Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3493/2020 29.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh 7000 manat pulun və 30 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ondan 7000 manat pulu dələduzluq yolu ələ keçirmiş, onun barəsində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli l(044)-39/15 nömrəli ittiham hökmü çıxarılmış və o, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci, 178.2.3-cü və 178.2.4-cü maddəsi ilə 4 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin icraatı zamanı hazırki iddianı vermədiyi üçün iddianı mülki məhkəmə icraatı qaydasında verməli olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Lakin, iddia tələbinə münasibət bildirmək üçün məhkəməyə ərizə göndərmişdir. Cavabdeh ərizədə göstərmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(044)-39/2015 nömrəli hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Məhkumluğu başa çatdıqdan sonra evinə qayıtmış, lakin iddiaçı ilə aralarında olan pul tələbinə dair borca görə ona möhlət vermədən və heç bir danışıqlar aparmadan məhkəməyə müraciət etmişdir. Onun barəsində cinayət işi üzrə məhkəmə prosesində, iddiaçıya dəfələrlə xəbərdarlıq edərək, aralarında olan 4500 manata qarşı ondan hansı əsasla 7000 manat pul tələb etdiyini və həmin 7000 manat pulun qısa bir müddət ərzində hissə-hissə yaxınları tərəfindən ödəniləcəyini bildirmiş və şikayətin geri götürülməsini xahiş etmişdir. Əgər iddiaçı şikayətini geri götürsə idi verilən cəza müddətinin aşağı həddi təyin edilə bilərdi. Lakin iddiaçı ona güzəşt etməmiş və şikayətini geri götürməmişdir. O yenə də həmin pulu iddiaçı mülki iddia qaldırmasa da hissə-hissə qaytaracaqdır. Cəzasını çəkib gələndən, yəni xx.xx.2019-cu il tarixdən Gəncə şəhəri Kəpəz Rayon Məşğulluq Mərkəzində işlə bağlı qeydiyyata alınmışdır. Lakin bu günə kimi mövcud COVİD-19 pandemiyasına görə heç bir işlə təmin olunmamışdır. Məşğulluq Mərkəzindən yaxın günlərdə işlə təmin olunacağına söz vermişdilər. İddiaçı mülki iddia ilə vaxtında məhkəməyə müraciət etsə idi, qohumları tərəfindən həmin məbləğ hissə-hissə ödənilə bilərdi və o da vaxtından əvvəl cəzasının yüngülləşdirilməsinə dair ərizəsi ilə müraciət edib cəzasının müddətinin aşağı həddə saldıra bilərdi. Həmçinin xəstəliyi ilə bağlı məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirərək, işə onun iştirakı olmadan keçirilməsini və mövcud olan borcu hissə-hissə ödəyə biləcəyinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin faktiki hallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(043)-39/2015 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin hökmlə Cavabdeh İddiaçı 7000 manat məbləğində maddi ziyan vurması müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinin tələbinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün yalnız hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olub-olmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsasən iddiaçının etibarından sui-istifadə etməklə və onu aldatmaqla 2013-ci ildə müxtəlif vaxtlarda ümumilikdə iddiaçının 7000 manat pulunu ələ keçirmişdir. Qeyd olunan hallar Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü ilə öz təsdiqini tapmışdır. Məhkəmə, cavabdehin borc məbləğinin hissə-hissə ödənilməsi barədə qətnamə çıxarılması ilə bağlı arqumentinə münasibətdə isə qeyd edir ki, qətnamənin hissə-hissə icra olunması qanuni qüvvəyə minmiş qətnamənin icra üsulunu müəyyən etdiyindən, hazırkı işə baxarkən həmin məsələnin həlli mümkün deyildir. Buna görə də cavabdehin həmin arqumenti əsassızdır. Azərbaycan Respublikasının Konstitusiyasının 68-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin cinayət nəticəsində qanunla qorunan hüquqlarla yanaşı, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Göstərilənlər baxımından məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya mülki hüquq pozuntusu nəticəsində vurduğu zərərin tam həcmdə ödənilməsi öhdəliyini daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi kimi 7000 (yeddi min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-3493/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3493/2020
29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver