Məhkəmə qərarları › İş №2(043)-3513/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3513/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3513/2021 28.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 30000 (otuz min) manat əsas borc, 100 (yüz) manat hüquqi xidmətlərə görə haqq, ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat və 3 (üç) manat notariat hərəkətlərinə görə dövlət rüsumu olmaqla, cəmi 30133 (otuz min yüz otuz üç) manat pulun tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh əvvəllər tanımış və münasibətləri yaxşı olmuşdur. O, hərbçi olmuş və Hacıqabul rayonunda yerləşən N saylı hərbi hissədə MAXE kimi xidmət edir. Fazil bu ilin iyun ayında ona müraciət edib ailə vəziyyəti ilə əlaqədar pula böyük ehtiyacı olduğunu bildirmiş və ondan qısa müddətə böyük məbləğdə borc pul istəmişdir. O, bildirmişdir ki, bankdan böyük məbləğdə kredit götürür və kredit alan kimi borcunu qaytaracaqdır. Münasibətləri yaxşı olduğu üçün 29 iyun 2021-ci il tarixdə Fazilə 30000 (otuz min) manat borc vermişdir. Aralarında olan razılaşmaya görə Fazil borcu bu ilin iyul ayının sonunadək qaytarmalı idi. Fazil bu barədə öz xətti ilə qəbz yazıb imza etmiş və qəbzi ona vermişdir. Eyni zamanda adına olan hərbi qulluqçu vəsiqəsini də ona vermişdir. Lakin, vaxt bitməsinə baxmayaraq Fazil borcu qaytarmır. O, gizlənir, telefon zənglərinə cavab vermir və borcu qaytarmaqdan boyun qaçırır. Buna görə də ondan borcu məhkəmə qaydasında almaq zərurəti yaranmışdır. Məhkəmədə iddia qaldırmaq, hüquqi məsləhət almaq və sənədləri tərtib etmək üçün ünvan 1 ünvanda yerləşən X5 müraciət etmiş və 100 manat hüquqi xidmət haqqı ödəmişdir. Bundan başqa məhkəmədə iddia qaldırmaq üçün 30 manat, notariusda şəxsiyyət vəsiqəsinin surətini təsdiq etmək üçün 3 manat dövlət rüsumu ödəmişdir. Həmin məbləğlər də cavabdehdən tutulub ona ödənilməlidir. Daha sonra iddiaçı iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, cavabdehdən 30000 manat əsas borc, 30 manat dövlət rüsumu və 100 manat hüquqi xidmətlə bağlı zərərin əvəzi və bundan əlavə hüquqi xidmətlə bağlı ödədiyi 350 manat vəkil haqqı olmaqla, ümumilikdə 30480 (otuz min dörd yüz səksən) manat pulun tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirdi ki, onun iddiaçıya 3000 manat borcu vardır. Cavabdehin həmin məbləğdən başqa iddiaçıya hər hansı borcu yoxdur. Belə ki, o, 29.06.2021-ci il tarixdə övladı xəstə olduğu üçün iddiaçıdan 3000 manat borc pul almış, həmin vaxt məcbur olduğu üçün iddiaçının istəyi ilə 30000 manat borcu olmasına dair qəbzə imza etmişdir. Odur ki, iddianın 3000 manat pulun tutulması hissəsində təmin edilib, qalan hissədə isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 29.06.2021-cı il tarixli Cavabdeh tərəfindən tərtib edilmiş qəbzdən görünür ki, o, İddiaçı həmin tarixdə 30000 (otuz min) manat pulu borc almış və həmin borcu 2021-ci ilin iyul ayının sonunda tam şəkildə qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə, əvvəlcə iddia tələbinin “29.06.2021-ci il tarixli qəbz əsasında verilmiş 30000 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı, 30000 manat məbləğində pulun cavabdehə verilməsini təsdiq edən sübutu, yəni cavabdehin imzası ilə təsdiq etdiyi 29.06.2021 tarixli əlyazma qəbzi məhkəməyə təqdim etmişdir. Həmin qəbz ilə müəyyən olunur ki, 30000 manat pul iddiaçı tərəfindən cavabdehə verilmişdir. Cavabdeh isə məhkəmə iclasında iddiaçıdan 30000 manat deyil sadəcə 3000 manat pul aldığını, lakin iddiaçının istəyi ilə 30000 manatı almasına dair qəbz tərtib etdiyini bildirmişdir. Lakin, cavabdeh qeyd etdiyi halı, yəni iddiaçı tərəfindən ona faktiki olaraq 3000 manat pul verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, 29.06.2021-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə borc kimi 30000 manat pul verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanmamış, pulun verilməsi yalnız cavabdehin imzası ilə təsdiq etdiyi əlyazma qəbz ilə rəsmiləşdirilmişdir. Həmin qəbzin üzərində “borc müqaviləsi” yazılsa da, məhkəmə qeyd olunan sənədi müqavilə kimi qiymətləndirmir. Belə ki, mülki qanunvericiliyə əsasən yazılı formada müqavilə iki tərəfin imzaladığı sənədin tərtibi və ya sənədlər mübadiləsi yolu ilə bağlana bilər (Mülki Məcəllə maddə 406.3). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə hesab edir ki, tərəflər arasında 29.06.2021-ci il tarixdə bağlanmış 30000 manat pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə 29.06.2021-ci il tarixli qəbzlə təsdiq olunur ki, həmin pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında 30000 manat pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, cavabdeh tərəfindən imza edilən 29.06.2021-ci il tarixli qəbz həmin məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbinin sənədlərin tərtib edilməsi və hüquqi yardım üçün ödənilən xərclər ilə bağlı hissəsi də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinin tərtibi üçün 100 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankı tərəfindən verimiş qəbzdən görünür ki, İddiaçı PRO BONO vəkil bürosunun vəkil X2 hüquqi yarımla bağlı 360 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6 və 115.0.9-cu maddələrinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər, eləcə də məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilən maddi və prosessual hüquq normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında olan mülki mübahisə ilə əlaqədar iddiaçı tərəfindən ona göstərilən hüquqi yardımla bağlı çəkilən xərclər (350 manat vəkil üçün, 100 manat iddia ərizəsinin tərtibi üçün), eləcə də iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, iddiaçı tərəfindən cavabdehə verilmiş 30000 manat pul, 450 manat hüquqi xidmətlə bağlı çəkilən xərc və 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 30450 (otuz min dörd yüz əlli) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar