədər gəlir əldə edir. Buna görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, onun maddi imkanı tələb olunan məbləği ödəməyə yol vermir. İddiaçının izahatı isə yanlışdır. Onun adına torpaq sahəsi yoxdur və xurma bağı isə atasına məxsusdur. Əvvəllki məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimenti atasının pensiyası hesabına çətinliklə ödəyir. Buna görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Gəncə “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İV seriyalı 310439 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 xx xxxxxxx 2010-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş Gəncə “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İV seriyalı 310438 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx xxxxxx 2014-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(076)-2578/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, xx xxxxxxx 2010-cu il təvəllüdlü X5 xx xxxxxx 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli 2(076)-3046/2015 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 100 manat sabit pul məbləği həddində müəyyən edilməsi və cavabdeh X1 alınıb İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının Aşağı Seyfəli kənd X7 üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 1210 nömrəli arayışdan görünür ki, Cavabdeh Şəmkir rayonu Aşağı Seyfəli kəndində yaşamaqla, onun adına torpaq sahəsi və fərdi yaşayış evi yoxdur. İş materiallarına əlavə olunmuş 21 saylı ərazi məşğulluq mərkəzi filialı tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh məşğulluq alt sistemində xx.xx.2020ci il tarixdə işsiz vətəndaş kimi qeydiyyata alınmış və ona işsizlikdən sığorta ödənişi edilməmiş, adına Əmək və X3 Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə elektron informasiya sistemində əmək müqaviləsi qeydə alınmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Məhkəmə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(076)-2578/2017 nömrəli qətnaməsindən keçən dövr ərzində ölkə üzrə yaşayış minimumundakı artım məbləğini əsas gətirərək hesab edir ki, iddia qismən təmin olunmalı, xx xxxxxxx 2010-cu il təvəllüdlü X5 xx xxxxxx 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində müəyyən edilməli və bu miqdarda alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli 8-2/2016 saylı Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan yuxarı olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. İddianın qiyməti aylıq ödəmələrin bir illik məcmusu ilə müəyyən edildiyindən və bu məbləğ 500 manatdan artıq olduğundan, iddiaçının ödənilməsindən azad edildiyi 30 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 15 manat hissəsi Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxxx 2010-cu il təvəllüdlü X5 xx xxxxxx 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh tutulan alimentin miqdarı artırılsın. xx xxxxxxx 2010-cu il təvəllüdlü X5 xx xxxxxx 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, cəmi sabit pul məbləği ilə 260 (iki yüz altmış) manat aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Artırılmış aliment məbləği qətnamə qanuni qüvvəyə mindiyi tarixdən tutulsun. Cavabdeh 15 (on beş) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-3408/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3408/2020
16.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver