Məhkəmə qərarları › İş №2(043)-3671/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3671/2021

24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3671/2021 24.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı TuranBank Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı TuranBank Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı TuranBank Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 30.05.2019-cu il tarixli, GK-007-İS/2019 saylı kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən 457,86 manat əsas, 4,62 manat faiz borcu, 0,30 manat cərimə olmaqla ümumilikdə, 462,78 (dörd yüz altmış iki manat 78 qəpik) manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun xeyrlərinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında TuranBank Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə TuranBank Açıq Səhmdar Cəmiyyəti arasında 30.05.2019-cu il tarixli, GK-007-İS/2019 nömrəli kredit müqaviləsi bağlanaraq cavabdehə 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə, 1 faiz ödəmək şərti ilə 534,94 manat məbləğində kredit verilmişdir. Cavabdehə kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Hazırda cavabdehin kredit müqaviləsi üzrə 457,86 manat əsas, 4,62 manat faiz borcu, 0,30 manat cərimə olmaqla, ümumilikdə 462,78 (dörd yüz altmış iki manat 78 qəpik) manat kredit borcu qalmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh oğluna məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 30.05.2019-cu il tarixli, GK-007-İS/2019 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 15.07.2015-ci il tarixli, 221/T-E2015 nömrəli kredit müqaviləsi üzrə qalıq borcu olan 534,94 manat borcunun restrukturizasiyası məqsədi ilə cavabdehə 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə 534,94 manat məbləğində kredit vermişdir. 30.05.2019-cu il tarixli, GK-007-İS/2019 nömrəli kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlindən görünür ki, Cavabdeh götürdüyü krediti 30.05.2024-cü ilə qədər hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. 02.03.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir; 30.05.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh oğlu TuranBank ASC-dən 534,94 manat pulu qəbul etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında 30.05.2019-cu il tarixli, GK- 007-İS/2019 saylı güzəştli kredit müqaviləsi bağlanaraq iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə, illik 1 faiz ödəmək şərti ilə 534,94 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq iddiaçıdan aldığı kredit borcunu ödəmədiyi üçün cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 416,5.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında kredit müqaviləsi bağlanmış və tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən 30.05.2019-cu il tarixli, GK- 007-İS/2019 saylı kredit müqaviləsi üzrə 457,86 manat əsas, 4,62 manat faiz borcu, 0,30 manat cərimə olmaqla ümumilikdə 462,78 (dörd yüz altmış iki manat 78 qəpik) manat kredit borcu tutularaq TuranBank Açiq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Kredit müqaviləsinin ləğv olunmasına gəldikdə isə məhkəmə qeyd edir ki, cavabdeh müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozaraq iddiaçını ümid etməyə haqqı çatandan məhrum etdiyi üçün habelə müqavilədə nəzərdə tutulduğundan TuranBank ASC ilə Cavabdeh arasında bağlanmış 30.05.2019-cu il tarixli, GK-007- İS/2019 saylı güzəştli kredit müqaviləsi ləğv edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 216,5, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Turan Bank ASC ilə Cavabdeh arasında bağlanmış 30.05.2019-cu il tarixli, GK- 007-İS/2019 saylı güzəştli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 30.05.2019-cu il tarixli, GK-007-İS/2019 saylı kredit müqaviləsi üzrə 457,86 manat əsas, 4,62 manat faiz borcu, 0,30 manat cərimə olmaqla ümumilikdə 462,78 (dörd yüz altmış iki manat 78 qəpik) manat kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq iddiaçı TuranBank Açıq Səhmdar Cəmiyyətinin xeyirinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar