Məhkəmə qərarları › İş №2(043)-3912/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3912/2021

08.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3912/2021 08.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 29.12.2014-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş 100 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilməklə, cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, 31 yanvar 2014-cü il tarixdə cavabdehlə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından 29.12.2014-cü il tarixdə Nilay adlı uşaqları anadan olmuşdur. Belə ki, cavabdehlə ailə qurduqdan sonra bir müddət normal yaşasalar da sonradan aralarında baş verən narazılıqlar səbəbindən ayrılmışlar. Belə ki, aralarında olan nikah Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 12 iyun 2015-ci il tarixli 2(043)-613/2015 saylı qətnaməsi ilə pozulmuş, uşaq onun yanında saxlanılmış, birgə nikahlarında anadan olmuş uşaqları Nilayın yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi qət edilmişdir. Hazırda uşağının saxlanılmasında maddi cəhətdən çətinlik çəkir. Ona görə də 100 manat müəyyən edilən aliment pulu uşağının saxlanma tələbatını ödəmir. Qızı 2-ci sinifdə oxuyur. Cavabdeh tərəfindən verilən aliment isə uşağının məktəb xərclərini belə ödəmir. Belə ki, azyaşlı qızı məktəbə getməklə yanaşı hazırlıq məşğələsinə də gedir. Özü isə heç bir yerdə işləmir .Cavabdeh isə ev ustası olmaqla kifayət qədər qazancı vardır. İddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. 17 noyabr 2021-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında cavabdeh hər ay 150 manat aliment ödəməyə imkanı olduğunu bildirmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİİ 527525 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, tərəflərin 29.12.2014-cü ildə Nilay adlı uşaqları anadan olmuşdur; Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 12.06.2015-ci il tarixli, 2(043)-613/2015 nömrəli qətnaməsinin surətindən görünür ki, 29.12.2014-cü il təvəllüdü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. 01.10.2021-ci il tarixli, MŞİH-03832 ilkin mediyasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh 16.09.2021-ci il tarixə saat 13:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş 15.11.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyində işləyir və 282 manat əmək haqqı alır. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 12.06.2015-ci il tarixli, 2(043)-613/2015 nömrəli qətnaməsinə əsasən 29.12.2014-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Təyin olunmuş 100 manat məbləğində aliment azyaşlı uşağın saxlanılması üçün yetərli olmadığından və cavabdeh 100 manat alimentdən başqa uşağın saxlanılmasına görə çəkilən xərclərdə iştirak etmədiyi üçün iddiaçı məhkəməyə müraciət edərək alimentin miqdarının artırılmasını tələb etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra - AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq Hüquqları Haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 12.06.2015-ci il tarixli, 2(043)- 613/2015 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği artırılaraq, hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində müəyyən edilməklə Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Göründüyü kimi iddiaçı aliment təyin olunandan sonra uşağın böyüyərək tələbatının artmasını əsas gətirərək cavabdehin uşağın saxlanmasında çəkilən xərclərə cəlb olunmasını tələb etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Bronda İtaliyaya qarşı işi üzrə qərarında göstərilmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyaya dair 7 saylı protokolunun 5-ci maddəsinə əsasən ər-arvad uşaqlari ilə münasıbətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətə mane olmur. Avropa dəyərləri müstəvisində uşaqların saxlanması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. Əgər uşaqların saxlanması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır. «X3» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175,0 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 175 manat müəyyən edilməsini və valideynlərin hər ikisinin hüquqları bərabər olmaqla, onların hər ikisinin uşağa qayğı göstərmək borcu olduğunu, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, uşağa qulluq, onun sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini nəzərə alaraq cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 160 (bir yüz altmış) manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, iş üzrə Cavabdeh oğlundan dövlət rüsumu hesabına 30 manat alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. 29.12.2014-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 12.06.2015-ci il tarixli, 2(043)- 613/2015 nömrəli qətnaməsi əsasında tutulan 100 manat alimentin məbləği artırılaraq, hər ay 160 (bir yüz altmış) manat məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumu hesabına 30 (otuz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar