Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3759/2021 15.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" QSC-in Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 27.11.2019-cu il tarixli, 006A********** saylı kredit müqaviləsinin ləğv edilməsinə, cavabdehdən 513,82 manat məbləğində əsas, 75,25 manat faiz və 118 manat cərimə olmaqla, cəmi 707,07 (yeddi yüz yeddi manat 07 qəpik) manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" QSC-in xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" QSC-in etibarnamə üzrə nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı QSC arasında 27.11.2019-cu il tarixdə bağlanmış 006A********** saylı kredit müqaviləsinə əsasən cavabdeh aylıq faiz dərəcəsi 2% olmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə- hissə qaytarmaq şərti ilə 1500 manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 02.03.2021ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 986,18 manat ödəniş etmiş və onun iddiaçıya 513,82 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Belə ki, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 24.09.2021-ci il tarixə 206 gün üçün hesablanmış faiz borcu 75,25 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0,1 % məbləğində cərimə ödəməlidir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, iddiaçıdan aldığı kredit borcunu maddi vəziyyəti ilə əlaqədar ödəyə bilməmişdir. Cərimə məbləğinin yüksək olduğunu göstərərək onun azaldılmasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 27.11.2019-cu il tarixli, 006A********** nömrəli kredit müqaviləsidən görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2% faiz olmaqla 1500 manat məbləğində kredit verilmişdir. 27.11.2019-cu il tarixli pul köçürməsi haqqında orderdən görünür ki, Cavabdeh hesabına 1500 manat pul köçürülmüşdür. 27.11.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" QSCdən götürdüyü 1500 manat kredit məbləğini 02.12.2021-ci il tarixə qədər hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. 30.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 27.11.2019-cu il tarixli, 006A********** nömrəli kredit müqaviləsi üzrə 513,82 manat məbləğində əsas, 75,25 manat faiz və 118 manat cərimə olmaqla cəmi 707,07 (yeddi yüz yeddi manat 07 qəpik) manat məbləğində borcu qalmışdır. 16.09.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə kredit borcunun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" QSC ilə Cavabdeh arasında 27.11.2019-cu il tarixli, 006A********** nömrəli kredit müqaviləsi bağlanaraq iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə, aylıq 2 % faiz dərəcəsi ilə 1500 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyi icra etmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqavləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında kredit müqaviləsi bağlanaraq tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf üzürinə düşən öhdəliyi yerinə yetirməyərək kredit borcunun bir qismini ödəmiş yerdə qalan öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafelərinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, tutulmalı olan 118 manat cərimə məbləği azaldılaraq 8 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi vaxtında icra etmədiyi üçün iddiaçıya borcu qalmışdır. Belə olan halda 27.11.2019-cu il tarixli, 006A********** nömrəli kredit müqaviləsi üzrə 513,82 manat məbləğində əsas, 75,25 manat faiz və 8 manat cərimə olmaqla, cəmi 597,07 (beş yüz doxsan yeddi manat 07 qəpik ) manat məbləğində kredit borcu Cavabdeh tutularaq "xxxx" QSC-in xeyrinə ödənilməlidir. Kredit müqaviləsinin ləğv olunmasına gəldikdə isə məhkəmə hesab edir ki, müqavilənin 4.1.2-ci bəndində nəzərdə nəzərdə tutulduğundan habelə cavabdeh müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozaraq, iddiaçını müqavilə bağlanarkən ümid etməyə haqqı çatandan məhrum etdiyi üçün iddia tələbi həmin hissədə də təmin olunaraq tərəflər arasında bağlanmış 27.11.2019-cu il tarixli, 006A********** nömrəli kredit müqaviləsi ləğv olunmalıdır. (MM mad. 421.2) MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin olunsun. İddiaçı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 27.11.2019-cu il tarixli, 006A********** nömrəli kredit müqaviləsi ləğv olunsun. Cavabdeh 27.11.2019-cu il tarixli, 006A********** nömrəli kredit müqaviləsi üzrə 513,82 manat məbləğində əsas, 75,25 manat faiz və 8 manat cərimə olmaqla, cəmi 597,07 (beş yüz doxsan yeddi manat 07 qəpik ) manat məbləğində kredit borcu və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq iddiaçı "xxxx" QSC-in xeyirinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-3759/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3759/2021
15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver