Məhkəmə qərarları › İş №2(043)-3663/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3663/2021

10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3663/2021 10.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı «pul» tələbinə dair məhkəmədə iddia qaldıraraq, 25.05.2021-ci il tarixli, PZS000284 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehdən İddiaçı QSC-nin xeyrinə 394 manat borc, 59,1 manat cərimə, 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, fiziki şəxs X4 ilə Cavabdeh ilə bağlanmış PZS000284 saylı 25.05.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 394 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 03 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə fiziki şəxs X4 arasında imzalanan faktorinq müqaviləsinə və həmin müqaviləyə əlavə edilmiş sazişə əsasən X2 cavabdehə qarşı olan 394 manat tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Bu barədə cavabdehə müvafiq bildiriş təqdim edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nisyə alqı-satqı müqaviləsinin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,5%-i miqdarında dəbbə pulu ödəməlidir. Borcun ödənilməsi üçün cavabdehə bildiriş göndərilməsinə baxmayaraq cavabdeh borcu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: İddiaçı MMC ilə X4 arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli R-298/19 saylı faktorinq müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Faktor (“Ferrum Kapital MMC”) borclu barəsində Müştərinin (“X4) borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına Müştəriyə pul vəsaiti verir (Müştərini maliyyələşdirir), Müştəri isə borcluya qarşı pul tələbini Faktora güzəşt edir. Həmin müqaviləyə əlavə olunmuş 02 iyun 2021-ci il tarixli R-298/19-0028 saylı Sazişə əsasən X2 Cavabdeh 25 may 2021-ci il tarixli müqavilədən irəli gələn tələb hüququ İddiaçı MMC-yə güzəşt edilmişdir. İş materiallarında olan X4 ilə Cavabdeh arasında bağlanmış 25 may 2021-ci il tarixli PZS000284 saylı müqavilədən və təhvil-təslim aktından məlum olur ki, Cavabdeh oğlu X1 qiyməti 394 manat olan “Playstation 3” adlı malı ilkin ödəniş etmədən müqavilənin 1 saylı əlavəsində yer alan ödəniş cədvəlinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,5%-i miqdarında dəbbə pulu ödəməlidir. Müqavilənin 1 saylı əlavəsində olan ödəniş cədvəlinə əsasən malın qiymətinin nisyə məbləği olan 394 manat pulun 25.06.2021-ci il tarixdən 25.08.2021-ci il tarixədək 03 ay müddətində hər ayın 25-i tarixində 132 manat, sonuncu ay isə 130 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan bildirişdən görünür ki, X5 oğlu ilə Cavabdeh onunla bağladığı 25 may 2021-ci il tarixli PZS0002841 saylı müqavilədən irəli gələn pul tələbinin hamısını İddiaçı MMC-yə güzəşt etməsi və ödənişlərin həyata keçirilməsi qaydası barədə məlumat vermişdir. İddiaçı MMC-nin 24.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 25 may 2021-ci il tarixli PZS0002841 saylı müqavilə üzrə 394 manat borc, 59,1 manat cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 655.2-ci maddəsinə əsasən pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. 657.4-cü maddəsinə əsasən əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyini lazımi qaydada və vaxtında icra etməmişdir. Həmin müqavilə üzrə tələb hüququ qanunvericilikdə müəyyən edilmiş qaydada iddiaçıya güzəşt edilmişdir. Cavabdeh müqavilə üzrə öz öhdəliyini icra etmədiyindən iddiaçının Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən malın qiymətinin qalan hissəsinin ödənilməsini tələb etmək hüququ vardır. Bununla yanaşı məhkəmə işin hallarını, gecikdirilmiş borcun məbləğini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, qalıq əsas borca nəzərən tətbiq edilmiş dəbbə pulu məbləği tənasübsüz dərəcədə yüksək olduğundan azaldılmalı və 15 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, ödənilmiş 20 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən 394 manat əsas borc, 15 manat dəbbə pulu, 20,40 manat məhkəmə xərcləri olmaqla, cəmi 424,4 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 25.05.2021-ci il tarixli, PZS000284 saylı müqavilə üzrə 394 manat əsas borc, 15 manat dəbbə pulu və 20,40 manat məhkəmə xərcləri olmaqla, cəmi 429,40 (dörd yüz iyirmi doqquz manat qırx qəpik) manat məbləğində pul tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qüvvəyə minir. Hakim Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar