Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3741/2020 01.12.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanılmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evin xx xxxxx 1998-ci il tarixli 4E-14-1808 saylı etibarnaməyə əsasən Cavabdeh ilə alqı- satqı müqaviləsinin İddiaçı ilə bağlanılmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən tik.”A” 4 yaşayış otağı 44,1 kvm, dəhliz 3,3 kvm, zirzəmi 17,2 kvm-dən ibarət olan, 39-15 kvartalda, 450,0 kvm torpaq sahəsi olan mülk şəxsi mülkiyyət hüququ əsasında X7 adına qeydə alınmışdır. xx xxxxxxx 1993-cü il tarixdə X11 vəfat etmiş və onun həyat yoldaşı Cavabdeh xx xxxxxx 1997-ci il tarixdə 4-cü Gəncə dövlət notariat kontorunda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Bundan sonra, xx.xx.1997-ci il tarixdə Cavabdeh 4-cü Gəncə notariat kontorunda X1 4E-14-4623 saylı etibarnamə verərək həmin evin satılmasını Mərziyə Vəliyevaya həvalə etmişdir. X12 adına olan evi 3500 ABŞ dollarına almağa Mərziyə Vəliyeva ilə razılığa gəlmiş və Mərziyə Vəliyeva evin pulunu alıb həmin evi Cavabdeh adına sənədləşdirdikdən sonra onlar alqı-satqı müqaviləsi bağlamalı olmuşlar. Bundan sonra, Mərziyə Vəliyeva 4-cü Gəncə dövlət notariat kontorunun xx xxxxx 1998-ci il tarixli 4E-14-1808 saylı etibarnaməyə əsasən həmin evi ona satmışdır, lakin başı qarışdığından evi sənədləşdirə bilməmişdir. 1998-ci ildən hal-hazıra kimi, yəni 22 ildir ki, o ailəsi ilə birlikdə həmin mənzildə yaşayır, həmin daşınmaz əmlaka sahiblik, ondan istifadə edir, bütün kommunal xərclərini ödəyir, lakin hazırda Cavabdeh harada yaşaması barədə məlumatı yoxdur və onun harada olmasını müəyyən etmək mümkün deyil, çünki Mərziyə Vəliyeva evi satarkən bildirmişdir ki, Cavabdeh həmin evdə tək özü yaşamışdır və qeydiyyatda olmuşdur, ondan başqa heç kim həmin mənzildə qeydiyyatda olmamışdır. Eşitdiyinə görə elə həmin vaxt Cavabdeh daimi yaşamaq üçün Rusiya Federasiyasına köçmüş və evin satılmasını Mərziyə Vəliyevaya həvalə etmişdir. Hal-hazırda o Cavabdeh tapa bilmədiyi üçün evi öz adına sənədləşdirə bilmir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, Popov Qriqoriyin adına İvanoviçin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydə alınmış ünvan 2 ünvanda yerləşən evə dair Cavabdeh ilə İddiaçı arasında xx xxxxx 1998-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qiyabi qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmiş, iddiaçı tərəf isə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməyərək yazılı formada razılığını ifadə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Göstərilənləri nəzərə almaqla, məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X15 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Kirovabad şəhər Baş memarının xx.xx.1954- cü il tarixli layihə və Kirovabad şəhər notariat kontorunda Kirovabad şəhəri X5 İcraiyyə Komitəsi ilə bağlanmış xx.xx.1955-ci il tarixli 8-2016 saylı müqaviləyə əsasən X10 fərdi yaşayış evinin tikintisi üçün 450.0 kvm torpaq sahəsi ayrılaraq layihə verilmişdir. Kirovabad şəhəri Tikinti və memarlıq işləri üzrə şöbəsinin xx.xx.1961-ci il tarixli fərdi yaşayış evinin qəbulu aktına əsasən ünvanı Kirovabad şəhəri, Dəmiryolu küçəsi, 9-cu döngə, 38 olan bu əmlakda inşa edilmiş 37.0 kvm üç yaşayış otaqları, 6.9 kvm mətbəx, 3.0 kvm dəhliz, 9.6 kvm örtülü eyvan tikililəri istismara qəbul edilmişdir. X10 hal-hazırda ünvanı Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan küçəsi, 9-cu döngə, 50 olan fərdi yaşayış evinə dair xx.xx.1997-ci il tarixli 16354 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İş materiallarında olan xx xxxxxx 1997-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx xxxxxxx 1993-cü il tarixdə ölmüş X2 üzrə vərəsəsi - arvadı Cavabdeh miras qoyanın mülkiyyətində olan ünvan 2 ünvanda mülkü miras əmlak kimi qəbul etmişdir. İş materiallarında olan xx xxxxx 1998-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi ilə bağlı bütün hərəkətləri etməyi nümayəndəsi X3 vasitəsi ilə İddiaçı etibar etmişdir. Həmin etibarnamə xx.xx.2000-ci ilədək qüvvədə olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ünvan 5 ünvanda yerləşən ev cavabdehin əri X6 adına qeydə alınmışdır. X13 xx.xx.1993-cü ildə ölmüşdür. Cavabdeh ondan qalan qeyd olunan miras əmlakı qəbul etmiş, bu barədə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan sonra o, həmin evi İddiaçı faktiki olaraq satmışdır. Lakin, tərəflər mənzilin alqı-satqı müqaviləsini notarial qaydada yazılı müqavilə imzalamaqla rəsmiləşdirməmişlər. Həmin dövrdən hal-hazıradək qeyd olunan mənzildə fasiləsiz olaraq iddiaçı və onun ailə üzvləri yaşamış və mənzilə sahiblik etmişlər. Başqa sözlə, tərəflərin hər ikisi alqı-satqı müqaviləsini faktiki olaraq icra etmişlər. Lakin, onlar əqdin notarial qaydada təsdiq edilməsindən boyun qaçırmışlar. Qeyd edilənlər səbəbindən alqı-satqı müqaviləsi qanunla müəyyən edilmiş qaydada bağlanmadığından, iddiaçı mənzilin mülkiyyətçisi kimi həmin mənzilə dair müvafiq sənədləşdirmə işlərini apara bilmir. Bu səbəbdən o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mübahisəli hüquq münasibəti xx xxxxx 1998-ci il tarixdə yarandığından, hazırki mübahisəyə həmin dövrdə qüvvədə olan mülki qanunvericiliyin normaları tətbiq edilməlidir. xx xxxxxxxx 2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43-cü maddəsinə əsasən əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunda tələb olunan notariat formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh əri mərhum X6 adına qeydə alınmış ünvan 2 ünvanda yerləşən evi vərəsəlik qaydasında qəbul etdiyindən mirasın açıldığı xx xxxxxxx 1993-cü il tarixdən o, həmin evin mülkiyyətçisi sayılır. Bundan sonra, o, həmin evi xx xxxxx 1998-ci il tarixdə İddiaçı faktiki olaraq satmışdır. Lakin, tərəflər mənzilin alqı-satqı müqaviləsini notarial qaydada yazılı müqavilə imzalamaqla rəsmiləşdirməmişlər. Odur ki, məhkəmə hesab edir ki, X6 adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydə alınmış ünvan 2 ünvanda yerləşən evə dair Cavabdeh ilə İddiaçı arasında xx xxxxx 1998-ci il tarixdə alqısatqı müqaviləsi bağlanmış hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X6 adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydə alınmış ünvan 2 ünvanda yerləşən evə dair Cavabdeh ilə İddiaçı arasında xx xxxxx 1998-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-3741/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(043)-3741/2020
01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver