Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3700/2020 10.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq, hər uşaq üçün 500 manat olmaqla, cəmi 1000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh 2003-cü ildə el adəti üzrə rəsmi nikah qeydiyyatından keçmədən ailə qurmuşlar. Birgə yaşayışlarından 2 övladları xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X5 doğulmuşlar. Onlar el adəti üzrə ailə qurub, birgə yaşayıb, təsərrüfatı idarə etsələr də, bir-birini başa düşə bilmədiklərindən, başqa-başqa xasiyyətdə insanlar olduqlarından, iki uşaqları olmasına baxmayaraq ayrılmalı olmuşlar. Cavabdeh ailəsinə və uşaqlarına bir ailə başçısı kimi birgə yaşayış dövrdə baxmamışdır. Buna görə də onun ilə ər-arvadlıq əlaqəsini kəsərək, uşaqların saxlanması üçün 2016-cı ildə cavabdehə qarşı aliment tələbi irəli sürüb, məhkəmənin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə hər uşağın saxlanması üçün 90 manat olmaqla cəmi 180 manat sabit pul məbləğində aliment almalı olmuşdur. Bundan bir qədər sonra uşaqlar böyüdüyündən və saxlanması çətin olduğundan alimentin artırılması ilə bağlı iddia tələbi ilə yenidən məhkəməyə iddia ərizəsi vermiş, məhkəmə işə baxaraq xx.xx.2019-cu il tarixli qətnamə qəbul edərək, alimentin miqdarını artıraraq hər uşağa görə 100 manat olmaqla cəmi 200(iki) yüz manat pulun onun xeyrinə verilməsini qət etmişdir. Məhkəmə tərəfindən verilmiş qətnamə tam təmin edilməmişdir. Belə ki, cavabdehin maddi imkanı olsa da uşaqların saxlanması üçün alimenti kəm-kəsirlə ödəyir. Onun bu günə kimi 9000-10000 manat aliment borcu yaranıb. Cavabdehin pulu olsa da qəsdən, onu süründürmək məqsədi ilə alimenti bu qaydada ödəyir. İcra vərəqəsinin icrası icra məmurları tərəfindən onun xəstəliyi ilə bağlı aldığı təqaüdünə yönəldilib. Təqaüdün 7%-i uşaqların saxlanması üçün verilir. Lakin onun maddi imkanı yaxşıdır, istəsə almenti artıqlaması ilə ödəyə bilər. Onlar birgə yaşadıqları zaman cavabdeh Bakı şəhərində yerləşən “Sədərək” Ticarət Mərkəzindən işlətmək məqsədi ilə mağaza açmışdır. Bu səbəbdən də onu və uşaqları Baki şəhərində yaşamağa aparmışdır. Özü həmin mağazanı işlədib, hər günə 2000-3000 min manat pul qazanmışdır. Atası isə “Kamaz” sürücüsü olduğundan sürücülüklə məşğul olur. Cavabdeh mağazada tək işləyir, mağazanın bütün qazancı onun olduğundan saxlamaq üçün evdə pulu ona gətirib vermişdir. Ondan dəqiq bilir ki, yuxarıda qeyd etdiyi məbləğdə pul gəliri hər gün əldə edir. O, məişət avadanlıqları, yəni xüsusi ilə də elektirik avadanlıqlarının satışı ilə məşğul olur. Bu gün də həmin avadanlıqların satışını davam etdirir. Lakin, indi atası pensiyaya çıxdığından mağazada atası da ona kömək edir. Hazırda uşaqlar böyüyüb, cavabdeh alimentdən başqa uşaqların saxlanması üçün heç bir yardım etmır. Uşaqların biri 11-ci, ikinci uşaq isə 6-cı sinifdə oxuyurlar. Hazırlığa və yarışlara gedirlər. İdman növləri ilə də məşğul olurlar. Onları yemək və geyməklərindən başqa əlavə xərcləri də var. Uşaqlarının arzu və istəklərini həyata keçirməkdə çətinliklərlə qarşılaşır. Uşaqların yay mövsümündə Azərbaycan Respublikasında olan İstirahət Mərkəzlərində dincəlmək və Respublikanın görkəmli yerlərində olmaq istəyirlər. Lakin, onun buna maddi imkanı çatmadığından uşaqlarının arzularını yerinə yetirə bilmir. O, valideynlərinin yanında yaşayır. Yaxınlarının ona və uşaqlarına baxmasından xəcalət çəkir. Uşaqların arzu və istəklərini yaxınları qismən də olsa, həyata keçirirlər. Uşaqlar böyüdüklərindən, pula olan tələbatları çoxdur. Bu isə cavabdehi bir ata kimi narahat belə etmir. Hər iki uşaq xəstədir. Müalicələrinə çətinliklə pul tapır. Həkim müalicəsi və bununla bağlı üzgüçülükdən uşağın istifadə etməsi üçün pul lazımdır. Buna görə də alimentin miqdarının artırılmasını istəyir. Cavabdeh bizneslə məşğul olur. Aylıq gəliri çoxdur, istəsə yüksək aliment ödəyə bilər. O, ancaq uşaqlarınsaxlanması üçün pensiyasının 7%-ni ödəməklə kifayətlənir və xəstə olmasını bəhanə edir. Cavabdeh istəsə hər uşağın saxlanması üçün hər ay 500 manat aliment ödəyə bilər. Cavabdeh könüllü bunu etmək istəmədiyi üçün məhkəməyə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, o, dializ xəstəsi, eyni zamanda 1-ci qrup əlildir. Səhhətində olan problemlərlə ilə bağlı işləyə bilmir. Alimentin bundan əvvəl təyin olunmuş miqdarını belə ödəməyə maddi imkanı çatmır. Odur ki, onun maddi vəziyyəti və səhhətində olan problemləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ № 522884 və AZ-İİ № 260480 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X6 xx xxxx 2004-cü il tarixdə və X5xx xxxx 2009-cu il tarixdə doğulmuşlar, onların atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(043)-1159/2019 saylı qətnaməsinin surətindən görünür ki, xx xxxx 2004-cü il tarixdə anadan olmuş X4 və xx xxxx 2009-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2(043)-3020/2016 saylı qətnaməsi ilə hər ay müəyyən olunmuş hər uşağa görə 90 (doxsan) manat olmaqla cəmi 180 (bir yüz səksən) manat alimentin məbləği dəyişdirilərək, Cavabdeh hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. İş materiallarında olan xx xxxx 2015-ci tarixli əlillik vəsiqəsindən görünür ki, Cavabdeh birinci qrup əlildir. İş materiallarında olan “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” tərəfindən verilmiş 778 saylı x xxxxxx 2020-ci il tarixi tibbi arayışdan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdən xəstəxananın İİ hemodializ şöbəsində “N18.5-V mərhələ. Z49.1. Ekstrakorporal hemodializ” Renal anemiya, Nefrogen hipertoniya diaqnozu ilə həftədə 3 dəfə 4 saatlıq hemodializ seansları alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd edilən Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, sonuncu məhkəmə qətnaməsi ilə aliment müəyyən edildikdən sonra, tərəflərin ailə və maddi vəziyyətində hər hansı dəyişiklik baş verməmişdir. Həmin vaxtdan bugünə kimi yalnız uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləği dəyişmişdir. Belə ki, Azərbaycan Respublikasında 2019-cu il üçün uşaqlar üçün yaşayış minimumu 160 manat müəyyən edildiyi halda, 2020-ci il üçün bu məbləğ 170 manat həddində müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, cavabdehin İ qrup əlil və dializ xəstəsi olmasını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, sonuncu məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq alimentin məbləği ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğinin artmış hissəsinə mütənasib olaraq artırılmalı və hər ay hər uşaq üçün 110 manat sabit pul məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx xxxx 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(043)-1159/2019 saylı qətnaməsi ilə xx xxxx 2004-cü il təvəllüdlü X6 və xx xxxx 2009-cu il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. xx xxxx 2004-cü il təvəllüdlü X6 və xx xxxx 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 110 (yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaqİddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi iləGəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-3700/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3700/2020
10.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver