Məhkəmə qərarları › İş №2(043)-3536/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3536/2020

03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3536/2020 03.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada onun avtomobilinə vurulmuş zərərə görə 1327 manat, rəyin tərtibi üçün ödədiyi 27 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 maşın idarə etmək üçün etibarnaməsi olmadan oğlu Cavabdeh2 məxsus VAZ-2106 markalı, ** ON *** dövlət nömrə nişanlı avtomobil ilə onun idarə etdiyi «Mercedes Benz 190 Minik» **-BJ-*** dövlət nömrə nişanlı avtomobili vuraraq zərər yetirmişdir. «Avtomotoservis və ticarət» Gəncə müəssisəsindən verilmiş qüsur aktına görə hadisə nəticəsində avtomobilinə 1327 manat ziyan dəymişdir. Həmin aktın tərtib edilməsi üçün isə 27 manat xidmət haqqı ödəmişdir. Beləliklə, cavabdehlərin təqsiri üzündən onun avtomobilinə 1327 manat ziyan dəymiş, həmin ziyanı müəyyən etdirmək üçün 27 manat pul xərcləmişdir. Bundan başqa hadisə vaxtı həyəcanlandığına görə güclü stres keçirmişdir. Nəticədə səhhəti pozulmuş, həkimə müraciət edib müalicə qəbul etmişdir ki, buna da xeyli məbləğdə pul xərcləmişdir. Eləcə də avtomobil ilə ailəsinin ehtiyacını ödəyir, işə gedib-gəlir. Avtomobilinin xəsarətlənməsi üzündən o bu arada taksiyə xeyli məbləğdə pul xərcləməli olmuş, rahatlığından olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirdi ki, hadisənin baş verməsində o, özünü təqsirli bilmir. Hadisə vaxtı onun idarə etdiyi avtomobilə də zərər dəymişdir. Lakin, bu zərər aradan qaldırılmamışdır. Ona görə də, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AD seriyalı, 680037 nömrəli «nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi»nin surətindən görünür ki, «Mercedes Benz 190 Minik» markalı **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş, xx.xx.2020-ci il tarixli “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə”nin surətindən görünür ki, X3 özünə məxsus «Mercedes Benz 190 Minik» markalı **-BJ-*** dövlət qeydiyyat nömrəli avtomobili idarə etməyi, bağışlamağı, ipoteka qoymağı, sərəncam verməyi və digər hərəkətləri etməyi xx.xx.2021-ci il tarixədək İddiaçı etibar etmişdir. İş materiallarında olan AD seriyalı, 485726 nömrəli «nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi»nin surətindən görünür ki, «VAZ 2106» minik markalı, **-ON-*** dövlət nömrə nişanlı minik avtomobili Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan İXP seriyalı ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolun və TP ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətlərindən görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixdə saat 15:15-də «əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə» və «nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmə» hallarına yol vermiş, bununla da İXM-nin 327 və 332.1 maddələri ilə təqsirli bilinərək, 40 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Cavabdeh1 Gəncə şəhər BPİ-nin DYPŞ-də verdiyi izahatından görünür ki, xx.xx.2020-ci il tarixdə saat 15:15 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində yol polis əməkdaşları onun idarə etdiyi «VAZ 2106» minik markalı, **-ON-*** dövlət nömrə nişanlı minik avtomobili saxlatmış, yoxlama zamanı onun həmin avtomobili etibarnamə olmadan idarə etdiyi məlum olmuşdur. Bu səbəbdən polis əməkdaşı ilə birlikdə avtomobili cərimə meydançasına apararkən, Ş.İ.Xətai prospektinə dönən zaman arxadan gələn «Mercedes Benz 190 Minik» markalı **-BJ-*** nömrəli avtomobil ilə toquşmuşlar. Hadisə zamanı sxem tərtib olunmuşdur. İş materillarında olan Yol Patrul Xidməti tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli yol nəqliyyat hadisəsinin sxeminin surətindən görünür ki, Cavabdeh1 idarə etdiyi «VAZ 2106» minik markalı, **-ON-*** dövlət nömrə nişanlı minik avtomobil ilə İddiaçı idarə etdiyi «Mercedes Benz 190 Minik» markalı **-BJ-*** nömrəli avtomobilin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarında olan Gəncə “Avtomotoservis və Ticarət Müəssisəsi” tərəfindən verilmiş Qüsur aktından və mədaxil qəbzdən görünür ki, «Mercedes Benz 190 Minik» markalı **-BJ-*** dövlət nömrə nişanlı minik avtomobilə 1327 manat zərər dəymiş, qüsur aktının hazırlaması üçün 27 manat pul ödənilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, xx xxxxxxxx 2020-ci il tarixdə Cavabdeh2 məxsus olan və atası – digər Cavabdeh1 tərəfindən etibarnamə olmadan idarə olunan «VAZ 2106» minik markalı, **-ON-*** dövlət nömrə nişanlı minik avtomobil ilə iddiaçının idarə etdiyi “Mercedes Benz” 190 minik markalı **-BJ-*** nömrəli avtomobil toqquşmuş və nəticədə avtomobillərə maddə zərər dəymişdir. Qanuni qüvvəyə minmiş inzibati tənbeh vermə haqqında qərara əsasən, yol nəqliyyat hadisəsinin baş verməsində cavabdeh X2 təqsirli bilinmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində «Mercedes Benz 190 Minik» markalı **-BJ-*** nömrəli avtomobilə 1327 manat maddi zərər vurulmuşdur. Həmçinin iddiaçı avtomobilə dəymiş zərərin qiymətləndirilməsi üçün 27 manat xərc çəkmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, avtomobilinə dəymiş zərərin və həmin zərərin qiymətləndirilməsi üçün çəkdiyi xərcin əvəzini tələb edir. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair hazırki iddia ərizəsinə baxılarkən, ilk öncə iddiaçının bu iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4 cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Qeyd olunan qanunvericilik aktlarına əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırki halda İddiaçı onun qanuni istifadəsində olan və barəsində sərəncam vermə səlahiyyətinə malik olduğu avtomobilə vurulmuş zərərin əvəzini tələb etmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalmmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna (etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 öz iradəsi ilə ona məxsus olan avtomobili atası - digər Cavabdeh1 idarə etmək üçün verdiyindən, səlahiyyətli orqanın qanuni qüvvəyə minmuş inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh1 isə həmin avtomobili etibarnamə olmadan idarə edərkən yol-nəqliyyat hadisəsini törətdiyindən və iddiaçının qanuni istifadəsinə olan avtomobilə zərər vurduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) törətdiyindən, iddiaçı avtomobilə dəymiş maddi zərəri (1327 manat) və zərərin qiymətləndirilməsi üçün çəkdiyi xərcin əvəzini (27 manat) cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 1354 (min üç yüz əlli dörd) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul müştərək qaydada alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X6 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar