Məhkəmə qərarları › İş №2(043)-3468/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3468/2021

19.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3468/2021 19.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı qızının və Cavabdeh iştirakı ilə, İddiaçı qızının Cavabdeh oğluna qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı qızı Cavabdeh oğluna qarşı “alimentin artırılması” tələbinə dair iddia qaldıraraq, cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq 06.09.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin Cavabdeh oğlundan onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Goranboy Rayon Məhkəməsinin 08.06.2017-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 29.01.2015-ci il tarixli, qətnaməsi əsasında cavabdeh birgə nikahlarından doğulmuş 06.09.2008-ci il təvəllüdlü X2 saxlanılması üçün 100 manat məbləğində aliment ödəyir. Hazırda Ömərin 13 yaşı var, orta məktəbdə oxuyur və tələbatları getdikcə çoxalır. Məhkəmənin qətnaməsi ilə təyin olunmuş aliment isə uşağın tələbatlarının ödənilməsi üçün yetərli deyil. O, uşağın bütün qayğısı ilə maraqlanır, tələbatlarını ödəməkdə çətinlik çəkir. Uşaq böyüdükcə tələbatı və qayğıları artsa da cavabdeh heç bir qayğı və diqqət göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəməkdə çətinlik çəkir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, onun maddi imkanı yaxşı deyil, kirayədə yaşayır. İkinci dəfə ailə qurmuş və həmin nikahdan iki övladı var. Hazırda 100 manatdan daha artıq miqdarda aliment ödəmək iqtidarında deyildir. Odur ki, iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli, 2(043)-363/2015 nömrəli qətnaməsinin surətindən görünür ki, 19.12.2014-cü il tarixdən etibarən Cavabdeh 06 sentyabr 2008-ci il təvəllüdlü Ömərin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı İman qızına ödənilməsi qət edilmişdir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 09 sentyabr 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı və Cavabdeh mediator tərəfindən keçirilən “ilkin mediasiya sessiyası”nda iştirak etmişlər. Tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər və İddiaçı İman qızı ilkin mediasiya sessiyasının keçirilməsi üçün mediasiya xidmətinin göstərilməsinə görə 50 manat məbləğində xərci tam ödəmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 06.09.2008-ci il təvəllüdlü X2 valideynləri-atası Cavabdeh, anası İddiaçıdır. Nikah haqqında şəhadətnamənin və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh ilə X5 24.04.2018-ci il tarixdə nikaha daxil olmuş, nikahlarından 28.04.2018-ci il tarixdə X3 və 12.11.2019-cu il tarixdə X4 adlı iki uşaqları doğulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2021-cu il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli, 2(043)-365/2015 saylı qətnaməsindən keçən dövr ərzində ölkə üzrə yaşayış minimumundakı artım məbləğini əsas gətirərək hesab edir ki, qeyd olunanlar iddiaçının maddi vəziyyətində dəyişiklik kimi qiymətləndirilməlidir. Belə ki, yaşayış minimumu istehlak səbəti əsasında müəyyən edilir və zəruri ərzaq və xidmətlərin qiymətinə görə müəyyən edilir. Bu baxımdan yaşayış minimumunun artması ərzaq və xidmətlərin qiymətinin artması ilə birbaşa bağlıdır. Yaşayış minimumu artdığı halda alimentin miqdarının dəyişməməsi uşağın əvvəlki yaşayış səviyyəsinin təmin olunmamasına gətirib çıxarır. Uşağın əvvəlki yaşayış səviyyəsinin saxlanılmasının təmin edilməsi isə valideynin vəzifəsidir. Cavabdeh başqa nikaha daxil olmasını və həmin nikahdan iki uşağının olmasını əsas gətirərək alimentin miqdarının artırılmasına etiraz etsə də məhkəmə etirazın bu dəlili ilə qismən razılaşmır. Belə ki, cavabdehin ailə vəziyyətindəki bu dəyişiklik onun üçün yüksək miqdarda aliment ödəməyi çətinləşdirən hal olsa da məhkəmənin əvvəlki qətnaməsi ilə təyin edilmiş aliment hər hansı yüksək məbləğ yox, uşağın minimal dolanacaq xərclərinin ödəniləcəyi miqdardır. Məhkəmə hesab edir ki, valideynin başqa nikahdan uşaqlarının olmasını əsas gətirərək əvvəlki uşağının minimal dolanacaq xərclərini ödəməsindən imtina etməsi yolverilməzdir. Alimentin iddiaçı tərəfindən tələb olunduğu kimi 200 manat miqdarında müəyyən edilməsi üçün əlavə əsaslar (cavabdehin gəlirlərinin artması, əmlak vəziyyətinin dəyişməsi və s.) müəyyən edilmədiyindən cavabdehin hazırkı maddi və ailə vəziyyəti və uşağın maddi təminatının əvvəlki səviyyəsinin mümkün qədər maksimal saxlanılması nəzərə alınmaqla iddia qismən təmin olunmalı, 06.09.2008-i il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməli və bu miqdarda alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8- 2/2016 saylı Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. İş üzrə məhkəmə xərci ödənilməli olan dövlət rüsumundan və mediasiya xərcindən ibarətdir. İddiaçının tələbi alimentin alınması ilə bağlı olduğundan iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edilmişdir. İddianın qiyməti aylıq ödəmənin artırılması tələb edilən məbləğin bir illik məcmusu ilə müəyyən edildiyindən və bu məbləğ 500 manatdan artıq olduğundan, iddiaçının ödənilməsindən azad edildiyi 30 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 15 manat hissəsi Cavabdeh oğlundan tutulub dövlət büdcəsinə keçirilməlidir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Qeyd olunan normanın tələbinə uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin 25 manat hissəsi Cavabdeh oğlundan tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli, 2(043)- 363/2015 saylı qətnaməsi ilə 06.09.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı artırılsın. 06.09.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləği ilə 150 (bir yüz əlli) manat aliment Cavabdeh tutularaq İddiaçı qızına ödənilsin. Artırılmış aliment məbləği qətnamə qanuni qüvvəyə mindiyi tarixdən tutulsun. Cavabdeh oğlundan mediasiya xərcinin əvəzi qismində 25 (iyirmi beş) manat pul tutularaq İddiaçı qızına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh oğlundan 15 (on beş) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilmədikdə qətnamənin qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar