Məhkəmə qərarları › İş №2(043)-3764/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3764/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3764/2021 03.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı ASC-in nümayəndəsi X3 oğlunun iştirakı ilə, İddiaçı «Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğvi və kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə «Bank Respublika” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 22.07.2019-cu il tarixli 005CASA192030003 saylı kredit müqaviləsinin ləğv edilməsinə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 22.07.2019-cu il tarixli 005CASA192030003 saylı kredit müqaviləsi üzrə 2315,85 manat əsas borc, 19 manat faiz borcu olmaqla, cəmi 2334,85 (iki min üç yüz otuz dörd manat 85 qəpik) manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-in xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 22 sentyabr 2014-cü il tarixli 005CASA142650001 saylı kredit müqaviləsinə əsasən 6600 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikasında fiziki şəxlərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanına əsasən Cavabdeh1 22 iyul 2019-cu il tarixli, 005CASA192030003 saylı güzəştli kredit müqaviləsinə əsasən, 60 ay müddətinə illik 1% olmaqla, 1 il güzəşt müddəti hesab olunmaqla 2315.85 manat məbləğində kredit verilmişdir. Öhdəliklərin icrasının təmini kimi Cavabdeh2 ilə “22” iyul 2019-cu il tarixli, 005FİZAM46985602 saylı zaminlik müqaviləsi bağlanmış, bununla da zamin borcalanla birlikdə məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməli idi. Kreditin restrukturizasiyasına dair müqavilə üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 03.06.2021-ci il tarixə İddiaçı ASC- yə 22 iyul 2019-cu il tarixli, 005CASA192030003 saylı güzəştli kredit müqaviləsi üzrə 2315,85 manat əsas, 19 manat kreditdən istifadəyə görə faiz borcu qalmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdehlər tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Odur ki, məhkəməyə müraciət etməli olmuşlar.İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - 22.07.2019-cu il tarixli, 005CASA192030003 nömrəli güzəştli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 «Bank Respublika” ASC-dən illik faiz dərəcəsi 1 faiz olmaqla 60 ay müddətinə 2315,85 manat məbləğində kredit götürmüşdür. 22.07.2019-cu il tarixli, 005FİZAM746985602 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsinin təminatı kimi borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. 03.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 22.07.2019-cu il tarixli, 005CASA192030003 nömrəli kredit müqaviləsi üzrə 2315,85 manat əsas borc, 19 manat faiz borcu olmaqla cəmi 2334,85 (iki min üç yüz otuz dörd manat 85 qəpik) manat borcu qalmışdır. 18.10.2020-ci il və 17.05.2021-ci il tarixli pretenziyalardan görünür ki, iddiaçı «Bank Respublika” ASC cavabdehlərə borcu könüllü ödəmələri barədə xəbərdar etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 17.09.2021-ci il tarixli, 2(044)- 2874/2021 nömrəli qərardadından görünür ki, iddiaçı «Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğvi və kredit borcunun ödənilməsi tələbinə dair mülki işin icraatına Cavabdeh1 öldüyü üçün ona aid hissədə xitam verilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, 22.07.2019-cu il tarixdə “«Bank Respublika”” ASC ilə Cavabdeh1 arasında 22.07.2019-cu il tarixli, 005CASA192030003 nömrəli zaminliklə təmin olunmuş güzəştli kredit müqaviləsi bağlanaraq, Cavabdeh1 illik faiz dərəcəsi 1 faiz olmaqla 60 ay müddətinə 2315,85 manat məbləğində kredit verilmişdir. İddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanaraq zamin kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməsi üçün borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 07.01.2020-ci il tarixdə öldüyü üçün Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 17.09.2021-ci il tarixli, 2(044)- 2874/2021 nömrəli qərardadı ilə mülki işin icraatına Cavabdeh1 aid hissədə xitam verilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılara əsasən əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.2-ci maddəsinin tələbinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanmış və tərəflər kredit müqaviləsi üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulu tam olaraq qaytarmayaraq öhdəliyi icra etməmiş, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Kredit borcunun zamin Cavabdeh2 tutulmasına gəldikdə məhkəmə qeyd edir ki, müqavilənin şərtlərinə görə iddiaçı tərəfindən kredit, zaminə kreditin tam qaytarılmasında iştirak etməyə borclu edən şəkildə verilmişdir. Ona görə də zamin bank qarşısında borcalanla birgə borclu olduğundan iddiaçı borcun ödənilməsini ondan tələb etmək hüququna malikdir. Bununla yanaşı Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 4 iyun 2018-ci il tarixli qərarında göstərilmişdir ki, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, 22.07.2019-cu il tarixli, 005CASA192030003 nömrəli kredit müqaviləsi üzrə öhdəlik vaxtında icra edilmədiyi üçün kredit borcu yaranmışdır. Belə olan halda 2315,85 manat əsas borc, 19 manat faiz borcu olmaqla, cəmi 2334,85 (iki min üç yüz otuz dörd manat 85 qəpik) manat kredit borcu Cavabdeh2 alınaraq «Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin olunmuş hissəsinə münasibətdə 30,0 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh2 22.07.2019-cu il tarixli, 005CASA192030003 nömrəli kredit müqaviləsi üzrə 2315,85 manat əsas, 19 manat faiz borcu, olmaqla, cəmi 2334,85 (iki min üç yüz otuz dörd manat 85 qəpik) manat kredit borcu və 30 manat dövlət rüsumu tutularaq «Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar