Məhkəmə qərarları › İş №2(043)-3443/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3443/2021

11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3443/2021 11.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 ona borclu olduğu 2027 manat pulun və dövlət rüsumu hesabına ödədiyi 30 (otuz) manat pulun, cəmi 2057 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, elektriklə işləyən məişət avadanlıqları satmaqla kiçik sahibkarlıqla məşğul olur və vergi ödəyicisidir. Cavabdehi də həmin vaxt tanımışdır. Cavabdeh Zülfıyyə Quliyeva aralarında olan 17 iyul 2020-ci il tarixli nisyə satış müqaviləsinə əsasən Artel markalı smart 82 dioqanal televizoru 480 manata satmışdır. Həmin müqavilə üzrə ilkin ödəniş olmamışdır. Həmin borcunu cavabdeh 12 ay ərzində 40 manat olmaqla qaytarmağı öhdəliyinə götürmüşdür. Borcundan 320 manat ödəniş etmiş 160 manat borcu qalmışdır. 17 iyul 2020-ci il tarixdə nisyə satış müqaviləsinə əsasən cavabdehə həmçinin Redmi Note 9 markalı telefonu 746 manata satmışam. Həmin müqavilə üzrə cavabdeh ilkin ödəniş olaraq 50 manat ödəniş etmişdir. Qalan borcu 716 manat pulu isə aylıq 58 manat olmaqla 12 ay ərzində qaytarmalı idi. Həmin borcdan 464 manat ödəniş etmiş, 232 manat isə borcu qalmışdır. 17 avqust 2020-ci il tarixdə nisyə satış müqaviləsinə əsasən cavabdehə Samsung A 11 markalı telefonu 676 manata satmışdır. Həmin müqavilə üzrə cavabdeh ilkin ödəniş olaraq 40 manat ödəniş etmişdir. Qalan borcu 636 manat pulu isə aylıq 53 manat olmaqla 12 ay ərzində qaytarmalı idi. Həmin borcdan 371 manat ödəniş etmiş, 265 manat isə borcu qalmışdır. 27 oktyabr 2020ci il tarixdə nisyə satış müqaviləsinə əsasən cavabdehə həmçinin Redmi Note 9 128Gb markalı telefonu 744 manata satmışam. Həmin müqavilə üzrə cavabdeh ilkin ödəniş etməyib. Müqaviləyə əsasən cavabdeh manat 12 ay müddətində 62 manat olmaqla pulu qaytarmalı idi. Həmin borcdan cavabdeh 62 manat ödəniş etmiş, 682 manat isə borcu qalmışdır. 27 noyabr 2020-ci il tarixdə nisyə satış müqaviləsinə əsasən cavabdehə həmçinin Redmi Note 9 pro 64Gb markalı telefonu 852 manata satmışam. İlkin ödəniş olmayıb. Cavabdeh 12 ay ərzində 71 manat olmaqla ödəniş etməli idi. Həmin borcdan cavabdeh 164 manat ödəniş etmiş, 688 manat isə borcu qalmışdır. Beləliklə cavabdehin ona cəmi 836 manat borcu yaranmışdır. İndiyə qədər dəfələrlə cavabdehdən borcunu ödəməyi tələb etsə də buna heç bir məhəl qoymur. O isə məcbur qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, Cavabdeh maaşı köçdükdə, qardaşı Azər zəng edib demişdir ki, “müəyyən qədər pul köçüb və filan hissəsini tuturuq”. Hər ay cavabdehə məlumat verilmişdir. Qiyməti razılaşıb aya bölürlər qiyməti ümumi göstərmirlər. Telefonlar fərqli mağazalara satılmışdır. Cavabdeh yeznəsi ilə birlikdə gəlib telefonları götürmüşdür. 2020ci ilin iyul ayında kartı vermişdir. 2021-ci ilin mart ayında pensiya kəsilmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, mağaza ona məxsusdur, qardaşı həmin mağazada satıcı kimi işləyir. Məhkəmə iclasında Cavabdeh ifadə verərək bildirdi ki, Tovuz rayonunda kirayədə qalır və həmin ünvanı bilmir. O, iddia ərizəsində gösətirilən elektrik avadanlıqlarını nisyə olaraq İddiaçı qardaşından götürmüş, öz pensiya kartını iddiaçıya vermişdir. Hər ay pensiya kartına 230 manat məbləğində pul köçmüşdür və onlarda pensiyadan kartından pulu çıxarmışlar. “Artel TV Smart 82D” markalı televizoru 12 ay ödəniş cədvəli üzrə hər ay 40 manat olmaqla, cəmi 480 manata, “Redmi Note 9” markalı telefonu 12 ay ödəniş cədvəli üzrə hər ay 58 manat (ilkin ödəniş 50 manat) olmaqla, cəmi 746 manata, 17.08.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən “Samsung A 11” markalı telefonu ilkin ödəniş 40 manat ödəməklə, 12 ay ödəniş cədvəli üzrə hər ay 53 manat, cəmi 676 manata, 27.10.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı “Redmi Note 9 128Gb” markalı telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 62 manat olmaqla, cəmi 744 manata, 27.11.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı “Redmi Note 9 pro 64Gb” markalı telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 71 manat olmaqla cəmi 852 manata almışdır. Həmin telefonları özü və iki uşağı üçün almışdır. Sonradan maddi imkanı olmadığı üçün telefonları satmışdır. Onun kartından hissə-hissə pul tutulmuşdur. İddianın təmin edilməsinə etiraz etmir. Odur ki, borcunun hissə-hissə ödənilməsi üçün köməklik edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş, Tovuz rayonu İHB-nın Bozalqanlı kənd İƏD-nin nümayəndəsinin 06.09.2021-ci il tarixli, 555 nömrəli arayışından görünür ki, İddiaçı Tovuz rayonu Bozalqanlı kəndində yaşayır. İş materiallarına əlavə edilmiş fiziki şəxsin sahibkarlıq uçotu haqqında Şəhadətnamədə (vöen **********) İddiaçı fiziki şəxs, ünvanı ünvan 2lə Cavabdeh arasında bağlanmış 17.07.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqavilələrinə əsasən, sonuncu, aldığı “Artel TV Smart 82D” markalı televizora görə 12 ay ödəniş cədvəli üzrə hər ay 40 manat olmaqla, cəmi 480 manat və “Redmi Note 9” markalı telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 58 manat (ilkin ödəniş 50 manat) olmaqla, cəmi 746 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə sadə yazılı formada tərtib edilmiş və müqavilə iştirakçıları tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş, satıcı ilə Cavabdeh arasında bağlanmış 17.08.2020ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Samsung A 11” markalı telefona görə ilkin ödəniş 40 manat ödəməklə, 12 ay ödəniş cədvəli üzrə hər ay 53 manat olmaqla, cəmi 676 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə sadə yazılı formada tərtib edilmiş və müqavilə iştirakçıları tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş, satıcı ilə Cavabdeh arasında bağlanmış 27.10.2020ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Redmi Note 9 128Gb” markalı telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 62 manat olmaqla, cəmi 744 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə sadə yazılı formada tərtib edilmiş və müqavilə iştirakçıları tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş, satıcı ilə Cavabdeh arasında bağlanmış 27.11.2020ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Redmi Note 9 pro 64Gb” markalı telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 71 manat olmaqla, cəmi 852 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə sadə yazılı formada tərtib edilmiş və müqavilə iştirakçıları tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, 17 iyul 2020-ci il tarixli nisyə satış müqaviləsinə əsasən “Artel” markalı smart 82 dioqanal televizor üzrə qalıq borc 160 manat; 17 iyul 2020-ci il tarixdə nisyə satış müqaviləsi üzrə “Redmi Note 9” markalı telefon üçün qalıq borc 232 manat; 17 avqust 2020-ci il tarixdə nisyə satış müqaviləsi üzrə “Samsung A 11” markalı telefon üçün 265 manat; 27 oktyabr 2020-ci il tarixdə nisyə satış müqaviləsi üzrə “Redmi Note 9 128Gb” markalı telefon üçün 682 manat; 27 noyabr 2020-ci il tarixdə nisyə satış müqaviləsi üzrə “Redmi Note 9 pro 64Gb” markalı telefon üçün 688 manat borcu qalmışdır. Cavabdeh ödənilməyən borcu ümumilikdə 2027 (iki min iyirmi yeddi) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında nisyə alqı-satqı müqavilələri bağlanmış, satıcı öz üzərinə düşən öhdəliyini yerinə yetirmiş və elektrik avadanlıqlarını cavabdehin sahibliyinə vermiş, cavabdeh isə öz üzərinə düşən öhdəliklərini yerinə yetirməyərək, ödəniş cədvəllərində göstərilən müddətdə və məbləğdə pulu satıcıya ödəməmişdir. Məhkəmə, eyni zamanda, qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Bu səbəbdən də, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməli, nisyə alqı-satqı müqavilələri üzrə 2027 manat borc pul və məhkəmə xərci qismində 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2027 manat borc və məhkəmə xərci qismində 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 2057 (iki min əlli yeddi) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar