Məhkəmə qərarları › İş №2(043)-3434/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3434/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3434/2021 14.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması və fərdi yaşayış evinin boşaldılması” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinə dair məsələyə baxaraq, müəyyən etdi: İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, cavabdehlərin evdən istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri öyrənərək hesab edir ki, iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia tələbi ipoteka ilə təmin edilmiş borc öhdəliyinin icra edilməməsindən irəli gəlir. Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında 22 iyul 2019-cu il tarixli kredit müqaviləsi və həmin müqavilə üzrə öhdəliyin icrasının təmin edilməsi üçün bank ilə Cavabdeh1, eləcə də bank ilə Cavabdeh2 arasında 22 iyul 2019-cu il tarixli ipoteka müqavilələri bağlanmışdır. 17 iyul 2021-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə Cavabdeh1 və Cavabdeh2 bildiriş verilmiş və 22 iyul 2021-ci il tarixdə həmin bildirişlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsində qeydə alınmışdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. 28 dekabr 2018-ci il tarixdən qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 38.1-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Beləliklə məhkəmə qeyd edir ki, iddia tələbində göstərilən kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı ilə ipotekaqoyan cavabdehlər arasında olan ipoteka müqavilələri 22 iyul 2019-cu il tarixdə bağlandığından, 28 dekabr 2018-ci il tarixdən qüvvədə olan İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə uyğun olaraq həmin ipoteka müqavilələrinə isnad edilərək ipoteka predmetlərinə tutmanın yönəldilməsi yalnız notariusun icra qeydi əsasında həyata keçirilə bilər. Qeyd edilən qanunvericilik normasında ipoteka predmetinə tutmanın yönəldilməsi bildirişin verilməsi, qeydə alınması, və bildiriş alındıqdan sonra 21 gün ərzində tutmanın yönəldilməsindən məhkəməyə şikayət edilmədikdə notairusun icra qeydinin verilməsi prosedurlarından ibarətdir. Qanunvericilikdə bu qaydanın istisnası və ya ipoteka saxlayanın hər hansı seçim hüququ, o cümlədən ipoteka saxlayanın müraciəti əsasında məhkəmə tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi qaydası müəyyən edilməmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi yalnız İpoteka haqqında Qanunun 37.1-ci maddəsində göstərilmiş şəxslər tərəfindən məhkəmədə mübahisə edilə bilər. Buna görə də hazırkı iddia ərizəsi məhkəmə tərəfindən icraata qəbul edilə və baxıla bilməz. İddiaçıya izah olunur ki, İpoteka haqqında Qanunun 36-38-ci maddələri ilə nəzərdə tutulmuş qaydalara riayət etməklə ipoteka predmetinə tutmanın yönəldilməsi məqsədilə icra qeydinin verilməsi üçün müvafiq notariusa müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, cavabdehlərin evdən istifadə hüquqlarına xitam verilməsi və fərdi yaşayış evinin boşaldılması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun. İddiaçıya iddia ərizəsində göstərdiyi məsələ ilə bağlı müvafiq notariusa müraciət etməli olduğu izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar