Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-402/2022 17.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti kiçik iddialara dair sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" MMC-in xeyrinə 948,6 manat ödənilməmiş məbləğ, 94,4 manat cərimə olmaqla, ümumilikdə 1043 (bir min qırx üç) manat borcun, və 30,43 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbinə qarşı etiraz etdiyi üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 25.01.2022-ci il tarixli, 2(043)-402/2022 saylı qərardadına əsasən iş iddia icraatına keçirilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01.11.2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh Electrolux markalı paltaryuyan almışdır. Cavabdeh hazırki vaxta kimi üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ödəmə ilə bağlı iddiaçı tərəfindən dəfələrlə müraciət edilsə də, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 01.11.2020-ci il tarixli müqavilə üzrə 948,6 manat ödənilməmiş borcu, 94,4 manat cərimə olmaqla, ümumilikdə 1043 (bir min qırx üç) manat borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-in nümayəndəsi X2 iddianı müdafiə edib izahatında göstərdi ki, 01.11.2020-ci il tarixli nisyə alqı satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 18 ay müddətinə hər ay 52,7 manat ödəmək şərti ilə Electrolux markalı paltaryuyan satılmışdır. 07.12.2020-ci il tarixdə Cavabdeh tərəfindən paltaryuyanın işləməməsi səbəbindən təmirlə bağlı "xxxx" MMC-nin Servisinə (xidmət) müraciət olunmuşdur. Bu müraciətlə əlaqədar olaraq paltaryuyan cavabdehin ünvanından servis xidmətinin əməkdaşları tərəfindən götürülmüşdür. 24.12.2020-ci il tarixdə paltaryuyan servisin əməkdaşları tərəfindən təmir olunmuşdur. Həmin tarixdə cavabdehə paltaryuyanın təmir olunması və onu götürməsi barədə məlumat verilmişdir. Lakin bu günədək cavabdeh paltaryuyanı götürmür və üzərinə düşən öhdəliyi yerinə yetirmir. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, "xxxx" MMC ilə aralarında 01.11.2020 -ci il tarixdə müqavilə bağlanmış, həmin müqavilə əsasında 12 ay müddətinə hər ay 46,8 manat ödəməklə Electrolux markalı paltaryuyan almışdır. İddiaçı "xxxx" MMC-dən aldığı Electrolux markalı paltaryuyanı 14 gün müddətində qeyri işlək vəziyyətində olmuş, ona görə onu geri qaytarmaqla problemin aradan qaldırılmasını şifahi olaraq xahiş etmişdir. Bundan sonra o iddiaçıdan dəfələrlə aldığı avadanlığın işlək vəziyyətdə geri qaytarılmasını, bu mümkün olmadıqda aralarında olan müqavilə şərtlərinin iddiaçı tərəfindən pozulduğu nəzərə alınıb həmin müqavilənin ləğv olunmasını xahiş etmişdir. Buna baxmayaraq bu günə qədər nə ona aldığı avadanlığın yenisi qaytarılmayıb, nədə ki, aralarında olan müqavilə ləğv edilməmişdir. İddia əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:-01.11.2020-ci il tarixli, 22007927 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında əşyanın nisyə satışına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 948,6 manat dəyərində Electrolux markalı paltaryuyan satılmışdır. 01.11.2020-ci il tarixli müqaviləyə əlavə oln ödəniş cədvəlindən görünür ki, ödənişlərin qrafik üzrə hər ay 52,70 manat olmaqla hissə-hissə həyata keçirilməsi nəzərdə tutulmuşdur; 09.12.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 948,6 manat əsas borcu, 94,4 manat dəbbə pulu olmaqla, ümumilikdə 1043 manat borcu qalmışdır; "xxxx" MMC-in Cavabdeh ünvanladığı 12.07.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq etmişdir. 160430 nömrəli təmir aktından görünür ki, Cavabdeh aldığı avadanlıq qüsurlu olduğu üçün 07.12.2020-ci il tarixdə avadanlığı geri qaytarmış, avadanlığa baxış keçirilərkən ana platasında maye keçmə-nəm çəkməsi ilə bağlı sıradan çıxdığı müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyn edildi ki, tərəflər arasında bağlanmış 01.11.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən hər ay hissə-hissə ödəmək şərti ilə cavabdehə 948,6 manat dəyərində Electrolux markalı paltaryuyan satılmışdır. Həmin paltaryuyan qüsurlu olduğundan və zəmanətli olduğu üçün cavabdeh onu iddiaçıya qaytarmış, lakin iddiaçı avadanlıqda olan qüsuru aradan qaldırmaqla və ya yenisi ilə əvəz etməklə cavabdehə qaytarmamışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. MM-in 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. MM-in 581.4-cü maddəsinə əsasən satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. MM-in 582.3-cü maddəsinə əsasən əşyanın keyfiyyəti üçün qarantiya, əgər alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun tərkib hissələrinə (komplektləşdirici məmulata) də şamil edilir. MM-in 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılmasını, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını tələb etsin: (mad.587.1.1. 587.1.2.) MM-in 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin, lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. (Mad. 587.2.1, 587.2.2) MM-in 589.2-ci maddəsinə əsasən əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun İstehlakçıların hüquqlarından bəhs edən 3-cü və 5-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində istehlakçılar istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olması hüququna malikdir; Satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi tərəflər arasında əşyanın nisyə alqı satqısı barədə müqavilə olmuş iddiaçının müqavilə üzrə cavabdehə verdiyi mal qüsürlü olmuşdur. Halbuki, yuxarıda qeyd olunan qanunvericilikdə göstərilir ki, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə, alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30,43 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı 01.11.2020-ci il tarixli, 22007927 nömrəli müqavilə üzrə pul tələbinə dair iddiası əsassız olduğundan təmin olunmasın. İş üzrə ödənilmiş 30,43 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-402/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-402/2022
17.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver