Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3414/2021 23.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 3000 (üç min) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, izahatında göstərdi ki, 2019-cu ilin oktyabr ayında Bakı şəhərindən bacısının baldızının yas mərasiminin 40 günündə bacısı Həcərin qaynı Fərhad Abbasov bir nəfərlə ora gəlmişdir. Fərhad onları həmin şəxs və onun arvadı Xanımla tanış edərək demişdir ki, «bu Rəfayıl Əkbərovdur, onun yaxın dostudur, onun əli hər yerə çatır, nə işiniz olsa ona deyin, o, həll edəcəkdir». X8 demişdir ki, Səadət xeyli müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkir. Rəfayıl Ələkbərov demişdir ki, bu xəstəliklə əlaqədar o, əlillik pensiyası ala bilər, pensiya işinə köməklik edə bilər, bunun üçün 3000 manat pul lazımdır. Həcər bu barədə ona zəng etmiş və demişdir ki, Rəfayıl işi düzəldə bilir, 3000 manat ver pensiya məsələsini həll etsin.18.12.2019-cu il tarixdə o pulu götürüb Şirvan şəhərinə bacısı Həcərin evinə gəlmişdir. Əri evdə ona tapşırmışdı ki, 3000 manat pulu Rəfayıla notarius vasitəsi ilə versin. Bacısıgilə gələrkən Rəfayıl da orada olmuşdur. 28.12.2019-cu il tarixdə onunla Şirvan şəhər 1 saylı Notariat Ofisinə gələrək kredit müqaviləsi bağlamışlar Həmin müqavilə notarial qaydada təsdiq edilmişdir. Elə orada 3000 manat pulu Rəfayıla vermişdir. Dəfələrlə Rəfayıla zəng edib, işin nə yerdə olduğunu soruşmuşdur. O, hər dəfə ona vədlər verərək onu arxayın etmişdir ki, pensiya məsələn düzələcək, tələsmə. Sonradan isə cavabdeh onun mobil telefon nömrəsini qara siyahıya salmış və onunla heç bir əlaqə saxlamamışdır. 28.12.2019-cu il tarixli kredit müqaviləsinin ikinci bəndinə əsasən “borc alan” krediti 28.03.2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh öhdəsinə götürmüş olduğu işi yerinə yetirməmiş, yəni ona əlillik dərəcəsini təyin etdirə bilməmişdir. Kredit müqavilələrindəki borcu qaytarmaq vaxtının keçməsinə baxmayaraq cavabdeh ondan borc adı altında aldığı 3000 manat pulu geri qaytarmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X5 iddiaçı ilə eyni məzmunda çıxış edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq o, qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün bildirişin ona təqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; 28.12.2019-cu il tarixli, 3M-684 reyestr nömrəli kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 3000 (üç min) manat pulu notariusun bankda olan depozit hesabı vasitəsi ilə X2 vermişdir. X4 pulu 28.03.2020-ci il tarixə qədər ödəməyi öhdəsinə götürmüşdür. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc müqaviləsi bağlansa da həmin müqavilə üzrə cavabdehə verilmiş 3000 manat borc deyil, iddiaçıya əlilliyi ilə əlaqədar pensiya təyin olunması məqsədi ilə verilmişdir. Lakin cavabdeh vədinə əməl etmədiyi üçün iddiaçı cavabdehə verdiyi pulu geri tələb etməsinə baxmayaraq cavabdeh iddiaçıdan aldığı pulu hüquqi əsas olmadan qaytarmamışdır. Məhkəmə iddiaçının izahatını dinləyib iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MPM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, cavabdeh X1 3000 (üç min) manat pul alınaraq İddiaçı xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh X1 3000 (üç min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-3414/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3414/2021
23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver