Məhkəmə qərarları › İş №2(043)-3623/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3623/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3623/2021 18.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X2 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Apelyasiya Məhkəməsinin 13.04.2018-ci il tarixli 2(104)-1394/2018 saylı qətnaməsi əsasən əmlakın satış qiyməti olan 33.150 manat məbləğində pulun Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən "xxxx" ASC-nin mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Əliyev küçəsi, 60 nömrəli fərdi yaşayış evinin boşaldılması və qeyd olunan əmlakın "xxxx" ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul olunması üçün Gəncə şəhər Kəpəz rayon Məhkəməsinə müraciət edilmişdir. İddia tələbi təmin edilməsinə dair qətnamə qəbul edilmişdir. "xxxx" ASC-dən kredit götürülmüşdür, müqavilə üzrə öhdəlik Cavabdeh tərəfindən icra edilmədiyindən Bank Kəpəz rayon Məhkəməsinə müraciət edilmiş, qətnamədən apelyasiya şikayəti verilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 13.04.2018-ci il tarixli 2(104)-1394/2018 saylı qətnaməsi ilə İddiaçı məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Əliyev küçəsində, 0.0359 ha torpaq sahəsində yerləşən 60 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 52000 manat məbləğində müəyyən edilməsi və fərdi yaşayış evinin açıq hərracdan satılması, fərdi yaşayış evinin açıq hərracdan satılması yolu ilə əldə edilmiş vəsait hesabına Cavabdeh banka olan borcunun ödənilməsi qət edilmişdir. Əmlak Gəncə şəhəri üzrə İcra İdarəsinin 244517/18 saylı 17.04.2019-cu il tarixli sifariş məktubuna əsasən "xxxx" MMC tərəfindən hərraca çıxarılmış, hərracda satılmadığına görə banka 33150 manata təklif olunmuşdur. "xxxx" ASC tərəfindən fərdi yaşayış evinin alınması təklifi qəbul edilmiş və buna uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 04.02.2020-ci il tarixli Çıxarışa (Reyestr nömrəsi -**********66-10301, Qeydiyyat nömrəsi **********) əsasən yuxarıda göstərilən əmlak mülkiyyət hüququ əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına qeydə alınmışdır. Göründüyü kimi, məhkəmə qətnaməsi üzrə borc onun əmlakı hesabına ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) X4 iddianı müdafiə edərək bildirdi ki, İddiaçı məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Əliyev küçəsi, 60 nömrəli fərdi yaşayış evi 33.150 manata satılmışdır. Bu barədə Gəncə Apelyasiya Məhkəməsinin 13 aprel 2018-ci il tarixli qətnaməsi çıxarılmışdır. Həmin mənzil ipotekaya qoyulmuşdur. Onlara dəymiş zərər 33.150 manat məbləğində puldur. Həmçinin, xətşünaslıqla bağlı ekspertiza keçirilmişdir. Orda da məlum olmuşdur ki, kredit Cavabdeh tərəfindən "xxxx"-dən imza edilməklə götürülmüşdür. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ifadə verərək bildirdi ki, kredit müqaviləsi bankla onun arasında bağlanılmasına baxmayaraq, o həmin pulu bankdan götürməmişdir. O, kredit götürən zaman "xxxx" ASC-də olan onlara demişlər ki, “qol çəkin sənədlərə Bakı şəhərinə təsdiq üçün gedəcəkdir”. O da qol çəkmişdir və sonradan kreditin kimin götürdüyündən xəbəri olmamışdır. İddiaçı özü də bu halı bilir. İddiaçının evi satılmışdır və banka olan borc ödənilmişdir. Bundan qabaq olan digər məhkəmə prosesləri zamanı da bunu bildirmişdir və onun heç nədən xəbəri yoxdur. Odur ki, qanun tələblərinə uyğun olaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH ******* seriyalı, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Əliyev küçəsində mülkiyyətində olan 0.0359 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 123.5 kv.m yaşayış, 48.2 kv.m köməkçi sahədən ibarət 60 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına 02.09.2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestr kitabının 181 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1394/2018 saylı, 13 aprel 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 77/2016 saylı mülki iş üzrə 29 aprel 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 20.10.2009-cu il tarixli kredit müqaviləsinə əsasən, 25000 (iyirmi beş min) manat məbləğində əsas borc və 8005 (səkkiz min beş) manat məbləğində faiz borcu olmaqla ümumilikdə 33005 (otuz üç min beş manat) manat məbləğində pul, bundan əlavə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan 33005 (otuz üç min beş manat) manat məbləğində borcu ipotekaya qoyulmuş İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Əliyev küçəsində olan 0.0539 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 123,5 kv.m yaşayış və 48,2 kv.m köməkçi sahədən ibarət 60 nömrəli mənzilə yönəldilərək ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 52000 (əlli iki min) manat məbləğində müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6828/18 saylı, 23 oktyabr 2018-ci il tarixli qərarın surətindən görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə 13 aprel 2018-ci il tarixli, 2(104)-1394/2018 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “hərracın yekunları barədə” 36/01 nömrəli, 01.08.2019-cu il tarixli protokoldan görünür ki, "xxxx" MMC tərəfindən Bakı şəhərində keçirilmiş hərracda Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Əliyev küçəsində mülkiyyətində olan 0.0359 ha torpaq sahəsində yerləşən 60 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 52.000 manat qiymətində müəyyən olunsa da, hərracda satılmadığına görə banka 33.150 manat qiymətə təklif olunmuş, "xxxx" ASC isə təklifi qəbul etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 171.7 kv.m ümumi sahəsi fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 181 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin İddiaçı ünvanlandığı 10.07.2021-ci il tarixli, 115 nömrəli məktubundan görünür ki, "xxxx" ASC-yə ipoteka qoyulan Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Əliyev küçəsində olan 0.0359 ha torpaq sahəsində yerləşən 60 nömrəli fərdi yaşayış evi, Gəncə şəhər Məhkəməsinin 13.04.2018-ci il tarixli 2(104)- 1394/2018 saylı qətnaməsi əsasında hərraca çıxarılmış, hərracda satılmadığı üçün Banka təklif edilmiş və Bank tərəfindən borcun əvəzinə mülkiyyətə götürülmüşdür. Hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 04.02.2020-ci il tarixli Daşınmaz əmlakın Reyestr nömrəsi **********66-10301, Qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə "xxxx" ASC-nin mülkiyyətindədir. Yuxarıda göstərilənlərlə əlaqədar olaraq, Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Əliyev küçəsində olan 0.0359 ha torpaq sahəsində yerləşən 60 nömrəli fərdi yaşayış evini 10 (on) gün müddətində boşaldaraq könüllü şəkildə Banka təhvil verilməsi xahiş edilmişdir. Əks təqdirdə fərdi yaşayış evinin, torpaq sahəsi ilə birlikdə boşaldılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(043)-787/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Əliyev küçəsində yerləşən 60 nömrəli fərdi yaşayış evi cavabdeh İddiaçı tərəfindən boşaldılması və "xxxx" ASC-yə təhvil verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, "xxxx" ASC ilə iş üzrə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsi üzrə borclunun öhdəliyinin icrasını təmin etmək məqsədi ilə bankla İddiaçı arasında ipoteka müqaviləsi bağlanmış və iddiaçının mülkiyyətində olmuş Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Əliyev küçəsində yerləşən 60 nömrəli fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. Bundan sonra Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1394/2018 saylı, 13 aprel 2018-ci il tarixli qətnaməsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 20.10.2009-cu il tarixli kredit müqaviləsinə əsasən, 25000 (iyirmi beş min) manat məbləğində əsas borc və 8005 (səkkiz min beş) manat məbləğində faiz borcu olmaqla ümumilikdə 33005 (otuz üç min beş manat) manat məbləğində pul, bundan əlavə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan 33005 (otuz üç min beş manat) manat məbləğində borcu ipotekaya qoyulmuş İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Əliyev küçəsində olan 0.0539 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 123,5 kv.m yaşayış və 48,2 kv.m köməkçi sahədən ibarət 60 nömrəli mənzilə yönəldilərək, ödənilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 52000 (əlli iki min) manat məbləğində müəyyən edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Bundan sonra həmin qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6828/18 saylı, 23 oktyabr 2018-ci il tarixli qərarı ilə, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə 13 aprel 2018-ci il tarixli, 2(104)-1394/2018 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmənin qərarı qanuni qüvvəsini aldıqdan sonra icra məmurunun sifarişi əsasında həmin fərdi yaşayış evi "xxxx" MMC tərəfindən hərraca çıxarılmış, hərracda satılmadığına görə banka 33150 manat qiymətə təklif olunmuş, "xxxx" ASC tərəfindən fərdi yaşayış evinin alınması təklifi qəbul edilmiş, bundan sonra bank tərəfindən DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edilmiş və qeyd edilən yaşayış evinin tam mülkiyyət hüququ üzrə "xxxx" ASC-nin adına ********** saylı hüquqların X3 dövlət reyestrindən çıxarış verilmiş və həmçinin məhkəmə qətnaməsi ilə iddiaçının həmin mənzildən çıxarılması qət edilmişdir. İddiaçı məhkəmədə Cavabdeh qarşı hazırki iddianı irəli sürərək, borc öhdəliyinin təminatı olaraq qoyulmuş ona məxsus fərdi yaşayış evinin bank tərəfindən qəbul edilməsi müqabilində Cavabdeh öhdəliyinə görə ödənilən 33150 manat pulu tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına təminat verilir. Konstitusiyanın göstərilən müddəalarına müvafiq olaraq hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusu müəyyənləşdirilərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi hallar istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin olmasını tələb edir. Mülki Məcəllənin 389.1-ci maddəsində isə müqavilənin anlayışı açıqlanaraq göstərilir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar. Mülki qanunvericilik bu azadlığı mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarı). Qeyd olunmalıdır ki, müqavilə azadlığı prinsipi ilə yanaşı, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmişdir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Mülki Məcəllənin 11.1.-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası) Məhkəmə işin faktiki hallarını və tərəflər arasında müqavilə öhdəliklərindən yaranmış münasibətləri araşdıraraq hesab edir ki, zaminliklə bağlı maddi hüquq norması çərçivəsində mübahisə həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, Cavabdeh "xxxx" ASC ilə arasında bağlanılmış kredit müqaviləsindən irəli gələn borc öhdəliyini, ipotekaya qoyulmuş İddiaçı mülkiyyətində olmuş Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Əliyev küçəsində yerləşən 60 nömrəli fərdi yaşayış evi hesabına təmin edilmiş, təmin edilən borc öhdəliyi 33150 manat təşkil etmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı kreditora ödədiyi məbləğdə pulu Cavabdeh tələb etməkdə haqlıdır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, 33150 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumunun cavabdehdən tələb etmədiyindən onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia təmin edilsin. Cavabdeh 33150 (otuz üç min bir yüz əlli) manat məbləğində pul tutularaq, İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar