Məhkəmə qərarları › İş №2(043)-428/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-428/2022

25.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-428/2022 25.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı və cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əsassız olaraq hesablanmış 1334,2 manat məbləğində qazdan istifadəyə görə borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 06.01.2021-ci il tarixdə X9 İstismar İdarəsinin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilmiş, həmin akta əsasən X9 İstismar İdarəsinin rəisi Xaliq Namazov tərəfindən 14.01 2021-ci il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə qəbul edilmişdir. Bildirir ki, onun evinə quraşdrılmış qaz sayğacı 2020-ci ilin noyabr ayında yenisi ilə əvəz edilmişdir. Buna səbəb idarənin əməkdaşlarının dediyinə görə sayğacın istifadəyə yararlıq müddətinin bitməsi olmuşdur. Yeni quraşdırılmış qaz sayğacı düzgün işləmədiyindən dəfələrlə qaz istismar idarəsinə məlumat vermişdir. Belə ki, qaz işlədicilərinin heç biri qoşulu olmadığı halda sayğacın göstəricisi işləmişdir. Çox şikayətdən sonra 2021-ci ilin fevral ayında qaz sayğacı düzgün işləmədiyinə görə idarənin əməkdaşları tərəfindən yenisi ilə əvəz edilmişdir. Bu üç aylıq müddət ərzində sayğac 1334,2 manat məbləğində qazdan istifadəyə görə borc yazmışdır ki, bu da bir fərdi ev üçün üç ay müddətində sərf edilə biləcək qaz sərfiyyatı deyildir. Bundan başqa X9 İstismar İdarəsinin əməkdaşları tərəfindən aşkar edilmiş qaz xətti sayğacdan kənar qaz xətti deyildir. Həmin dövrdə onun qayınatası rəhmətə getdiyindən yemək bişirilməsi üçün onların evindən onlara qaz xətti çəkilmiş və bütün yeməklər onların evdə bişirilmişdir və istifadə olunan qazın dəyəri onlar tərəfindən ödənilmişdir. X9 İstismar İdarəsinin əməkdaları tərəfindən tərtib edilmiş akt ümumiyyətlə nə onun, nə də arvadı Həsənova Nailə tərəfindən imzalanmamışdır ki, buda ciddi qanun pozuntusudur. Tərtib olunmuş akta və tələbnaməyə nəzər salsaq görərik ki, qaz işlədicilərinin orta günlük iş rejimi 24 saat və hesabat müddəti isə 90 gün kimi qəbul edilmişdir. Hesab edir ki, ümumiyyətlə dəymiş ziyan belə düzgün hesablanmamışdır. X8 Qaz İstismar İdarəsinin gəldiyi nəticəyə görə evdə olan qaz iştədiciləri 90 gün dayanmadan işləmişdir ki, buda həqiqətə uyğun deyildir. Ümumiyyətlə qeyd edir ki, bu üç ay müddətində istfdadəyə yararsız olan sayğac 1334,2 manat məbləğində qazdan istifadəyə görə borc yazmış və həmin müddətə X9 İstismar İdarəsinin əməkdaşları tərəfindən 1252,8 manat məbləğində itirilmiş qazın bərpası üçün ziyan hesablanmışdır. Yəni hər iki halda bizə qanunsuz olaraq borc yazılmışıdr ki, bu gün mənim 2587 manat borcum yaranmışdır. Hesab edir ki, 06.01.2021-ci il tarixdə X9 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt və həmin akta əsasən X9 İstismar İdarəsinin rəisi Xaliq Namazov tərəfindən qəbul edilmiş 14.01.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə əsassız olduğundan ləğv edilməli, istifadəyə yararsız olan qaz sayğacının quraşdırılması nəticəsində hesablanmış 1334,2 manat məbləğində qazdan istifadəyə görə borc silinməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbində göstərilən xüsusatlara oxşar ifadə verərək bildirdi ki, hesablanmış borcu əsassız hesab edir. Həmin borcdan əvvəl hüquqlarını bilmədiyi üçün 35 manat məbləğində ödəniş etmişdir. Lakin, daha sonra hüquqları barədə məlumat əldə etdikdən sonra borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. O, “Azəriqaz” İstehsalat Birliyinin 06.01.2021-ci il tarixli, ******* nömrəli aktını qanunsuz hesab edir. Akt tərtib olunan zaman onun iştirakı təmin olunmamışdır. Həmin vaxt həyat yoldaşı aktın tərtibində iştirak etmiş, lakin “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları aktı tərtib edən zaman həyat yoldaşına aktın mahiyyətini izah etməyərək onu aldatmış və akta imza çəkdirmişlər. O, heç bir sayğazdan kənar xəttə qoşulmamışdır. Belə bir hal varsa “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi bunu məhkəmədə sübut etməlidir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəs ilə məhkəməyə müraciət edərək ünvanında qazdan qanunsuz (sayğacdan kənar əlavə xətt vasitəsilə) istifadə nəticəsində hesablanmış 1334,20 (bir min üç yüz otuz dörd manat 20 qəpik) manat borcun silinməsi tələbilə məhkəməyə müraciət etmişdir. Qazdan qanunsuz istifadə nəticəsində hesablanmış borcun silinməli olduğunu hesab etmişdir. Aşağıda göstərilənlərə əsasən iddia tələbi əsassız olduğundan ərizəyə etiraz edir.Belə ki, İddiaçı ilə “Azəriqaz” İstehsalat Birliyi arasında 23.07.2020-ci il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi bağlanılmışdır. Müqavilə əsasında ünvana qaz sayğacı quraşdırılaraq 11.09.2010-cu il tarixdə təbii qazla təchiz edilmişdir. Müqavilə bağlandıqdan sonra iddiaçı qazdan istifadə qaydalarına əməl etməmiş, qüvvədə olan qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri tərəfindən istehlakçıların qazdan istifadə qaydalarının tələblərinə riayət edilməsinin yoxlanılması məqsədilə 06.01.2021-ci il tarixdə ünvana baxış keçirərkən sayğacdan kənar əlavə xətt vasitəsilə qazdan qanunsuz istifadə (sayğacdan kənar əlavə xətt) olunduğu aşkar edilmişdir. Bu barədə iddiaçının nümayəndəsinin iştirakı ilə (akta imza olunmaqla) ******* saylı, 06.01.2021-ci il tarixli akt tərtib olunmuşdur. Akta əsasən qazdan qanunusuz istifadə nəticəsində 12528 m3 itirilmiş qazın bərpası məqasədilə 1252,80 (bir min iki yüz əlli iki manat 80 qəpik) manat məbləğində itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Aktda itirilmiş hər kubmetr qazın dəyəri 0,10 manatdan hesablanmışdır. Hesablanmış dəymiş ziyanın 35.20 (otuz beş manat 20 qəpik) manat hissəsi ödənilsə də qalan məbləğ ödənilməmişdir. Bundan başqa borcun ödənilməsi ilə bağlı tərəflər arasında 18.01.2021-ci il tarixdə qarşılıqlı razılaşma protokolu bağlanılmışdır. Həmin protokola əsasən iddiaçı tərəf yaranmış borcun ödənilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda İddiaçı ünvanında qazdan istifadə edilməklə yaranmış borc tam şəkildə ödənilməmiş, nəticədə 14.03.2022-ci il tarixə 1274.20 qəpik borcu yaranmışdır. Borcun ödənilməsi barədə iddiaçı tərəfə hər ay bildiriş-xəbərdarlıq təqdim edilməsinə baxmayaraq borcun ödənişindən yayınmışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan 14.01.2021-ci il tarixli “dəymiş ziyanın bərpasına” dair tələbnamənin surətindən görünür ki, Gəncə şəhəri, Bağ yeri 501 ünvanında yerləşən abonent kodu **********05010 olan İddiaçı məxsus sayğaca hesabat müddəti 270 gün qəbul edilməklə itirilmiş qazın həcmi 12528 m3 müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması” ******* nömrəli aktın surətindən görünür ki, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən abonent kodu **********05010 olan İddiaçı istifadəsində olan sayğaca qanunsuz qoşulma aşkar olunmuş və aktın doğruluğu Yusifli Samir, İskəndərov Umud, İskəndərov Təhmasib, Musayev Yaşar tərəfindən imzaları ilə təsdiq edilmiş və kənar əlavə xətdən istifadə etdiyi üçün 12528 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarına əlavə edilmiş 18.01.2021-ci il tarixli “istehlak olunmuş qaz sərfinə görə yaranmış debitor borcun ödənilməsi barədə razılaşma” protokolundan görünür ki, “Azəriqaz” X1 Tahir Saleh oğlu ilə razılığa gələrək, “istehlakçı” qaz kartına hər yüklənəcək məbləğdən 50 % (əlli faiz) tutulmaqla borcunun hissə-hissə ödənilməsinə razılığını bildirir və ödəmə kartına məbləğin yülkməsinin müntəzəm olacağına söz verir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Gəncə şəhəri, Cavadxan qəsəbəsi, Bağ yeri 501 ünvanında yaşayır və yaşadığı evdə “Azəriqaz” İstehsalat Birliyinin xidmət dairəsində onun adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda 06 yanvar 2021-ci il tarixdə yoxlama zamanı fərdi yaşayış evinə quraşdırılmış sayğacdan kənar əlavə xətt vasitəsilə qazdan istifadə edilməsi aşkar olunması ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən “qazdan istifadə qaydalarının pozulması” ilə bağlı 06.01.2021-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmçinin, həmin akt abonentin iştirakı olmadan, sadəcə iddiaçının həyat yoldaşının iştirakı ilə tərtib olunmuş və akta əsasən abonentə 12528 m3 həcmində qazdan istifadə, yəni 1252,80 manat hesablanmışdır. Aktda itirilmiş qazın hər kübmetrinin dəyəri 0,10 manatdan hesablanmışdır. Qeyd olunan akt İddiaçı iştirakı olmadan tərtib edilmiş və onun imzası ilə təsdiq edilməmiş, habelə akt tərtib olunarkən iştirak etməmişdir. Bundan başqa İddiaçı məxsus Gəncə şəhəri, Bağ yeri 501 ünvanında yerləşən sayğaca qanunsuz qaz xəttinin çəkilməsini təsdiq edən heç bir mötəbər sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, Gəncə şəhəri, Cavadxan qəsəbəsi, Bağ yeri 501 ünvanında yerləşən istehlakçı İddiaçı məxsus ünvanda yoxlama zamanı sayğacdan kənar əlavə xətt vasitəsilə qazdan istifadə edilməsinin özündə əks etdirən videogörüntü və şahidlər cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilə bilməmişdir. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğaca kənar əlavə xəttdən qazdan istifadə olunması və nəticədə 1252,80 manat borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi aşağıdakı hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmə qeyd edir ki, məişət abonenti olan iddiaçı yaşadığı evdə “Azəriqaz” İstehsalat Birliyinin xidmət dairəsində onun adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda 06.01.2021-ci il tarixdə yoxlama zamanı fərdi yaşayış evinə quraşdırılmış sayğacdan kənar əlavə xəttdən qazdan istifadə olunması ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən “qazdan istifadə qaydaları”nın pozulması ilə bağlı 06.01.2021-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmçinin, həmin akt abonentin iştirakı olmadan tərtib olunmuş və akta əsasən abonentə 1252,80 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının tələbi ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən akt tərtib olunarkən abonentin iştirakının təmin olunmaması, heç bir mötəbər mənbədən əldə edilmiş sübutlara əsaslanmadan (hüquq pozuntusunu özündə əks etdirən videogörüntü olmadan) abonentə 1252,80 manat borc hesablanması məhkəmə tərəfindən əsaslı hesab edilmir. Belə ki, cavabdehin əməkdaşları tərəfindən akt tərtib olunarkən istehlakçının iştirakı təmin olunmadan, bu barədə aktda hər hansı müvafiq qeyd aparılmadan, heç bir təsdiqedici mənbəyə əsaslanmadan iddiaçıya 1252,80 manat borc hesablanmışdır. Ümumiyyətlə sayğacın kənar əlavə xəttdən qazdan istifadə olunması nədə ifadə olması da aktda kifayət qədər dolğun əsaslandırılmamışdır. Buna dair cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə mötəbər sübut təqdim olunmmaışdır. Bu hallar isə bir daha tərtib olunmuş aktın və hesablanmış borc məbləğinin əsassız olduğuna dəlalət etmişdir. Bundan əlavə, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş aktda istehlakçının adından nümayəndəsi olaraq həyat yoldaşı Həsənova Nailə tərəfindən imzalanmışdır, lakin etibarnamənin əsli və ya təsdiqlənmiş surəti və nümayəndənin istehlakçı İddiaçı yaxın qohumu olmasını göstərən və imzalanmaq səlahiyyəti olan heç bir qeyd aparılmamışdır. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən halları və qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Həmçinin, iddiaçının 1334,2 manat pulun (1217,80 manat hissəsi istisna olmaqla) qalan hissəsinin əsassız hesablanmış borc ilə bağlı iddia tələbinə münasibət bildirərək məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən tələbi ilə bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş və bu hal heç bir sübutla öz təsdiqini tapmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi qismən təmin edilməli, 06.01.2021-ci il tarixli, ******* saylı akt əsasında iddiaçıya “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən qazdan istifadə qaydalarının pozulması halına görə hesablanmış iddiaçının itirilmiş qaza görə tərtib olunan akta əsasən yazılmış 1252.80 manat və həmin borcdan ödənilmiş 35 manat çıxılmaqla yerdə qalan 1217,80 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi 26.07.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təşəkkül tapmış presedent hüququna əsasən sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, sübut etmək yükünün təkzib edənin deyil, iddia edənin üzərinə düşməsi prinsipi rəhbər tutulmalıdır. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş 06 yanvar 2021-ci il tarixli, ******* nörməli akt əsasında hesablanmış borcdan 1217,80 (bir min iki yüz on yeddi manat səksən qəpik) manatı silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar