Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3531/2021 22.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, İddiaçı ASC-in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğvi və kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında bağlanmış 18.10.2019-cu il tarixli müqavilənin ləğv edilməsi, cavabdehlərdən 5314,08 manat əsas, 1,77 manat faiz borcu olmaqla, cəmi 5315,85 (beş min üç yüz on beş manat 85 qəpik) manat kredit borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun xeyirlərinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasını və 18.10.2019-cu il tarixli müqavilə üzrə 4822,37 manat əsas, 2,55 manat faiz olmaqla cəmi 4824,92 (dörd min səkkiz yüz iyirmi dörd manat 92 qəpik) manat kredit borcunun tutularaq xeyirlərinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinə iddia həcminin azaldılması kimi baxmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 18.10.2019-cu il tarixli, BF/88632/71/29 nömrəli əsas kredit borcunun restrukturizasiyası müqaviləsinə əsasən bank borcluya 60 ay müddətinə, illik 1 % olmaqla 6205,99 manat məbləğində kredit vermişdir. Hazırda borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borcalan Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı Cavabdeh1 bütün öhdəliklərini icra etməlidir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 18.10.2019-cu il tarixli BF/88632/71/29 nömrəli güzəştli kredit müqaviləsindən görünür ki, İddiaçıSC tərəfindən cavabdehə restrukturizasiya olunan əsas kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi 60 ay müddətinə, 1 faiz ödəmək şərti ilə 6205,99 manat məbləğində kredit vermişdir. 18.10.2019-cu il tarixli Z-BF/88632/71/29 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməsinə görə borcalan Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. 07.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 18.10.2019-cu il tarixli BF/88632/71/29 nömrəli kredit müqaviləsi üzrə 5314,08 manat əsas, 1,77 manat faiz borcu vardır. 18.10.2019-cu il tarixli YGN-BF8863229A71C-1 saylı ödəniş tapşırığından görünür ki, Cavabdeh1 hesabına 6205,99 manat vəsait köçürülmüşdür. 02.08.2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehə borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçıSC ilə Cavabdeh1 arasında əsas kredit borcunun restrukturizasiyası məqsədi ilə 18.10.2019-cu il tarixli BF/88632/71/29 saylı güzəştli kredit müqaviləsi bağlanaraq, Cavabdeh1 İddiaçıSC tərəfindən 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə 6205,99 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin icrasının təmini üsulu kimi iddiaçı ilə Cavabdeh2 arasında 18.10.2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmış, Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməsinə görə borcalan Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdehlərə kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilmələrinə baxmayaraq müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliyi icra etmədikləri üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.2-ci maddəsinin tələbinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqavləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanaraq tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulu qaytarmayaraq öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Kredit borcunun borcalan Cavabdeh1 və zamin Cavabdeh2 müştərək qaydada tutulmasına gəldikdə isə məhkəmə qeyd edir ki, müqavilənin şərtlərinə görə iddiaçı tərəfindən kredit, zaminə kreditin tam qaytarılmasında iştirak etməyə borclu edən şəkildə verilmişdir. Ona görə də cavabdeh və zamin bank qarşısında birgə borclu olduqlarından iddiaçı qalan borcun ödənilməsini onların hər birindən tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehlərin 18.10.2019-cu il tarixli BF/88632/71/29 saylı güzəştli kredit müqaviləsi üzrə öhdəliyi vaxtında icra etməmələri nəticəsində iddiaçıya kredit borcu yaranmışdır. Belə olan halda 4822,37 manat əsas, 2,55 manat faiz olmaqla cəmi 4824,92 (dörd min səkkiz yüz iyirmi dörd manat 92 qəpik) manat kredit borcu cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçıSC-in xeyrinə ödənilməlidir. Kredit müqaviləsinin ləğv olunmasına gəldikdə isə məhkəmə qeyd edir ki, cavabdehlər müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozaraq iddiaçını ümid etməyə haqqı çatandan məhrum etdiyi üçün habelə müqavilədə nəzərdə tutulduğundan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 18.10.2019-cu il tarixli BF/88632/71/29 saylı güzəştli kredit müqaviləsi ləğv edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 18.10.2019-cu il tarixli BF/88632/71/29 saylı güzəştli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 18.10.2019-cu il tarixli BF/88632/71/29 saylı güzəştli kredit müqaviləsi üzrə 4822,37 manat əsas, 2,55 manat faiz olmaqla cəmi 4824,92 (dörd min səkkiz yüz iyirmi dörd manat 92 qəpik) manat kredit borcu və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat alınaraq İddiaçı ASC-in xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-3531/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3531/2021
22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver