Məhkəmə qərarları › İş №2(043)-3474/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3474/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3474/2021 26.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, məhkəmə iclas katibi Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iki müqavilə üzrə 3550 manat borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3580 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış 12.07.2020-ci il tarixli müqaviləyə əsasən sonuncunun alqı-satqı qiyməti 2815,2 manat (24 ay x 117,3 manat + 0 manat ilkin ödəniş ) “Gree” və “Hoffman Mrac” markalı 2 ədəd kondisioner üçün 2503 manat ödənilməmiş hissə, 386 manat dəbbə pulu, cəmi 2889 manat borcu vardır. Cavabdehin, "xxxx" MMC ilə 24.07.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 513 manat (12 ay x 42,5 manat + 3 manat ilkin ödəniş), İMEİ kodu **********22515 “Huaweı Y6s”, İMEİ kodu **********86551 “Nokia 125” markalı 2 ədəd telefon üçün 510 manat ödənilməmiş hissə , 151 manat dəbbə, cəmi 661 manat borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 315,2 manat təşkil edir. Tərəflər arasında tərtib olunmuş müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdehnın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 12.07.2020-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan ümumi qiyməti 2815,2 manat olan “Gree” və “Hoffman” Mrac markalı 2 ədəd kondisioneri nisyə qaydada almış, ilkin ödəniş etmədən ayda 117,3 manat olmaqla, 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 24.07.2020-cu il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan ümumi qiyməti 513 manat olan İMEİ kodu **********22515 “Huaweı Y6s”, İMEİ kodu **********86551 “Nokia 125” markalı 2 ədəd telefonu ilkin 3 manat ödəniş etmək şərti ilə nisyə qaydada almış, malın qalıq dəyərini ayda 42,5 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 12.07.2020-ci il tarixli müqavilə üzrə əsas məbləğdən 312,2 manat ödəmiş, 2503 manat borcu qalmışdır. Ödənişlərin 330 gün gecikdirilməsinə görə 386 manat dəbbə pulu hesablanmışdır. 24.07.2020-cu il tarixli müqavilə üzrə əsas məbləğdən 3 manat ödəmiş, 510 manat borcu qalmışdır. Ödənişlərin 360 gün gecikdirilməsinə görə 151 manat dəbbə pulu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə baxışında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdeh iddiaçıdan aldığı mal və xidmətlərin ümumi dəyərindən yalnız 315,2 manat ödəmişdir. Buna görə də məhkəmə müqavilə üzrə cavabdehdən aldığı mal və xidmətlərin dəyərinin qalığı qismində 3013 manat pulun tutulmasını əsaslı hesab edir. Məhkəmə cavabdehin maddi vəziyyətini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq, borc məbləğinə nəzərən tənasübsüz sürətdə yüksək olan dəbbə pullarının miqdarının azaldılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıya münasibətdə icra edilməmiş öhdəliyə nəzərən hesablanmış dəbbə pulunun miqdarı tənasübsüz dərəcədə yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 12.07.2020-ci il tarixli müqavilə üzrə dəbbə pulu azaldılmalı və 80 manat məbləğində, 24.07.2020-cu il tarixli müqavilə üzrə 30 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, iki müqavilə üzrə 3013 manat ödənilməmiş hissə, 110 manat cərimə və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 12.07.2020-ci il tarixli müqavilə üzrə 2503 manat ödənilməmiş hissə, 80 manat dəbbə pulu, 24.07.2020-ci il tarixli müqavilə üzrə 510 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu olmaqla, ümumilikdə 3123 (üç min yüz iyirmi üç) manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar