Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-42/2022 27.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı, vəkili X2 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müalicəsi üçün 25000 manat, dəymiş zərərə görə əldən çıxmış fayda olaraq 6000 manat, ümumilikdə 31000 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əvvəllər gündəlik qazancını taksi fəaliyyəti ilə məşğul olaraq əldə etmiş, 24.03.2019-cu il tarixdə saat 19 radələrində Bakı şəhərindən gələn avtobus «Əllərin dairəsi» yaxınlığında yolun sağ tərəfində dayanmış, buna görə də müştəri tapmaq üçün həmin avtobus dayandığı yerə getmək üçün səkidən yolun sağ tərəfinə keçməyə başlamış və yolun təxminən orta hissəsinə çatdıqda sağ tərəfindən, yəni Bakı yolundan «BMW» markalı avtomobilin üzərinə doğru gəldiyini görmüş və bu zaman hərəkətini dayandırıb geri çəkilmək istəsə də, həmin avtomobildən qaça bilməmiş və avtomobil onu vuraraq asfalta yıxmışdır. Qeyd etdiyi hallar ərizəyə əlavə olan hökmdə də öz təsdiqini tapmışdır. O, həmin hökmdən apellyasiya şikayəti versə də hökm Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Qərarı ilə qüvvədə saxlanılmışdır. Cavabdeh onu avtomobili ilə vurduqdan sonra əmək qabiliyyəti tam olmasa da itmiş və hazırda evinin maddi təminatı və müalicəsini təmin edə bilmir. O, işləyə bilmədiyindən minimum yaşayış həddi istehlak səbəti üzrə) ona dəymiş ziyan əldən çıxmış fayda olaraq 6000 manat (24 ay x250 manat=6000 manat) təşkil edir. Hazırda müalicəsi üçün ümumilikdə 25.000 manat pul tələb olunur. O, əvvəlki sağlamlığına qayıtmaq üçün gözünün müalicəsi Türkiyə Respublikasında, ayaqlarının müalicəsi ilə Gürcüstan Respublikasında aparılmalıdır. Müalicənin başqa ölkədə aparılmasının səbəbi isə müalicənin ixtisaslaşdırılmış xəstəxana və həkim tərəfindən aparılması zərurətidir. Respublikada onun sağlamlağının bərpası ilə bağlı bu növ müalicənin aparılması mümkün deyil. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh müalicəsi üçün 25000 manat, mənəvi zərər olaraq 10000 manat, dəymiş zərər və əldən çıxmış fayda olaraq 6000 manat, ümumilikdə 41000 manat məbləğində pulun alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh 2019cu ildə törətdiyi avtoqəza nəticəsində ona həm maddi həm də mənəvi ziyan vurmuş, o, işləmə qabiliyyətini itirmiş və sağlamlığında bir çox fəsadlar qalmışdır. Sol gözünün görməsi tamamilə itmiş, eləcə də aldığı kəllə-beyin travması nəticəsində əsəbləri korlanmşdır. O, indiyədək iki aydan bir həkim müayinəsində olur, müxtəlif adda dərman vasitələri qəbul edir. Cavabdeh isə onun səhhəti ilə maraqlanmır, xərclərinin ödənilməsində heç bir köməklik göstərmir. Hadisə nəticəsində gözünün birində görmə tamamilə itdiyindən nəqliyyat vasitələrini idarə edə bilmir. Əvvəllər taksi sürücüsü kimi fəaliyyət göstərib qazanc əldə etsə də hazırda bu imkandan məhrum olmuşdur. Ailədə yeganə qazanc gətirən şəxs olduğu üçün ailəsinin maddi vəziyyəti də pisləşmişdir. Bütün bunlar ona maddi zərərlə yanaşı mənəvi zərər də vurmuşdur. Buna görə də iddiasının tam həcmdə təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X5 iddia tələbini müdafiə edərək iddianın tam təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya vurulmuş zərəri tam həcmdə ödəmişdir. Belə ki, iddiaçının xəstəxanada müalicə aldığı dövrdə onun bütün müalicə xərclərini qarşılamış, zəruri olan dərmanların hamısını almışdır. Buna baxmayaraq iddiaçı ondan yenə də əsassız olaraq pul tələb edir. Hazırda iddiaçının heç bir müalicəyə ehtiyacı yoxdur. İddiaçının sol gözündə görmə itsə də onun müalicə ilə aradan qaldırılması mümkün deyildir. Bundan başqa iddiaçı əvvəllər taksi fəaliyyəti göstərib qazanc əldə etdiyini, indi isə nəqliyyat vasitəsini idarə edə bilmədiyini desə də, o, iddiaçını demək olar ki, hər gün avtomobil idarə edərkən görür. Hesab edir ki, o, törətdiyi əmələ görə cəzasını çəkmiş, eyni zamanda əlindən gəldiyi qədər də iddiaçının sağlamlığına vurulmuş zərəri ortadan qaldırmışdır. Buna görə də iddianın təmin edilməməsini xahiş edir. Məhkəmənin 04 may 2021-ci il tarixli iclasında mütəxəssis qismində iştirak etmiş Gəncə şəhər Birləşmiş Xəstəxanasının həkim-oftalmoloqu X4 bildirmişdir ki, təqdim edilmiş tibbi sənədlərə əsasən iddiaçının sol gözündə görmə qabiliyyəti tamamilə itmiş, sağ gözündə isə görmə qabiliyyəti qaydasındadır. İddiaçı sol gözündə görmənin itməsinin səbəbi görmə sinirinin atrofiyası (quruması) ilə əlaqədardır və müalicəsi, yəni sol gözün görməsinin bərpası mümkün deyildir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-99/2019 saylı, 16 oktyabr 2019cu il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Tibbi-Sosial Ekspert Komisiyasının 01 aprel 2021-ci il tarixli sonuncu müayinəyə dair məlumatından görünür ki, İddiaçı ümumi xəstəliyi gözdən əlillik, diaqnozu: görmə sinirinin atrofiyası, sol gözdə görmə sinirinin atrofiyası, monokulyar korluqdur. Ü.Musabəyli adına Şəhər Oftalmoloji Xəstəxana tərəfindən verilmiş 16 may 2019-cu il tarixli, 331 nömrəli tibbi rəydən görünür ki, İddiaçı sol gözündə işığa reaksiya yoxdur, göz dibi G.S.M.avazımış, sərhədləri aydındır, tor qişa damarları kəskin dardır, fovemakulyar refleks alınmır. Diaqnoz: sol gözdə görmə sinirinin postravmatik atrofiyası. Ambulator-stasionar xəstənin tibbi kartasıdan çıxarışlardan görünür ki İddiaçı 14.05.2019-cu il tarixdən 15 mart 2021-ci il tarixədək Veteranlar poliklinikasında müalicə və müayinə olunmuşdur. X1 24.09.2019-cu il tarixli müayinəsindən görünür ki, İddiaçı 24 mart 2019-cu il tarixdə həmin xəstəxanada Kranial KT- radioloq müayinəsində olmuşdur. X1 03 may 2019-cu il tarixli müayinəsindən görünür ki, İddiaçı həmin xəstəxanada beyin MR müaynəsində olmuşdur. X3 Mərkəzinin 25 mart 2019-cu il tarixli müayinəsindən görünür ki, İddiaçı 25.03.2019-cu il tarixdən 28.03.2019-cu il tarixədək həmin Mərkəzdə müalicə olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Eksertiza və Pataloji Anatomiya Birliyinin 15 fevral 2022-ci il tarixli, 32/MEŞ saylı ekspert rəyindən görünür ki, İddiaçı yüksək ixtisaslı həkim mütəxəssislərini (oftalmoloq, otorinolarinqoloq, travatoloq, neyrocərrah, radioloq) kliniki müayinələrinin nəticələrinə, həm də instrumental müayinəsinə əsasən demək olar ki, onun sağlamlıq vəziyyətində 24.03.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı almış olduğu xəsarətlərlə əlaqədar hal-hazırda cərrahi müdaxiləyə mütləq göstəriş yoxdur. Yaşayış sahəsinin poliklinikasında həkim nəzarətində olması məsləhət görülür. X1 göstərilən xidmətlərə dair qəbzindən görünür ki, İddiaçı tərəfindən oftalmoloqun müayinəsi üçün 02.05.2019-cu il tarixdə 30 manat, beyin cərrahının müayinəsi üçün 06.05.2019-cu il tarixdə 30 manat, kompüter tomoqrafiyası üçün 09.05.2019-cu il tarixdə 84 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş müxtəlif resept blankarından görünür ki, İddiaçı 2019- 2022-ci il tarixlərdə dərman vasitələrinin qəbulu və eləcə də eynək təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsində əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Müəyyən edilir ki, cavabdeh 24.03.2019-cu il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi nətcəsində ehtiyatsızlıqdan iddiaçının sağlamlığına ağır zərər vurmuşdur. Cavabdeh qəza törədilməsindən sonra ona tibbi yardım etmiş, müalicə və müayinə olunmasında maddi cəhətdən köməklik etmişdir. İddiaçı hazırda cavabdehdən sağlamlığının bərpası üçün 25000 manat pul tələb edir. Buna baxmayaraq iddiaçı sağlamlığının bərpası (gözlərinin və ayaqlarının müalicəsi) üçün xərclərin çəkilməsinin zəruriliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İş materiallarında olan ekspertiza rəyindən də bəlli olduğu kimi iddiaçının almış olduğu xəsarətlə bağlı hazırda cərrahi müdaxiləyə mütləq göstəriş yoxdur, eləcə də məhkəmə iclasında iştirak etmiş mütəxəssis də bildirmişdir ki, iddiaçının sol gözündə görmə qabiliyyəti tamamilə itmiş, sol gözün müalicəsi, yəni görmənin bərpası mümkün deyil. Odur ki, cavabdehdən müalicəsi olmayan xəstəliyin müalicəsi ilə bağlı xərcin tutulması da əsaslı hesab oluna bilməz. Bununla yanaşı, baş vermiş qəzadan sonra iddiaçı açıq kəllə beyin travması almış, mütəmadi olaraq nevropatoloq müayinəsi alır. İddiaçı həmin müayinə üzrə mütəmadi olaraq dərmanlar qəbul edir. İddiaçı dərmanların qiyməti ilə bağlı hər hansı sübut təqdim etməsə də onun mütəmadi olaraq həkim nəzarətində olması, müxtəlif dərmanlar alması və qəbul etməsinin zəruriliyi aşkar faktdır. İşin yuxarıda qeyd edilmiş faktiki hallarına və tətbiq ediləcək olan maddi hüquq normalarına uyğun olaraq məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, iddiaçının nevropatoloq müayinəsi və müalicəsi ilə əlaqədar çəkdiyi xərclərə görə ağlabatan miqdarda, yəni 500 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. İddiaçının digər tələbi qazancından məhrum olması ilə əlaqədar olaraq əldən çıxmış fayda qismində cavabdehdən 6000 manat pulun alınması tələbidir. İddiaçı bu tələbini yolnəqliyyat hadisəsindən əvvəl taksi fəaliyyəti ilə məşğul olması və hər ay ən azı minimum əmək haqqı miqdarında yəni 250 manat qazanc əldə etməsi ilə əsaslandırmışdır. Lakin iddiaçı sağlamlığına zərər vurulmamışdan əvvəl taksi fəaliyyəti ilə məşğul olması və gəlir əldə etməsi, eləcə də bu gəlirin miqdarı barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, əldən çıxmış fayda şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər olduğundan mücərrəd qaydada hesablana bilməz. Şəxsin əldə edəcəyi gəlirlər ifadəsi şəxsin gəlir əldə etmək qabiliyyətini (əmək qabiliyyətini) yox, gəlir əldə etmək üçün real imkanını nəzərdə tutur. Bu imkanın mövcud olması isə sübuta yetirilməlidir. Qeyd olunduğu kimi iddiaçı bu tələbini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə, iddia tələbinin mənəvi zərərin ödənilməsinə dair hissəsinin hüquqi əsasını nəzərdən keçirərək hesab edir ki, iddiaçı mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Bununla belə məhkəmə mənəvi zərərin əvəzinin iddiaçının tələb etdiyi miqdarda – yəni on min manat həcmində müəyyən edilməsi ilə razılaşmır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 8-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyrihüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən elementlərdən birinin olmaması delikt öhdəliyinin yaranmasını istisna edir. Məhkəmə hazırkı mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına mülki hüquq pozuntusu (delikt) aspektindən yanaşaraq qeyd edir ki, cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur. Belə ki, cavabdeh yol hərəkəti qaydalarını pozaraq iddiaçını avtomobillə vurmuş və nəticədə iddiaçının sağlamlığına zərər dəymiş, iddiaçı uzun müddət həkim müayinəsi və müalicəsində olmuş, hadisə nəticəsində gözünün birində görmə bərpa olunmayacaq şəkildə itmişdir. Məhkəmə qeyd edir ki, sadalananlar birmənalı olaraq iddiaçının mənəvi sarsıntı keçirməsinə səbəb olmaqla onun davamlı surətdə iztirab çəkməsinə səbəb olmuşdur. Belə ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 10-cu bəndində izah edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, mənəvi zərərin ödənilməsi baş vermiş hadisənin nəticələrini ortadan qaldırmağa yönəlmir. Belə ki, bir çox hallarda, o cümlədən hazırkı baxılan mülki işdə də hadisənin bütün nəticələrinin ortadan qaldırılması ümumiyyətlə mümkün deyildir. Mənəvi zərərin əvəzinin ödənilməsi bir tərəfdən zərərçəkmiş şəxsin mənəvi sarsıntı və iztirablarını kompensasiya etməyə, digər tərəfdən isə zərər vurmuş şəxsi intizamlandırmağa xidmət edir. Bundan başqa hazırkı işin hallarından da göründüyü kimi cavabdeh iddiaçıya mənəvi zərəri qəsdən yox, ehtiyatsızlıqdan vurmuşdur. Eyni zamanda nəzərə alınmalıdır ki, mənəvi zərərə görə kompensasiyanın miqdarı cavabdehin əmlak vəziyyətinə uyğun olmalıdır. Cavabdeh orta məktəbdə müəllim işləyir. Mənəvi zərərin miqdarı elə müəyyən edilməlidir ki, o həm vurulmuş mənəvi zərərə adekvat olsun, həm də zərər vurmuş şəxsin onu ödəmək imkanı olsun. Əks təqdirdə mənəvi zərərin əvəzinin ödənilməsi barədə qətnamənin icrası da mümkünsüz olacaqdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlardan da göründüyü kimi, cavabdeh törətdiyi əmələ görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəza törədilən cinayətə görə tənbehdir. Tənbeh cəzanın yetirdiyi maddi, mənəvi və fiziki məhrumiyyətləri ifadə edir, cəzanın mahiyyətini əks etdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci və 41.2-ci maddələrinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göründüyü kimi cəzanın məqsədlərindən biri sosial ədalətin bərpasıdır. Burada sosial ədalətin bərpası cinayətlə pozulan şəxsi, ictimai və dövlət mənafeyinin bərpasını nəzərdə tutur. Sosial ədalətin bərpası kimi cəzanın məqsədi cinayətin şəxsiyyətə, cəmiyyətə, dövlətə vurduğu ziyanın optimal kompensasiya imkanını da nəzərdə tutur. Şərh olunanlardan görünür ki, Cavabdeh ona məhkəmənin hökmü ilə təyin olunan cəzanı çəkməsi ilə iddiaçının mənəvi zərəri qismən də olsa kompensasiya edilmişdir. Məhkəmə mənəvi zərərlə bağlı tələbi qiymətləndirərkən yuxarıda qeyd edilən halları, eləcə də cavabdehin əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, mənəvi zərərin əvəzi 4000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh sağlamlığa vurulmuş maddi zərərin əvəzi qismində 500 (beş yüz) manat, mənəvi zərərin əvəzi qismində 4000 (dörd min) manat məbləğində pul tutularaq İddiaçın ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-42/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-42/2022
27.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver