Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3680/2021 27.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada 15000 manat məbləğində pul və və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 04.07.2019-cu ildə ondan 15.000 manat məbləğində borc pul almış və həmin pulu onun istədiyi vaxt geri qaytaracağına dair söz vermişdir. Digər Cavabdeh2 zamin qismində iştirak edərək Cavabdeh1 borcunu ödəməyəcəyi təqdirdə borcun qaytarılması barədə üzərinə öhdəlik götürmüşdür. Hər iki borclu bu barədə qəbzi öz imzaları ilə təsdiq etmişlər. Cavabdehdən dəfələrlə borcun qaytarılmasını tələb etsə də bundan imtina etmişdir. Cavabdehə zəng edəndə dəfələrlə borcu qaytaracağı barədə yalan vədlər vermiş, xeyli müddət keçməsinə baxmayaraq borcu qaytarmamışdır. Ona görə də pulunu məhkəmə qaydası ilə tələb etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, əlavə olaraq bildirdi ki, dəfələrlə mübahisənin məhkəmədən kənar həll edilməsini tələb etsə də, cavabdehlər iddiaçının pulunu qaytarmaqdan imtina etmişdilər. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh1 məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İddiaçı iddiasını təsdiq edən yazılı sübut kimi məhkəməyə bir vərəqdə cavabdehlərin əlyazmalarını təqdim etmişdir. 04.07.2019-cu il tarixli həmin əlyazmada Cavabdeh1 İddiaçı 15000 manat məbləğində pulu borc aldığını, istədiyi vaxt borcu qaytaracağını bildirmişdir. 04.07.2019-cu il tarixli digər əlyazmada Cavabdeh2 Cavabdeh1 İddiaçı borc aldığı 15000 manat pulu qaytarmadığı halda zamin olduğunu, yəni özünün qaytaracağını bildirmişdir. Əlyazmalar iddiaçı və cavabdehlər tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məhkəmə yazılı sübutla bağlı qeyd edir ki, həmin əlyazmalar müqavilə üçün müəyyən edilmiş tələblərə cavab verir və tərəflərin iradə ifadəsi aydın başa düşülür. Belə ki, Cavabdeh1 özünün tərtib etdiyi əlyazma müqavilədə iddiaçıdan 15 000 manat borc pul aldığını və iddiaçı tələb etdiyi vaxt borcu qaytaracağını bildirmişdir. Bu sənəd borcun etirafı barədə mücərrəd müqavilənin bütün zəruri elementlərini özündə əks etdirir. Cavabdeh2 özünün tərtib etdiyi əlyazma müqavilədə digər Cavabdeh1 İddiaçı qarşısında 15000 manat borc öhdəliyinin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və Cavabdeh1 borcu qaytarmayacağı təqdirdə borcun özü tərəfindən qaytarılacağına zamin olmuşdur. Məhkəmə qeyd edir ki, həm borcun etirafı barədə mücərrəd müqavilə, həm də zaminlik müqaviləsi tam ikitərəfli müqavilələr olmadığından yalnız bir tərəf üçün öhdəlik əmələ gətirir və bəhs edilən sənədlərdə bu tələblərə riayət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Cavabdeh1 borcun etirafı barədə müqavilədə borc pul almasına dair, yəni kredit müqaviləsindən irəli gələn öhdəliyin mövcudluğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1 və 740.2-ci maddələrinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi 04.07.2019-cu il tarixli müqavilə həm borcun etirafı barədə mücərrəd müqaviləyə, həm də kredit müqaviləsinə dair qanunvericilikdə müəyyən edilmiş tələblərə uyğun bağlanılmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış borcun etirafı barədə müqavilə pul borcunun qaytarılması barədə öhdəliyə əsas verən şəkildə etirafdır. Pul borcu öhdəliyinin yaranması üçün sadə yazılı müqavilənin bağlanması kifayət edir. Bu baxımdan 04.07.2019-cu il tarixli borcun etirafı barədə müqavilə Mülki Məcəllənin tələblərinə uyğun olmaqla öhdəliyin yaranması üçün əsas təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Məcələnin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh2 əlyazma şəklində tərtib etdiyi və tərəflərin imzaladığı digər sənəd zaminlik müqaviləsidir. Belə ki, həmin müqavilədə Cavabdeh2 digər Cavabdeh1 İddiaçı qarşısında 15000 manat borc öhdəliyinin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və Cavabdeh1 borcu qaytarmayacağı təqdirdə borcun özü tərəfindən qaytarılacağına zamin olmuşdur. Cavabdehlər öz üzərlərinə götürdükləri öhdəlikləri icra etməmiş, Cavabdeh1 iddiaçıdan aldığı borcu vaxtında qaytarmamış, Cavabdeh2 isə zaminliyin şərtlərinə uyğun davranmamışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağsəlim oğlundan müştərək qaydada 15000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumundan ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağsəlim oğlundan müştərək qaydada 15000 (on beş min) manat məbləğində pul və dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-3680/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3680/2021
27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver