Məhkəmə qərarları › İş №2(043)-3672/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3672/2021

11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3672/2021 11.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASCnin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 21.10.2019-cu il tarixli İK nömrəli GK- 091-MK/2019 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 21.10.2019-ci il tarixli GK-091-MK/2019 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan 2161,23 manat əsas, 4,89 manat, 2,09 manat cərimə faizi olmaqla, cəmi 2168,21 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən (borclu-Cavabdeh1, zamin- Cavabdeh2) birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X5 Səhmdar Cəmiyyətinin “Gəncə” filialı ilə Cavabdeh1 arasında 21.10.2019-ci il tarixli GK-091-MK/2019 saylı kredit müqaviləsinə əsasən faiz dərəcəsi 1%, 12 ay güzəşt müddəti olmaqla olmaqla 60 (altmış) ay müddətinə 2370,58 (iki min üç yüz yetmiş manat, əlli səkkiz qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 (borcalan) öhdəliklərinin icrasının təminatı kimi "xxxx" ASC ilə Cavabdeh2 arasında 21.10.2019-ci il tarixli GK-091-MK/2019 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmiş, ödəməli olduğu məbləği vaxtında ödəməmişdir. Belə ki, Cavabdeh1 21.10.2019-ci il tarixli GK-091-MK/2019 saylı kredit müqaviləsinə əsasən 25 avqust 2021-ci il tarixinə Cavabdeh1 “Bank”a 2161,23 manat əsas, 4,89 manat, 2,09 manat cərimə faizi olmaqla, cəmi 2168,21 manat məbləğində kredit borcu qalmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəflərindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış 21.10.2019-ci il tarixli GK-091-MK/2019 saylı kredit müqaviləsinin 2.6cı bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 50% olmaqla cərimə faizi ödəyir. 3.1.2-ci bəndə əsasən borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, Bankın borcun dərhal qaytarılmasını tələb etmək hüququ var. 3.1.5-ci bəndə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, Bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcalanın digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları var. 3.1.6-cı bəndə əsasən kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində Borcalanın kredit borcunu artırmaq hüququ vardır. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 2.3-cü bəndinə əsasən Borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu Bank qarşısında birgə məsuliyyət daşıyırlar. 2.4-cü bəndə əsasən borcalanın Bank qarşısında öhtəliklərini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən bütün zərərlərin ödənilməsində borclu ilə bərabər eyni həcmdə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbinin həcminin artırılması barədə ərizəni məhkəməyə təqdim edərək, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 21.10.2019-cu il tarixli, GK-091-MK/2019 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 21.10.2019-ci il tarixli, GK-091-MK/2019 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan 2161,23 manat əsas, 5,42 manat faiz, 3,07 manat cərimə faizi olmaqla, cəmi 2169,72 manat məbləğində borcun və tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən (borclu-Cavabdeh1, zamin- Cavabdeh2) birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada bildiriş verilsə də o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, o, qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Cavabdehin faktiki olduğu yer məlum olmadığından məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 21.10.2019-cu il tarixli, GK-091-MK/2019 saylı güzəştli kredit müqaviləsindən (restrukturizasiya) görünür ki, həmin müqavilənin təyinatı 10.08.2015-ci il tarixli, BK 137/MK-15/1 saylı kredit müqaviləsi üzrə qalıq borcun silinməsinə yönəlməsindən və restrukturizasiya edilərək ödənilməsindən ibarətdir. Güzəştli kredit müqaviləsinin şərtindən görünür ki, bank cavabdehə faiz dərəcəsi 1%, 12 ay güzəşt müddəti olmaqla 60 (altmış) ay müddətinə 2370,58 (iki min üç yüz yetmiş manat, əlli səkkiz qəpik) manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş 21.10.2019-cu il tarixli, GK-091-MK/2019 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 21.10.2019-ci il tarixli, GK- 091-MK/2019 saylı kredit müqaviləsi üzrə öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 19.10.2021-cı il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 İddiaçı ASC-nə 2161,23 manat əsas borc, 5,42 manat faiz borcu, 3,07 manat cərimə məbləği olmaqla, cəmi 2169,72 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizliyi) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Öhdəliyin cavabdehlər tərəfindən pozulması nəticəsində müqavilənin şərtlərinə uyğun olaraq iddiaçının kredit müqaviləsini vaxtından əvvəl ləğv etmək və borcun qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Eyni zamanda ödəniş cədvəli üzrə cavabdeh ödənişləri gecikdirmişdir. Gecikdirilən məbləğə və müddətə uyğun olaraq hesablanmış dəbbə pulu müqavilə şərtlərinə uyğundur Buna görə də, məhkəmə kredit müqaviləsinin ləğv edilməsi, əsas və faiz borcunun, eləcə də dəbbə pulunun cavabdehlərdən tutulmasını əsaslı hesab edir.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehlərdən tutulmasını əsaslı hesab edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 2161,23 manat əsas borc, 5,42 manat faiz, 3,07 manat dəbbə pulu məbləği olmaqla, cəmi 2169,72 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul müştərək qaydada tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 21.10.2019-cu il tarixli, GK-091-MK/2019 nömrəli kredit müqaviləsinə vaxtından əvvəl xitam verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2161,23 manat əsas borc, 5,42 manat faiz, 3,07 manat cərimə məbləği olmaqla, cəmi 2169,72 (iki min yüz altmış doqquz manat yetmiş iki qəpik) manat borc və ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar