Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3528/2021 28.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı «FİNCA Azerbaijan» MM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «FİNCA Azerbaijan» MM QBKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2159 manat əsas borc, 319,49 manat faiz borcu olmaqla, cəmi 2478,49 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «FİNCA Azerbaijan» MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 12.05.2015-ci il tarixli, **********1995 saylı kredit müqaviləsinə əsasən şəxsə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 39,00 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 3000 manat kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 184 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, 12.05.2015-ci il tarixli, **********1995 saylı kredit müqaviləsi 20.06.2016-cı il tarixli **********6310 nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 2246 manat, faiz 0,00 manat, cərimə 0,00 manat müəyyən edilmişdir. 20.06.2016-ci il tarixli, **********0***- ******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2 yaranmış öhdəliklərin icrasına təminat olaraq zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Beləliklə, 03.09.2021 -ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh1 borc məbləği, əsas borc üzrə 2159 manat, faiz borcu üzrə 319,49 manat olmaqla cəmi 2478,49 manat təşkil edir. İddiaçının nümayəndəsi Ramil Heydərov məhkəməyə yazılı müraciət edərək, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilib, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə, iddiacı tərəfin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı ilə onun arasında bağlanılmış kredit müqaviləsi üzrə yaranmış borcunu əsas borca hesablanmış faiz məbləğlərinin yüksək olması səbəbindən ödəyə bilməmişdir. Müqavilə bağlandıqdan sonra iddiaçının əməkdaşı faizləri aşağı salacağını bildirsə də, vədinə əməl etməmişdir. Halhazırda yaranmış borcu ödəmək qabiliyyəti yoxdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan «FİNCA Azerbaijan» MM QBKT ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 12.05.2015-ci il tarixli, **********1995 saylı Kredit Müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 39 faiz hesablanmaqla 3000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 2.1.4-cü maddəsinin a bəndində isə nəzərdə tutulmuşdur ki, müştəri tərəfindən bu müqavilə şərtlərinə əməl edilmədikdə və ya Kredit Alanın əmlak vəziyyətinin pisləşməsinə əsas verən hallar mövcud olduqda, kreditin dərhal qaytarılmasını tələb etmək və bu müqavilə ilə nəzərdə tutulan cərimə sanksiyalarını tətbiq edə bilər. Həmin müqavilə ilə zamin Cavabdeh2 kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan kredit müqaviləsinin restrukturizasiyasına dair 20.06.2016-cı il tarixli sazişdən görünür ki, «FİNCA Azerbaijan» MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 12.05.2015-ci il tarixli, **********1995 saylı kredit müqaviləsi üzrə borc məbləği restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 2246 manat, faiz 0,00 manat, cərimə 0,00 manat müəyyən edilmiş, həmin məbləğin 37 ay ərzində illik 22 faizlə ödənilməsi razılaşdırılmışdır. İş materiallarından görünür ki, «FİNCA Azerbaijan» MM QBKT ilə Cavabdeh2 arasında 20.06.2016-cı il tarixli, **********0***-******* saylı zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən zamin – «FİNCA Azerbaijan» MM QBKT ilə borcalan Cavabdeh1 arasında bağlanmış 20.06.2016-cı il tarixli Kredit Müqaviləsinin restruktrizasiyasına dair saziş üzrə borcalanın öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 28.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 «FİNCA Azerbaijan» MM QBKT-yə qeyd olunan kredit müqaviləsi üzrə 2159 manat əsas borc və 319,49 manat faiz borcu olmaqla, cəmi 2478,49 manat borcu mövcuddur. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehlərdən Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin və kreditə hesablanmış hesablanmış faizlərin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddia tələbinin digər Cavabdeh2 qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, kreditor zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, yəni müqavilə müddətinin başa çatdığı 20.07.2019-cu il tarixdən ən geci bir il ərzində iddia irəli sürməli olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də kreditorun zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddət ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə Cavabdeh2 aid hissədə iddia rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu da Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 20.06.2016-cı il tarixli kredit müqaviləsinin restrukturizasiyasına dair saziş üzrə yaranmış 2159 manat əsas borc və 319,49 manat faiz borcu olmaqla, cəmi 2478,49 manat (iki min dörd yüz yetmiş səkkiz manat qırx doqquz qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq «FİNCA Azerbaijan» MM QBKT-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-3528/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3528/2021
28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver