Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3581/2021 20.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı ASC Cavabdeh qarşı “borc” tələbinə dair iddia qaldıraraq, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 1158,79 manat əsas borc, 1163,87 manat faiz, 1022,83 manat cərimə, 19 gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 165,76 manat pul, ümumilikdə 3511,25 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 27 sentyabr 2017-ci il tarixli, KM007T0917249S01hesablı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən 12 ay müddətinə 1500 manat məbləğində kredit xətti açılmışdır. 29.07.2021-ci il tarixinədək Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə 1158,79 manat əsas borc, 1163,87 manat faiz, 1022,83 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 165,76 manat pul, ümumilikdə 3511,25 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən imtina edir. İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, o, qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Cavabdehin faktiki olduğu yer məlum olmadığından məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 27 sentyabr 2017-ci il tarixli müqavilədən və kassa məxaric orderi qəbzlərindən görünür ki, Cavabdeh 12 ay müddətinə, illik 28 faiz ödəmək şərtilə 1500 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 03 avqust 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə 29.07.2021-ci il tarixə yaranmış borcu 1158,79 manat əsas borc, 1163,87 manat faiz, 1022,83 manat cərimə, gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 165,76 manat borc, ümumilikdə 3511,25 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xəbərdarlıqdan görünür ki, İddiaçı ASC tərəfindən borcun ödənilməsinə dair xəbərdar edilməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə onun bank qarşısında borcu yaranmışdır. Bununla yanaşı qeyd olunmalıdır ki, iddiaçı maliyyə arayışında faiz borcunun müqavilə müddəti üçün hesablandığını göstərsə də reallıqda faiz borcu müqavilə müddətindən sonrakı dövr üçün də hesablanmışdır. Eyni zamanda iddiaçı müqavilə müddətindən sonrakı dövr üçün həm də əldən çıxmış fayda şəklində illik 5 faizlə pul və dəbbə pulu da tələb etmişdir. İş materiallarından görünür ki, cavabdeh 27.11.2017-ci il tarixdən başlayaraq aylıq qrafik üzrə hər ay 144,76 manat pul ödəməli olmuşdur. İlk iki ayda cavabdeh qrafik üzrə ödəniş etmiş və onun qalıq əsas borc məbləği 1158,79 manat olmuşdur. Bu tarixdən sonra isə cavabdeh heç bir ödəniş etməmişdir. Belə olan halda iddiaçı cavabdehdən müqavilə müddətinin sonunadək qalıq əsas borc məbləğinin illik 28 faizini aylara bölməklə faiz borcu kimi tələb edə bilər. Bu məbləğ isə sadə riyazi hesablama ilə təyin edilə bilən məbləğdir. Belə ki, 1158,79 manatın 28 faizi 324,46 manatdır. Həmin məbləği 12 aya böldükdə 27,038 manat alınır. Müqavilə müddətinin başa çatdığı 27.09.2018-ci il tarixədək olan 10 ay üçün ümumilikdə 270,38 manat faiz borcu hesablanmalıdır. Buna görə də məhkəmə faiz borcunun 270,38 manat miqdarında tutulmasını əsaslı hesab edir. Borclu Cavabdeh müqavilə üzrə əsas borcu müqavilə müddəti başa çatdıqdan sonra da ödəməmişdir. Bank tərəfindən müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 165,76 manat pul tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsində qeyd olunur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Öhdəliyin icrasının 3 ildən artıq müddətdir ki, gecikdirilməsi nəzərə alındıqda bankın tələbinin əsaslı olması müəyyən edilir. Məhkəmə tərəflərin mənafelərini o cümlədən iddiaçının əmlak mənafelərini də nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı bankın tələb etdiyi 1022,83 manat dəbbə pulu tənasübsüz surətdə yüksək olduğu üçün həmin məbləğ azaldılmalı və 100 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 27 sentyabr 2017-ci il tarixli kredit müqaviləsi üzrə 1158,79 manat əsas borc, 270,38 manat faiz borcu, 100 manat dəbbə pulu, əldən çıxmış fayda qismində 165,76 manat pul olmaqla, cəmi 1694,93 manat (min altı yüz doxsan manat, doxsan üç qəpik) məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-3581/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3581/2021
20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver