Məhkəmə qərarları › İş №2(043)-380/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-380/2022

21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-380/2022 21.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin borcalan X2 hüquqi varisi Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti borcalan mərhum X2 hüquqi varisi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASC-in xeyrinə 03.07.2018-ci il tarixli, 2-03.07.2018-002419 saylı kredit müqaviləsinə əsasən 1328,08 manat əsas borc, 0,01 manat faiz borcu olmaqla cəmi 1328,09 (bir min üç yüz iyirmi səkkiz manat 09 qəpik) manat borcun və iddia ərizəsi üçün ödənilmiş 33,28 (otuz üç manat 28 qəpik) manat dövlət rüsumunun, habelə 0,40 (qırx qəpik) manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iddia tələbini müdafiə edərək göstərdi ki, "xxxx" ASC-nin Gəncə filialı ilə X5 arasında 03.07.2018-ci il tarixli 2-03.07.2018-002419 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 29 %-lə 36 ay müddətinə 1900 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X5 18.09.2019-cu il tarixdə ölmüşdür. Gəncə Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin 09.07.2021-ci il tarixli 2073 saylı məktubundan görünür ki, X1 qalmış mirasa Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş 26.11.2021-ci il tarixli maliyyə arayışına əsasən, X2 banka ödənilməmiş 1328,08 manat əsas, 0,01 manat faiz borcu, cəmi 1328,09 (bir min üç yüz iyirmi səkkiz manat 09 qəpik) manat borcu qalmışdır. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 03.07.2018-ci il tarixli, 2-03.07.2018-002419 nömrəli müqavilədən görünür ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış kredit müqaviləsinə əsasən X4 iddiaçı tərəfindən istehlak məqsədi üçün 36 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə 1900 manat məbləğində kredit verilmişdir. 972 nömrəli maliyyə arayışından görünür ki, 03.07.2018-ci il tarixli, 2-03.07.2018- 002419 saylı müqavilə üzrə ödənilməmiş 1328,08 manat əsas borc, 0,01 manat faiz borcu olmaqla, cəmi 1328,09 manat borc vardır. Gəncə “ASAN xidmət” mərkəzi notariat ofisinin 09.07.2020-ci il tarixli 2073 nömrəli məktubundan görünür ki, mərhum X2 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir 03.09.2021-ci il tarixli, 1148 nömrəli bildirişdən görünür ki, X2 hüquqi varisi Cavabdeh borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinin tələbinə görə, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-in 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 1273-ci maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. MM-in 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh 03.07.2018-ci il tarixli, 2- 03.07.2018-002419 saylı müqavilə üzrə 1328,08 manat əsas borc, 0,01 manat faiz borcu olmaqla cəmi 1328,09 (bir min üç yüz iyirmi səkkiz manat 09 qəpik) manat kredit borcu alınaraq "xxxx" ASC-in xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 33,28 (otuz üç manat 28 qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 03.07.2018-ci il tarixli, 2-03.07.2018-002419 saylı müqavilə üzrə 1328,08 manat əsas borc, 0,01 manat faiz borcu olmaqla cəmi 1328,09 (bir min üç yüz iyirmi səkkiz manat 09 qəpik) manat kredit borcu və iddia ərizəsi verilməsi üçün ödənilmiş 33,28 (otuz üç manat 28 qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar