Məhkəmə qərarları › İş №2(043)-3529/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3529/2021

04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3529/2021 04.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdim: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış müqavilənin ləğv edilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada kredit müqaviləsi üzrə 5020,31 manat məbləğində əsas borc, 1,81 manat məbləğində faiz borcunun, cəmi 5022,12 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 14.09.2019-cu il tarixli Kompensasiya/Restruturizasiya istehlak müqaviləsinə əsasən bank borcluya 60 ay müddətinə, illik 1 % olmaqla 6108.94 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəlini”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı Cavabdeh1 bütün öhdəliklərini icra etməlidir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq, cavabdehlə aralarında heç bir razılıq əldə edilmədiyini, iddialarını tam müdafiə etdiyini, həmin mülki işə iştiraklarının olmadan işdə mövcud olan sübutlar əsasında baxaraq, iddialarının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmılmasını mümkün hesab etmişdır. İş materiallarına əlavə edilmiş 14.09.2019-cu il tarixli, BF/30829/71/29 nömrəli güzəştli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış müqaviləyə əsasən 60 (altmış) ay müddətinə, bank borcluya illik 1% olmaqla 6108,94 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş 14.09.2019-cu il tarixli, Z-BF/30829/71/29 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 14.09.2019-cu il tarixli, BF/30829/71/29 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklər üzrə Cavabdeh2 birgə məsuliyyəti müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 14.09.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh1 kredit borcunun ödənilməsi üçün İddiaçı ASC tərəfindən 6108,94 manat məbləğində vəsait digər hesaba köçürülmüşdür. İş materiallarına əlavə edilmiş 13.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 14.09.2019-cu il tarixli müqaviləyə əsasən İddiaçı ASC-yə 5020,31 manat əsas, 1,81 manat faiz və 0 manat məbləğində cərimə borcu vardır. İş materiallarına əlavə edilmiş cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, müqavilə üzrə yaranmış borc məbləği ödənilmədiyi təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 421.2-ci maddələrinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cu maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. Kreditin təminat olaraq zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən alınan kredit məbləğini ona hesablanmış faizləri ilə birlikdə borc alan tərəfindən dövrü olaraq kreditora qaytarmalıdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Kreditor tərəfindən müqavilənin şərtlərinə uyğun əsas borc məbləğinə faiz borcu hesablamışdır. Buna görə də məhkəmə əsas və faiz borcunun tamamını cavabdehlərdən tutulmasını əsaslı hesab edir. Məhkəmə iddia tələbinin müqavilənin vaxtından əvvəl ləğv edilməsi hissəsini araşdıraraq hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, cavabdeh tərəfindən öhdəliyin lazımi qaydada yerinə yetirilmədiyi tədqirdə, müqavilə ilə tənzimləyən münasibətlər və tərəflər arasında yaranan bütün mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qarşılıqlı razılıq yolu ilə və ya Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll edilir. Bununla da iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü maddəsində nəzərdə tutulmuş müdafiə üçün məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 14.09.2019-cu il tarixli, BF/30829/71/29 nömrəli əsas borcun restruturizasiya müqaviləsi ləğv edilməli, 5020,31 manat məbləğində əsas və 1,81 manat faiz borcu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 14.09.2019-cu il tarixli, BF/30829/71/29 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit müqaviləsi üzrə 5020,31 manat əsas borc və 1,81 manat faiz borcu olmaqla ümumilikdə 5022,12 (beş min iyirmi iki manat on iki qəpik) manat borc pul və məhkəmə xərci qismində 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar