Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3795/2020 03.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı cavabdeh “UltraLab” Gəncə Klinikasına qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “UltraLab” Gəncə Klinikasına qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin qanunla müəyyən olunmuş məzmununa riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin göstərişinə əsasən iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, iddia ərizəsində cavabdeh kimi göstərilən “UltraLab” Gəncə Klinikasının poçt ünvanı kimi “Gəncə şəhəri, Bayram Meydanı küçəsi” göstərilmişdir ki, bu da cavabdehin poçt ünvanı sayıla bilməz. Poçt ünvanı elə bir şəkildə göstərilməlidir ki, xüsusi vasitələrdən istifadə edilmədən tərəfin olduğu yeri müəyyən etmək, məhkəmə sənədlərini ona çatdırmaq mümkün olmalıdır. Digər tərəfdən, Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsinin tələbinə görə iddia ərizəsində “işdə iştirak edən şəxslərin adları” göstərilməlidir. Həmin Məcəllənin 46-cı maddəsinə əsasən isə işdə iştirak edən şəxslər dedikdə, tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Qeyd olunan prosessual hüquq normalarına əsasən məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi üzrə cavabdeh qismində yalnız fiziki və ya hüquqi şəxslər çıxış edə bilər. İddiaçı isə iddia ərizəsində cavabdeh olaraq hüquqi şəxs kimi “UltraLab Gəncə Klinikası”nı göstərmişdir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin İnternet Vergi İdarəsinin Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, “UltraLab Gəncə Klinikası” adlı hüquqi şəxs dövlət reyestrində qeydiyyata alınmamışdır. Məhkəmə hesab edir ki, iddia ərizəsində cavabdehin adı düzgün göstərilməmiş, iddia ərizəsində cavabdeh kimi qeyd olunan Klinikanın aid olduğu hüquqi şəxsin adı qeyd olunmalı və iddia ərizəsi həmin hüquqi şəxsin hüquqi ünvanının yerləşdiyi yerin məhkəməsinə verilməli idi. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsi 152.4-cü maddə). Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələbinə əməl olunmadığı üçün İddiaçı cavabdeh “UltraLab” Gəncə Klinikasına qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmalı və göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra İddiaçı ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh “UltraLab” Gəncə Klinikasına qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-3795/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3795/2020
03.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver