Məhkəmə qərarları › İş №2(043)-369/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-369/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-369/2021 02.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, məhkəmə iclas katibi Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dörd müqavilə üzrə 1877 manat ödənilməmiş hissə, 579 manat cərimə, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2486 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin, «xxxx» MMC ilə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2091 manat (12 ay x 168 manat + 75 manat ilkin ödəniş), Samsung LED televizor, Panasonic dect ev telefonu, Braun şirə çəkən, Samsung tozsoran üçün 300 manat ödənilməmiş hissə, 100 manat cərimə borcu vardır. Cavabdehin, «xxxx» MMC ilə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1748 manat (18 ay x 89 manat + 146 manat ilkin ödəniş), LG soyuducu üçün 377 manat ödənilməmiş hissə, 107 manat cərimə borcu vardır. Cavabdehin, «xxxx» MMC ilə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 926 manat (12 ay x 74 manat + 38 manat ilkin ödəniş), İMEİ kodu **********48673 olan Samsung Galaxy J6 markalı mobil telefon üçün 350 manat ödənilməmiş hissə, 111 manat cərimə borcu vardır. Cavabdehin, «xxxx» MMC ilə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1044 manat (12 ay x 87 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********27879 olan Samsung J2 markalı mobil telefon üçün 850 manat ödənilməmiş hissə, 261 manat cərimə borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 3932 manat təşkil edir. Tərəflər arasında tərtib olunmuş müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə iclasında «xxxx» MMC-nin nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: «xxxx» MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan ümumi qiyməti 2091 manat olan “Samsung” markalı LED televizor, “Panasonic dect” markalı ev telefonu, “Braun” markalı şirəçəkən və “Samsung” markalı tozsoranı, ilkin 75 manat ödəmək şərti ilə nisyə qaydada almış, malların qalıq dəyərini ayda 168 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. «xxxx» MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan ümumi qiyməti 1748 manat olan “LG” markalı soyuducunu ilkin 146 manat ödəniş etmək şərti ilə nisyə qaydada almış, malın qalıq dəyərini ayda 89 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. «xxxx» MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan ümumi qiyməti 926 manat İMEİ kodu **********48673 olan, Samsung Galaxy J6 markalı mobil telefonu, telefon quraşdırma xidməti və 1 illik zəmanətlə, ilkin 38 manat ödəniş etmək şərti ilə nisyə qaydada almış, malın qalıq dəyərini ayda 74 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. «xxxx» MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan ümumi qiyməti 1044 manat, İMEİ kodu **********27879 olan, Samsung J2 markalı mobil telefonu, telefon quraşdırma xidməti və 1 illik zəmanətlə, ilkin ödənişsiz nisyə qaydada almış, malın dəyərini ayda 87 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. «xxxx» MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2018ci il tarixli müqavilə üzrə əsas məbləğdən 1791 manat ödəmiş, 300 manat borcu qalmışdır. Ödənişlərin 60 gün gecikdirilməsinə görə 100 manat cərimə hesablanmışdır. xx.xx.2018-ci il tarixli müqavilə üzrə əsas məbləğdən 1371 manat ödəmiş, 377 manat borcu qalmışdır. Ödənişlərin 120 gün gecikdirilməsinə görə 107 manat cərimə hesablanmışdır. xx.xx.2018ci il tarixli müqavilə üzrə əsas məbləğdən 576 manat ödəmiş, 350 manat borcu qalmışdır. Ödənişlərin 150 gün gecikdirilməsinə görə 111 manat cərimə hesablanmışdır. xx.xx.2019cu il tarixli müqavilə üzrə əsas məbləğdən 194 manat ödəmiş, 850 manat borcu qalmışdır. Ödənişlərin 300 gün gecikdirilməsinə görə 261 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə baxışında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdeh iddiaçıdan aldığı mal və xidmətlərin ümumi dəyərindən yalnız 3932 manat ödəmişdir. Buna görə də məhkəmə müqavilə üzrə cavabdehdən aldığı mal və xidmətlərin dəyərinin qalığı qismində 1877 manat pulun tutulmasını əsaslı hesab edir. Məhkəmə cavabdehin maddi vəziyyətini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq, borc məbləğinə nəzərən tənasübsüz sürətdə yüksək olan dəbbə pullarının miqdarının azaldılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıya münasibətdə icra edilməmiş öhdəliyin üçdə biri miqdarında dəbbə pulunun tutulması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli müqavilə üzrə dəbbə pulu azaldılmalı və 15 manat məbləğində, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 17 manat məbləğində, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 15 manat məbləğində və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 40 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, dörd müqavilə üzrə 1877 manat ödənilməmiş hissə, 87 manat cərimə və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 300 manat ödənilməmiş hissə, 15 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 377 manat ödənilməmiş hissə, 17 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 350 manat ödənilməmiş hissə, 15 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 850 manat ödənilməmiş hissə, 40 manat dəbbə pulu olmaqla, ümumilikdə 1964 (min doqquz yüz altmış dörd) manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar