Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3449/2021 19.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsəsi Cavabdeh iddiaçının xeyrinə 447,26 manat əsas borcun, ödənilmiş 20 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin «Gəncə» filialı ilə X5 arasında bağlanmış 18.07.2016-cı il tarixli, 4-18.07.2016-SM0169 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 36 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə hesablanmaqla, 1800 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 12.2-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 14.01.2019-cu il tarixdə vəfat etmişdir. Gəncə Regional «ASAN xidmət» mərkəzində Notariat Ofisinin 30.04.2021-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın «Gəncə» filialı tərəfindən təqdim edilmiş 07.07.2021-ci il tarixli maliyyə arayışına əsasən, X5 vəfat etdiyi tarixə Banka ödənilməmiş 447,26 manat əsas borcu qalmışdır. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında bilirdi ki, mərhum anası X3 "xxxx" ASC qarşısında pul öhdəliyi olmuşdur. Lakin, anasının həyat sığortası olduğundan, onun ölümündən sonra Bank qarşısında ödəməli olduğu borc məbləğini sığorta şirkəti ödəməli idi. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən və kassa məxaric orderindən görünür ki, "xxxx" ASC ilə X5 arasında 18.07.2016-cı il tarixli, 4-18.07.2016-SM0169 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 36 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 1800 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, X3 18.07.2016-cı il tarixli kredit müqaviləsi üzrə borcu – 447,26 manat təşkil edir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X5 14.01.2019-cu il tarixdə “dəqiqləşdirilməmiş kəskin böyrək çatışmazlığı” xəstəliyi səbəbindən ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsi Gəncə Regional «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən verilmiş 3077 nömrəli 05.10.2021-ci il tarixli məktubdan görünür ki, X2 miras qalmış əmlaka dair Gəncə Regional «ASAN xidmət» mərkəzində 1 saylı notariat ofisində V-642/2019 saylı vərəsəlik işi açılmış, Cavabdeh 11.07.2019-cu il tarixli, 2V-1044 saylı reyestrdə qeydə alınan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında 11.07.2019-cu il tarixli şəhadətnaməsinə əsasən 14.01.2019-cu tarixdə ölmüş X3 vərəsəsi Cavabdeh miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" ASC tərəfindən 05.07.2019-cu il tarixdə verilmiş YGNF 1297/19 nömrəli məktuba əsasən Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» AR Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına və AR-ın Maliyyə Bazarlarına Nəzarət Palatasının 27.03.2009-cu il tarixli ********** nömrəli qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydası»na əsasən miras qoyan X3 adına qalan 136,33 manat məbləğdə kompensasiya olaraq hesablanmış pul vəsaitindən ibarətdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən Cavabdeh 08.06.2021-ci il tarixdə banka olan borcun ödənilməsi, əks təqdirdə müqavilənin vaxtından əvvəl ləğv edilməsi və borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə mərhum X5 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən cavabdehə 1800 manat kredit verilmişdir. Lakin, Qəribə Zeynalova müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında 447,26 manat məbləğdə icra edilməmiş pul öhdəliyi qalmışdır. Onun həmin məbləğdə icra edilməmiş pul öhdəliyinin olması, borcun düzgün hesablandığı iddiaçının təqdim etdiyi sübutlar əsasında müəyyən edilir. Qəribə Zeynalova 14.01.2019-cu il tarixdə ölmüşdür. Qəribə Zeynalova öldükdən sonra onun oğlu – hazırki iş üzrə Cavabdeh miras qoyanın qanun üzrə vərəsəsi kimi ondan miras qalmış əmlakı – miras qoyana kompensasiya şəklində ödənilməli olan 136, 33 manat pul vəsaitini rəsmi qaydada qəbul etmiş və bu barədə onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04.06.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, mərhum X3 ölümündən sonra ondan qalmış mirası qanun üzrə vərəsələrindən yalnız oğlu – Cavabdeh qəbul etdiyindən və miras əmlak cəmi 136,33 manat pul vəsaitindən ibarət olduğundan, cavabdeh həmin məbləğ həddində mərhum anasının öhdəliklərinə görə cavabdehlik daşıyır. Odur ki, iddia qismən təmin edilməli, 136,33 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və bank xərci də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 136,33 manat (yüz otuz altı manat otuz üç qəpik) pul vəsaiti və ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzi 6,21 manat (altı manat iyirmi bir qəpik) pul vəsaiti alınaraq "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-3449/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3449/2021
19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver