Məhkəmə qərarları › İş №2(043)-3425/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3425/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3425/2021 15.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı və Cavabdeh oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh oğluna qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh oğlundan notarial qaydada təsdiqlənmiş 09 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 8000 manat məbləğində, 14 avqust 2019-cu il tarixli sadə yazılı borc müqaviləsi üzrə isə 1500 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun Cavabdeh oğlu ilə normal münasibəti yaranmış, o, 2019-cu ilin avqust ayında ona müraciət edərək pul lazım olduğunu və ona kömək etməyisini xahiş etmişdir. O, Cavabdeh oğluna 8000 manat məbləğində notarial müqavilə əsasında borc pul vermiş və bu məqsədlə elə həmin tarixdə də kredit müqaviləsi bağlanılmış və həmin müqavilə Gəncə Asan Xidmət Mərkəzinin xüsusi notariusu Məhərrəm Talıbov tərəfindən təsdiqlənilmişdir. Bu müqaviləyə əsasən Cavabdeh oğlu ondan aldığı pulu 09.08.2021-ci il tarixdə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin ödəniş müddətinin bitmə tarixindən keçməsinə baxmayaraq cavabdeh könüllü şəkildə pulu ödəməmişdir. Cavabdeh oğluna 8000 manat məbləğində pulu verdikdən 5 gün sonra yəni 14 avqust 2019-cu il tarixdə əlavə olaraq 2000 manat məbləğində borc pul vermiş, lakin həmin məbləği kredit müqaviləsi şəklində vermədiyindən aralarında borc müqaviləsi baş tutmuş və ona aldığı 2000 manat məbləğində pulu da 8000 manatla birgə qaytaracağını bildirmişdir. Sözügedən 2000 manat məbləğində pulu almağına dair onda olan 09 avqust 2019-cu il tarixli müqavilədə qeyd də aparılmışdır. Cavabdeh aldığı 2000 manat borcdan cəmi 500 manat məbləğində pul qaytarmışdır. Hələ də o, cavabdehə verdiyi pulları ala bilmir və məcbur qalıb hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, əlavə olaraq bildirdi ki, cavabdeh onun qardaşının tanışıdır. 2019-cu ilin avqustunda cavabdeh ona müraciət edərək avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olduğunu, əlində maya olarsa yüksək qazanc əldə edəcəyini bildirib ondan 10 000 manat borc istəmişdir. Cavabdeh ona söz vermişdir ki, ona borc verərsə borcunu qaytarmaqdan əlavə ona borc tam qaytarılana qədər hər ay 400 manat pul ödəyəcəkdir. O da cavabdehlə razılaşmışdır. 09 avqust 2019-cu il tarixdə onlar notariusa gedərək borc müqaviləsi bağlamış, həmin vaxt əlində 8000 manat olduğu üçün cavabdehə 8000 manat vermişdir. Bundan bir neçə gün sonra, yəni 14 avqust 2019-cu il tarixdə isə cavabdehə 2000 manat pul vermişdir. Eyni zamanda cavabdehin şəriki olan Rahim Babayevi də tanımışdır. Cavabdeh ilk aylarda verdiyi sözə əməl edərək ona hər ay əldə etdiyi qazancdan pul vermişdir. Cavabdeh birinci ay 320 manat, sonrakı altı ay isə hər ay 400 manat pulu ona qazancdan xeyir kimi vermişdir. Bundan sonra isə cavabdeh pandemiyanı bəhanə edərək işləmədiklərini bildirmiş və razılaşmanın şərtlərini pozaraq ona heç bir pul ödəməmişdir. O, pandemiyanın bitməsini gözləmiş, lakin cavabdeh öz vədinə əməl etməmişdir. Bundan sonra o, cavabdehdən borcunun qaytarılmasını tələb etmişdir. Cavabdeh və onun şəriki Rahim ona 2020-ci ilin avqust ayından sonra borcdan hissə-hissə ümumilikdə 3000 manat pul qaytarmışdır. Cavabdehin qazancdan xeyir kimi ona ödədiyi məbləğin borcun icrasına hesablanmasını qəbul etmir. Əgər cavabdeh ona belə söz verməsə idi, ümumiyyətlə ona borc verməzdi. Buna görə də iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh oğlu iddianı qəbul etməyərək, bildirdi ki, o və dostu Rahim Babayev avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olurlar. O, işə başlamaq üçün pul lazım olduğundan iddiaçıya müraciət etmiş və ondan 10 000 manat borc istəmişdir. Onların arasında heç bir qohumluq və ya dostluq münasibəti yoxdur. İddiaçıya demişdir ki, ehtiyat hissələrinin satışından yaxşı qazanc əldə edəcək və borcun qaytarılmasından əlavə olaraq borcu qaytaranadək ona hər ay 400 manat pul ödəyəcəkdir. İddiaçı da onunla razılaşmış və əvvəlcə notarial qaydada bağlanmış borc müqaviləsi üzrə ona 8000 manat, bundan bir neçə gün sonra isə 2000 manat pul borc vermişdir. Borcun iki il ərzində qaytarılmasını razılaşdırmışlar. Bundan sonra o, iddiaçıya birinci ay 320 manat, sonrakı on üç ay ərzində isə hər ay 400 manat pul vermişdir. Daha sonra işləri yaxşı olmadığı üçün ödəniş edə bilməmişdir. 2020-ci ilin avqust ayında iddiaçı ondan borcunu qaytarmasını tələb etmiş, bundan sonra iddiaçıya hissə-hissə 3000 manat pul ödəmişdir. Əvvəlki aylarda 400 manatdan ödədiyi pulları iddiaçıya qazancdan xeyir kimi versə də hesab edir ki, həm müqavilədə nəzərdə tutulmadığına, həm də hazırda maddi vəziyyəti yaxşı olmadığı üçün həmin məbləğlər borcun qaytarılmasına hesablanmalıdır. İddiaçıya pulları həm özü, həm də şəriki Rahim Babayev vermişdir. Həmin pulları verməsinə dair hər hansı qeydlər aparmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, o, Cavabdeh oğlu ilə birlikdə avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olur. Pərvin 8000 manat pul qoyaraq ona şərik olmuşdur. Həmin pulu Pərvin İsmayıldan borc almışdır. Onlar hər ayın sonunda xərclərini çıxdıqdan sonra qalan pulu öz aralarında bölür, Pərvin özünə düşən hissədən İsmayıla hər ay 400 manat pul verirdi. İsmayıl ona yaxın ərazidə yaşadığı üçün çox vaxt pulu özü aparıb vermişdir. İsmayıla ümumilikdə nə qədər pul verməsini dəqiq bilmir. Eyni zamanda Pərvinin həmin pulu borcdan qaytarmasını, yoxsa İsmayıla qazancdan xeyir kimi verməsini də bilmir. Məhkəmə tərəflərin izahatlarını və şahidin ifadəsini dinləyib iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 09.08.2019-cu il tarixli kredit müqaviləsindən məlum olur ki, İddiaçı Cavabdeh oğluna faizsiz olaraq 8000 manat məbləğində borc vermiş, Cavabdeh oğlu isə həmin pulu 09.08.2021-ci il tarixə qədər geri qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, notarial qaydada təsdiq edilmiş borc (kredit) müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh oğluna 8000 manat borc pul verilmişdir. 14 avqust 2019-cu il tarixdə isə şifahi borc müqaviləsinə əsasən iddiaçı cavabdehə 2000 manat borc pul vermişdir. Borcun iki il ərzində qaytarılması şərtləşdirilmişdir. Cavabdeh borcu alarkən iddiaçıya borcun qaytarılmasından başqa hər ay 400 manat pul ödəyəcəyini bildirmişdir. Cavabdeh müqavilə şərtlərini pozaraq öhdəliyi tam və vaxtında icra etməmişdir. Cavabdeh borcdan hər hansı məbləği qaytarması ilə bağlı sübut təqdim etməmişdir. Bununla yanaşı iddiaçı cavabdehin borcundan 3000 manatını qaytardığını bildirmişdir. Qeyd olunanlar tərəflərin hər ikisinin qəbul etdiyi və işin mübahisələndirilməyən hallarıdır. Tərəflər arasında mübahisə doğuran məqam cavabdehin borcu aldıqdan sonra ilk aylarda ödədiyi məbləğin miqdarı və həmin məbləğin öhdəliyin icrasına hesablanıbhesablanmaması ilə bağlıdır. İddiaçı cavabdehin ona ilk aylarda 2720 (320+400x6) manat qazancdan xeyir kimi verdiyini, cavabdeh isə bu məqsədlə 5520 (320+400x13) manat pul ödədiyini bildirmişdir. İddiaçı hesab edir ki, cavabdehin ona qazancdan xeyir kimi ödədiyi məbləğ borcun qaytarılmasına hesablana bilməz, çünki cavabdehlə şifahi razılaşmalarına ziddir. Əgər cavabdeh ona qazancdan xeyir verəcəyini deməsə idi, ümumiyyətlə ona borc verməzdi. Cavabdeh isə hesab edir ki, pulu şifahi razılaşmalarına əsasən qazancdan xeyir kimi ödəsə də yazılı müqavilədə həmin məbləğin ödənilməsi nəzərdə tutulmadığından və maddi vəziyyəti yaxşı olmadığından həmin məbləğ də borcun qaytarılmasına hesablanmalıdır. İlk növbədə qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan cavabdeh iddiaçıya hər hansı məbləğdə pul ödəməsi barədə sübut təqdim etmədiyindən iddiaçının qəbul etdiyi məbləğ, yəni 2720 manat məbləğdə pulun iddiaçıya cavabdeh tərəfindən qazancdan xeyir kimi verilmiş olması təsdiq edilmiş hesab olunmalıdır. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən həmin məbləğ borc öhdəliyinin icrasına yönələn məbləğ hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Qeyd olunan normalardan göründüyü kimi öhdəliklərin icrası zamanı tərəflər vicdanla hərəkət etməlidir. Öhdəliyin icra edilməsi zamanı borclu kreditordan icranı təsdiq edən sənəd tələb etmək hüququna malik olduğu üçün öhdəliyin icra edilməsini sübuta yetirmək yükü borclunun üzərinə düşür. Eyni zamanda kreditorun öhdəliyin icrasını təsdiq etmək və ya etməmək hüququ da vardır. Burada öhdəliyin icrası kimi təklif edilmiş hərəkəti qəbul etdiyi zaman kreditorun üzərinə həmin hərəkətin icra edilməli öhdəlik olmadığını sübut etmək vəzifəsi qoyulur. Tərəflərin izahatlarından da göründüyü kimi cavabdehin iddiaçıya borc aldıqdan sonra ilk aylarda ödədiyi 2720 manat məbləğ borc öhdəliyinin icrası kimi yox, cavabdehin iddiaçıdan borc alarkən ona hər ay xeyir kimi ödəyəcəyini söz verdiyi puldur. Belə bir razılaşma olmasa idi, ümumiyyətlə iddiaçı cavabdehə borc verməzdi. İddiaçı həmin məbləği qəbul edərkən də borc pulun qaytarılması kimi qəbul etməmişdir. Bu fakt cavabdehin izahatı ilə də təsdiq olunur və cavabdeh nə ödədiyi pul məbləği barədə, nə də həmin məbləğin borcun qaytarılması kimi ödənilməsi barədə sübut təqdim etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin aldığı 10 000 manat borcdan yalnız 3000 manat hissəsini iddiaçıya qaytarması sübuta yetirilmişdir. Buna görə də iddia qismən təmin edilməli və cavabdehdən 7000 manat məbləğində pul tutulub iddiaçıya verilməlidir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumundan ibarətdir. İddia qismən təmin olunduğundan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 20 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh oğlundan 7000 (yeddi min) manat məbləğində borc və dövlət rüsumunun əvəzi qismində 20 (iyirmi) manat olmaqla ümumilikdə 7020 (yeddi min iyirmi) manat məbləğində pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar