Məhkəmə qərarları › İş №2(043)-3549/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3549/2021

15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3549/2021 15.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 37500 ABŞ dolları, 16000 manat və 30 manat dövlət rüsumunun alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh onun yaxın qohumudur. Ailələr arasında uzun müddət yaranan çox böyük hörmət və qohumluq münasibətləri var. İlk dəfə 2000-2001-ci illərdə Cavabdeh telefon satışı ilə bağlı yer götürdüyünü ona bildirib ondan 3000 ABŞ dolları borc istəmiş və bildirmişdir ki, onun ailəsi bunu bilməsin. Aralarında yaxın münasibətlər olduğu üçün heç bir etiraz etmədən ona bu pulu vermişdir. Bundan sonra 2006-cı ilin avqust ayında Uğur və böyük qardaşı Hikmət onlara gəlmişdir. Hikmət ona bildirmişdir ki, Uğura məxsus olan «BUF» tikinti inşaat materialları mağazasında alveri genişləndirmək istəyir və bu məqsədlə ona əlində maya olsun deyə ondan 50000 manat borc pul istəmişdir. Həmin zaman ata evini satdığı üçün əlində pul olmuşdur. Bu razılaşmanın müqabilində ilk dəfə 11.08.2006-cı il tarixdə 1000 ABŞ dolları, sonra davamlı şəkildə 15.08.2006-cı ildə 2000 ABŞ dolları, 03.09.2006-cı ildə 3000 ABŞ dolları, 16.10.2006-cı ildə 5000 ABŞ dolları, 22.03.2007-ci ildə 2500 ABŞ dolları, 23.04.2007-ci ildə 2500 ABŞ dolları, 23.04.2007-ci ildə 10000 ABŞ dolları, 15.05.2007-ci ildə 6000 ABŞ dolları, 01 .07.2007-ci ildə 3500 ABŞ dolları, 03.12.2007-ci ildə 7000 ABŞ dolları, 26.12.2007-ci ildə 10000 ABŞ dolları vermişdir. Sonra Uğur ona bildirmişdir ki, əgər əlində artıq pul qalırsa, həmin pulu evdə saxlamaq əvəzinə yüksək faizlə banka əmanətə qoya bilərsən və bu sənə aylıq qazanc gətirəcək. Bu təklifi çox ağıllı təklif hesab edib onunla razılaşmış və ona 20000 manat pul vermişdir ki, banka qoysun. Beləliklə bu müddət ərzində ona cəmi 50000 ABŞ dolları və 20000 manat pul vermişdir. Uğurla söhbət etdiyi zaman o bildirmişdir ki, «BUF» tikinti inşaat materialları mağazasında işlər əla gedir. Cavabdehlə arasında olan razılığa görə mağazaya qoyulan maya yerində qalmalıvə təxminən 5-6 ildən sonra alver normal qazanc gətirəndən sonra ona verdiyi mayanı qaytaracaq, həmçinin qazanc da verəcək. Təxminən 2011-ci ildə eşitmişdir ki, Uğur qonşusu Çoşqun adlı şəxsə maya dəyərindən ucuz qiymətə taxta və inşaat materiaları gətirmək üçün külli miqdarda pul verib və sonuncu dələduzluq edərək Gəncə şəhərindən qaçmışdı. Bundan sonra səhətində probemlər yarandığı üçün o İran Respublikasına gedib orda müalicə almamlı olmuşdur. Orda əməliyyat olmaq üçün ona 10000 ABŞ dolları lazım olmuşdur. Uğurdan həmin məbləğdə pulun ona qaytarılmasını xahiş etmişdir. Həmin ərəfədə Uğur ondan aldığı borcdan 1200 ABŞ dolları oğlu Aqilə qaytarmışdır. 27.02.2012-ci ildə isə 10000 ABŞ dolları düzəldib qaytarmışdır. Sonradan 2014-cü ildə Uğur öz işi ilə bağlı həbs edilmişdir və 2019-cu ildə azadlığa buraxılmışdır Uğur həbsdə olduğu zaman təxminən 2017-ci ildə Uğurun qardaşı Hikmət Uğurun razılığı ilə onun oğlu Aqil vasitəsi ilə ona 4000 manat pul ödəmişdir. Sonuncu dəfə 06.11.2019-cu ildə cavabdeh onun çalışdığı Yevlax şəhərinə gəlib 5000 manat pul verib və söz vermişdir ki, həmin ayın axıranadək 4000 manat da düzəldib qaytaracaq. Sonra o 31.12.2019-cu ildə söz verdiyi 4000 manatı da verməmişdir. Lakin bundan sonra cavabdeh ona bir manat olsun belə pul qaytarmamışlar. Hazırda cavabdehin ona 37500 ABŞ dolları və 7000 manat borcu qalıb. Cavabdeh ondan 20000 manatı alarkən banka qoyacağını və buna görə faizlərin yığılacağını bildirmişdir, bu faizlər də 9000 manat təşkil edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. 13 oktyabr 2021-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclası cavabdeh tərəfin vəsatəti ilə sübutların təqdim edilməsi məqsədi ilə 29 oktyabr 2021-ci il tarixə təxirə salınmışdır. Qeyd olunan tarixdə tərəflər məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər və sübutların təmin olunması ilə bağlı vəsatət daxil olmamışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, tətbiq olunmalı hüquq normaları baxımından qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcələsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcüd olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Göründüyü kimi iddiaçı cavabdehə müəyyən vaxtlarda hissə-hissə 37500 ABŞ dolları və 16000 manat borc pul verməsini göstərsə də həmin pulun cavabdehə verilməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar