Məhkəmə qərarları › İş №2(043)-3561/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3561/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3561/2021 02.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair məhkəmədə iddia qaldıraraq, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh iddiaçı Bank of Baku ASC-nin xeyrinə 5776,52 manat məbləğində əsas borcun, 663,53 manat məbləğində faiz borcunun, 220,91 manat məbləğində cərimə borcunun, cəmi 6661,06 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 06.01.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə illik 24% olmaqla 6000 manat məbləğində kredit vermişdir. Hazırda borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faziləri banka ödəməkdən yayınır və beləliklə kredit müaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclunun banka olan pulu hələ də ödənilməmiş qalır. Kredit müqaviləsinə əsasən kredit alan tərəfindən ödəniş gecikdirildikdə, habelə icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Ona görə də, iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 06.01.2021-ci il tarixli CP/47968/78 saylı Kredit sazişi müqaviləsinə əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 6000 manat kredit verilmişdir. İş materiallarında olan 22.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 5776,52 manat məbləğində əsas, 663,53 manat məbləğində faiz və 220,91 manat məbləğində cərimə, cəmi 6661,06 manat məbləğində borcu vardır. İş materiallarında olan 02.11.2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh 06.01.2021-ci il tarixdə 6000 manat məbləğində krediti nağd qaydada almış, müxtəlif vaxtlarda ödəniş etmiş, sonuncu ödənişi isə 30.03.2021-ci il tarixdə 30 manat məbləğində olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam olaraq yerinə yetirməmiş, nəticədə bankın müqaviləni birtərəfli qaydada ləğv etmək və borcun qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Odur ki, iddiaçı cavabdehlə aralarında bağlanmış müqavilənin ləğv edilməsini, müqavilə üzrə müəyyən edilmiş əsas borcun, faiz borcunun və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı məhkəmə işin hallarını, gecikdirilmiş borcun məbləğini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, tətbiq edilmiş dəbbə pulu məbləği tənasübsüz dərəcədə yüksək olduğundan azaldılmalı və 22 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06.01.2021-ci il tarixli, CP/47968/78 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməli, Cavabdeh kredit müqaviləsi üzrə 5776,52 manat əsas borc, 663,53 manat faiz borcu, 22 manat cərimə borcu olmaqla, cəmi 6462,05 manat pul tutularaq Bank of Baku” ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06.01.2021-ci il tarixli, CP/47968/78 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 5776,52 manat əsas borc, 663,53 manat faiz borcu və 22 manat cərimə borcu olmaqla, cəmi 6462,05 (altı min dörd yüz altmış iki tam yüzdə beş) manat borc və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar