Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-343/2021 16.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, cavabdehdən 3000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o “Ayxan Finans” Lombardında işləyir, Natalya Petrovna həmin lombarddan bir neçə dəfə borc almış və lombardın müştərisi olmuşdur. Üç ildir ki, cavabdehi tanıyır, müəllim olduğu üçün onu müsbət xarakterizə etmişdir. 2020-ci ilin aprel ayında cavabdeh ona yaxınlaşaraq ondan 3000 manat borc pul istəmiş, o da cavabdehə həmin məbləğdə borc pul vermişdir. Cavabdeh öz əli ilə qəbz yazaraq borcu üç ay sonra qaytaracağını bildirmişdir. Üç ay keçdikdən sonra cavabdehdən pulunu tələb etmiş, cavabdeh isə borcunu qaytarmaqdan imtina etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, əlavə olaraq bildirdi ki, dəfələrlə mübahisənin məhkəmədən kənar həll edilməsinə cəhd etsə də, cavabdeh onun pulunu qaytarmaqdan imtina etmişdir. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh izahatında bildirdi ki, həqiqətən də iddiaçıdan 2020-ci ilin aprel ayında şəxsi ehtiyacları üçün 3000 manat borc almış və xx.xx.2020-ci il tarixdə öz əli ilə rus dilində qəbz yazaraq borcu üç ay ərzində qaytaracağını bildirmişdir. Lakin həmin borcu birdəfəlik ödəməyə maddi imkanı yol vermir. Buna görə də iddiaçıya borcu hissə-hissə ödəyə biləcəyini desə də iddiaçı onunla razılaşmayıb. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli rus dilində yazılmış və Cavabdeh öz əli ilə yazdığını bildirdiyi qəbzdən məlum olur ki, Cavabdeh İddiaçı 3000 manat pul borclu olduğunu və həmin borcu üç ay ərzində qaytaracağını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə baxışında müəyyən edildi ki, tərəflər arasında 2020-ci ilin aprel ayında şifahi borc müqaviləsi bağlanılaraq iddiaçı cavabdehə 3000 manat pulu borc vermişdir. Borc məbləği üç min manatdan artıq olmadığından həmin müqavilənin şifahi bağlanmasına maneə yoxdur. Cavabdeh xx.xx.2020-ci il tarixdə borcunu üç ay ərzində qaytaracağına söz versə də borcu qaytarmamışdır. Buna görə də iddiaçı pulun qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumundan ibarətdir. İddia tam təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216- 220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh şifahi borc müqaviləsinə əsasən borclu olduğu 3000 (üç min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-343/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-343/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver