Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3509/2020 29.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh və Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Tural İmanova qarşı “alqı-satqı müqaviləsinin tanınması, qərardadın ləğv edilməsi və avtomobillər üzərindəki həbsin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyən etdim: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh və Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Tural İmanova qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh məxsus olan ** DM *** dövlət qeydiyyat nişanlı VAZ 21011 markalı minik avtomobilinin İddiaçı2 tərəfindən satın alınması və Cavabdeh məxsus olan VAZ 21074 markalı ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı1 tərəfindən satın alınması barədə alqı-satqı müqavilələrinin tanınması, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Tural İmanovun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Gəncə RQİTBŞ-yə ünvanlandığı məktub əsasında hər iki avtomobilin üzərinə qoyulmuş həbslərin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizədəki tələblərin ikisinə məhkəmədə baxılmalı olmadığından ərizənin qəbul edilməsindən imtina olunmalı, digər iki tələbə münasibətdə isə bir-biri ilə əlaqəli olmayan tələblər bir icraatda birləşdirildiyindən iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçının tələblərindən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi tələbi iddia icraatı qaydasında həyata keçirilə bilməz. Qərardaddan şikayətin xüsusi prosessual qaydası mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Digər tərəfdən iddiaçılar Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Tural İmanovun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Gəncə RQİTBŞ-yə ünvanlandığı məktub əsasında hər iki avtomobilin üzərinə qoyulmuş həbslərin ləğv edilməsini tələb edirlər ki, bu tələbə icra məmurunun hərəkətlərindən şikayət kimi yanaşılmalıdır. Bu şikayətə baxılması da iddia icraatı qaydasında yox, ayrıca prosedur şəklində həyata keçirilir. İcra məmurunun icra sənədinin icrası ilə bağlı qərarı və ya hərəkəti (hərəkətsizliyi) ilə bağlı qərarın və ya hərəkətin mahiyyətindən asılı olaraq “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada icra sənədini vermiş məhkəməyə və ya icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verilə bilər. Məhkəmə yuxarıda qeyd edilən tələblərlə bağlı hissədə ərizənin iddia icraatı qaydasında məhkəmədə baxılmalı olmamasını əsas gətirərək iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edir. İddiaçılara həmin tələblərdə qaldırdıqları məsələlərin həlli üçün müvafiq olaraq Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından şikayət vermək, eləcə də icra məmurunun hərəkətlərindən icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət vermək hüquqlarının olduğu izah edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehlərə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddiaçıların Cavabdeh ilə aralarında müxtəlif avtomobillərin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə gəldikdə məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçılar cavabdehə qarşı müştərək yox, hər biri özü üçün ayrıca tələb irəli sürmüşdür. İddiaçıların eyni cavabdehə qarşı olmasına baxmayaraq hər biri öz mənafeyi ilə bağlı və bir-birindən müstəqil tələblər irəli sürməsi bu tələblərin bir ərizədə birləşdirilməsini istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 153, 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh və Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Tural İmanova qarşı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Tural İmanovun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Gəncə RQİTBŞ-yə ünvanlandığı məktub əsasında hər iki avtomobilin üzərinə qoyulmuş həbslərin ləğv edilməsi tələblərinə dair hissədə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh və Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Tural İmanova qarşı Cavabdeh məxsus olan ** DM *** dövlət qeydiyyat nişanlı VAZ 21011 markalı minik avtomobilinin İddiaçı2 tərəfindən satın alınması və Cavabdeh məxsus olan VAZ 21074 markalı ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı1 tərəfindən satın alınması barədə alqı-satqı müqavilələrinin tanınması tələblərinə dair hissədə iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-3509/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3509/2020
29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver