Məhkəmə qərarları › İş №2(043)-3419/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3419/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3419/2021 19.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh oğluna qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı ASC Cavabdeh oğluna qarşı “borc” tələbinə dair iddia qaldıraraq, Cavabdeh oğlundan ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 175,74 manat əsas borc, 148,31 manat faiz, 144,55 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstituiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 21,04 manat faiz borcu və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında 12 sentyabr 2017-ci il tarixli 005223 nömrəli Bank Xidmətləri Müqaviləsi bağlanmış, müqaviləyə əsasən KM007T09170018 nömrəli 12 sentyabr 2017-ci il tarixli 5 saylı Əlavə üzrə cavabdehə 12 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 1000 manat məbləğində kredit verilmişdir. 30.07.2021-ci il tarixinədək Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə cəmi borcu 489,64 manat təşkil edir. Bundan 175,74 manat əsas, 148,31 manat faiz, 144,55 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 21,04 manat faiz borcu təşkil edir. Xəbərdarlıq edilməsinə və cavabdehə 03.08.2021-ci il tarixli bildiriş göndərilməsinə baxmayaraq borcun banka qaytarılmasını təmin etməmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə içlasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 12 sentyabr 2017-ci il tarixli 005223 nömrəli Bank Xidmətləri Müqaviləsindən görünür ki, Cavabdeh oğluna həmin tarixli 5 saylı əlavə üzrə 12 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 1000 manat məbləğində kredit verilmişdir. Müqavilənin əlavəsi olan ödəniş cədvəlinə əsasən 12.10.2017-ci il tarixdən 12.09.2018-ci il tarixədək hər ayın 12-si tarixində 96,51 manat ödəniş edilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş 11 avqust 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh oğlunun kredit müqaviləsi üzrə 30 iyul 2021-ci il tarixə yaranmış borcu 175,74 manat əsas borc, 148,31 manat faiz, 144,55 manat cərimə, gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 21,04 manat borc, ümumilikdə 489 manat təşkil edir. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə borcunu nəzərdə tutulmuş qrafik üzrə hər ay vaxtında ödəmiş, sonuncu dəfə 12.07.2018-ci il tarixdə ödəməli olduğu məbləği 01.08.2018-ci il tarixdə ödəmişdir. 12.08.2018-ci il və 12.09.2018-ci il tarixlərdə ödənilməli olan məbləğlər isə ödənilməmişdir. İş materiallarına əlavə edilmiş 03 avqust 2021-ci il tarixli bildirişdən görünür ki, İddiaçı ASC tərəfindən cavabdeh borcun ödənilməsinə dair xəbərdar edilmiş və ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə onun bank qarşısında borcu yaranmışdır.Odur ki, məhkəmə hesab edir ki. tələb olunan əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə faiz borcunun tutulması hissəsində qeyd edir ki, tələb faiz borcu hissəsində qismən təmin edilməlidir. Belə ki, iddiaçının tələb etdiyi əsas borc məbləğinə hesablanmış faiz borcu 148,31 manat təşkil edir. Lakin müqaviləyə əlavədən görünür ki, əsas borca hesablanmış faiz borcu 12 avqust 2021-ci il tarixi üçün 4,35 manat, 12.09.2021-ci il tarix üçün isə 2,2 manat nəzərdə tutulmuşdur. Cavabdehin əsas məbləğ üzrə qalıq borcu 175,74 manat olduğundan və cavabdeh avqust ayı üçün nəzərdə tutulmuş ödənişi etmədiyindən sentyabr ayı üçün faiz borcu 2,2 manat deyil qalıq əsas borcun illik 28 faizinin bir aya düşən hissəsi məbləğində (175,74 x 28% / 12), yəni 4,10 manat olmalıdır. Beləliklə cavabdehin ümumilikdə ödənilməyən faiz borcu 8,45 manat təşkil edir. İddiaçının hesabladığı faiz məbləğinin isə hər hansı əsası yoxdur. İddiaçı əsas və faiz borcunun qaytarılması tələbi ilə yanaşı cavabdehdən həm də gecikdirilmiş əsas borcun illik beş faizi olan 21,04 manat pulun və 144,55 manat dəbbə pulunun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Qeyd olunan normaların tələbi baxımından iddiaçının illik beş faiz ödənilməsi tələbinin işin hallarına, yəni gecikdirilmiş borcun məbləği və gecikmə müddətinə uyğun olduğu müəyyən edilir. Buna görə də iddia tələbi həmin hissədə əsaslı hesab edilməlidir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, dəbbə pulunun məbləği tənasübsüz dərəcədə yüksək olduğundan azaldılmalıdır. Kredit müqaviləsinə 5 saylı əlavənin 5-ci bəndində qalıq əsas borc məbləğinin gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 56 faiz dəbbə pulu hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əldən çıxmış fayda formasında illik beş faiz hesabı ilə məbləğin də tutulmasını nəzərə alaraq əlavə olaraq yüksək məbləğdə dəbbə pulunun tətbiq edilməsinin cavabdehin vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 144,55 manat dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 14 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun 12 manat hissəsi iddiaçının xeyrinə Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 175,74 manat əsas borc, 8,45 manat faiz borcu, 14 manat dəbbə pulu, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanan 21,04 manat zərər olmaqla, cəmi 219,23 (iki yüz on doqquz manat, iyirmi üç qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 12 manat pul tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar