Məhkəmə qərarları › İş №2(043)-431/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-431/2022

19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-431/2022 19.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16000 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2017-ci ildə Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində Meronun (Gəncə 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan şöbəsi) ətrafı deyilən ərazidə Cavabdeh adlı şəxsdən 4 sot torpaq sahəsi almaq üçün sənədəşmə ilə birlikdə 16000 manat pul vermişdir. İldırım torpaq sahəsini ona göstərmiş, pulu verdikdən sonra onun adına sənədləşmə - sərəncam və lahiyə verilmişdir. Bundan sonra torpaq sahəsini hasara aldıraraq darvaza qoydurmuşdur. 2020-ci ilin fevral ayında torpaq sahəsinə gedib nəzarət edərkən Adil və Dilqəm adlı şəxslərin onun tikdirdiyi hasarı uçurmalarını görmüşdür. O, niyə görə belə etdiklərini və topaq sahəsini İldırım adlı şəxsdən 16000 manata aldığını demişdir. Adil də həmin vaxt ona çıxarış təqdim edərək torpaq sahəsinin ona məxsus olmasını demişdir. Sonradan dəqiqləşdirmə aparan zaman ona məlum olmuşdur ki, torpaq sahəsi həqiqətən də Adilə məxsusdur. Bundan sonra İldırımdan verdiyi pulu tələb etmiş və hər dəfə İldırım müxtəlif bəhanələrlə onun pulunu qaytarmamışdır. Bundan sonra məcbur olub polisə şikayət etmişdir. Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X2 HK-1508 № li material üzrə 29.09.2020-ci il tarixli qərarı ilə vətəndaş R.Ə.Abbasovun ərizəsi əsasında toplanmış materialın aidiyyatı üzrə AR Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılan cinayət işinə əlavə olunması üçün aidiyyatı üzrə Gəncə şəhər Prokurorluğuna göndərilməsi qərara alınmışdır. Həmin qərarda Cavabdeh izahatından da göründüyü kimi o, iddiaçının dediklərini etiraf etmiş və guya ki, özünə məxsus 2 ədəd 4 sotdan ibarət ayrı-ayrı torpaq sahələrini hər biri 16000 manat olmaqla Rasim və Elnur adlı şəxslərə satdığını və pullarını aldığını bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək əlavə olaraq bildirdi ki, o, Cavabdeh 16000 manat pulu notariusun qarşısında Cavabdeh məxsus qara rəngli cip avtomobilinin içərində vermişdir. Həmin vaxt avtomobilin arxa oturacağında makler kimi fəaliyyət göstərən Qabil adlı şəxs də oturmuşdu. Hazırda bildiyinə görə Qabil adlı şəxs vəfat etmişdir. O, dostu Elşəndən aldığı 8000 manat pulu və özündə olan 8000 manat pulu, cəmi 16000 manat pulu avtomobilin ön sağ tərəfində əyləşərək bilavasitə İldırıma vermişdir. Lakin, sonradan ona satılmış torpaq sahəsinin qanuni sənədləşmə əsasında başqa şəxslərə satıldığını öyrənmişdir. Bundan sonra İldırımdan ona verdiyi 16000 manat pulu tələb etsə də, İldırım müxtəlif bəhanələr gətirərən verdiyi pulu ona qaytarmamışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında iddiaçını tanımadığını, aralarında heç bir alqı-satqı baş vermədiyini, torpaq alqı-satqısına görə iddiaçıdan pul almadığını, torpaq sahəsinin Qabil adlı makler tərəfindən iddiaçıya satıldığını bildirdi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, Cavabdeh atasının xalası əridir. O, cavabdehin əli ilə adına 4 sot torpaq sahəsi əldə etmişdir. Cavabdeh ona zəng edərək, həmin torpaq sahəsini satmaq istəyib istəmədiyini soruşmuş, o da satmaq istədiyini bildirmişdir. Bundan sonra o, iş yerində olan vaxt İldırım ona zəng edərək onun adına alınmış torpağın sənədləşməsinə görə notariusa çağırmış və buna görə o, Gəncə şəhəri Yeni Gəncədə yerləşən notariat ofisinə getmişdir. Orada həmin vaxt İldırımı görməmiş, onu Qabil adlı şəxs qarşılamış və o həmin torpaq sahəsini sənədləşməsi ilə bağlı müəyyən sənədləri imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, iddiaçı onun dostudur. Onlar 10 ildən artıqdır ki, dostluq edirlər. İddiaçı 2017-ci ildə Yeni Gəncə qəsəbəsində 4 sot torpaq sahəsi olduğunu, həmin torpaq sahəsini almaq istədiyini, lakin 8000 manat pulu çatmadığı bildirərək, həmin məbləği ondan borc kimi istəmişdir. O da aralarında dostluq münasibətinə görə həmin məbləği iddiaçıya vemişdir. Bundan sonra iddiaçı, o, və iddiaçının qardaşı Yeni Gəncədə yerləşən Notariat Ofisinin qarşısına getmişlər. Onlar notariusun qarşısında gəldikdə, Cavabdeh də özünə məxsus qara rəngli Toyota Prado markalı avtomobillə oraya gəlmişdi. Həmin vaxt avtomobilin arxa oturacağında Qabil adlı şəxs də əyləşmişdi. Elnur avtomobilin ön sağ oturacağında əyləşərək, ondan aldığı 8000 manat pulu və özündə olan 8000 manat pulu torpaq almasına görə İldırıma vermişdir. Pulun verilməsini o və yanında olan şəxslər də görmüşdür. Bundan sonra o, Elnura torpağı almasına görə xeyir dua vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, o, iddiaçının qardaşıdır. 2017-ci ildə qardaşı X12 qəsəbəsində yerləşən 4 sot torpaq sahəsi almaq istədiyini bildirmiş və alqı-satqı üçün onun da yanında olmasını istədiyini bildirmişdir. Bundan sonra o, qardaşı və qardaşının Elşən adlı dostu ilə birlikdə Yeni Gəncədə yerləşən Notariat Ofisinin qarşısına getmişlər. Notarusun qarşısında olarkən Elşən torpağın alınması üçün çatışmayan 8000 manat pulu Elnura vermişdir. Həmin vaxt oraya qara rəngli Toyota Prado markalı minik maşını gəlmiş və avtomobilin sükanı arxasında Cavabdeh, arxa otucarağında isə mərhum Qalib adlı şəxs olmuşdur. O, qardaşı Elnurun həmin maşına əyləşərək 16000 min manat pulu cavabdehə verdiyinin şahidi olmuşdur. Məhkəmə, tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan “Materialın istintaq aidiyyatı üzrə göndərilməsi haqqında” 29.09.2020-ci il tarixli qərardan görünür ki, Gəncə şəhər Nizami RPİ-nin TB-nin icraatında olan HK-1/508 nömrəli material üzrə izahatı alınmış Cavabdeh izahatında bildirmişdir ki, 2013-cü ildə Gəncə şəhər X11 massivi 2- mikrorayon, 28 may küçəsinin şərq tərəfindən hər biri 4 sot olmaqla iki ədəd torpaq sahəsini həmin müddətdə Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının sərəncam və layihələri əsasında qohumları Murad Kərimov və Elmar Kərimovun adına almışdır. Torpaq sahəsini alandan sonra həmin torpaq sahəsində heç bir tikinti işləri aparmamış, 2016-cı ildə övladının səhhəti ilə əlaqədr pula ehtiyacı olduğundan həmin torpaq sahələrini satmaq qərarına gəlmişdir. X5 adına olan 4 sot torpaq sahəsini 16000 manata Rasim adlı şəxsə, qohumu Elmar Kərimovun adına olan 4 sot torpaq sahəsini isə tanışı Qabil Elnur adlı şəxsə 16000 manata satmışdır. Cavabdeh məhkəmə iclasında iddiaçı ilə aralarında torpağa dair heç bir alqı-satqı baş vermədiyini, torpaq alqı-satqısına görə iddiaçıdan pul almadığını bildirsə də, onun təhqiqat araşdırması zamanı verdiyi izahatından görünür ki, 2016-cı ildə övladının səhhəti ilə əlaqədar pula ehtiyacı olduğundan 2013-cü ildə almış olduğu hər biri 4 sot olan torpaq sahələrini satmaq qərarına gəlmiş, həmin torpaq sahələrindən biri məhz 16000 manata İddiaçı satılmışdır. Məhkəmə iclasında həm iddiaçının özü, həm də şahid qismində dindirilmiş X1 və X4 ifadələrində torpağın alqı-satqısına görə 16000 manat pulun İddiaçı tərəfindən məhz Cavabdeh verildiyini təsdiq etmişlər. X10 isə məhkəmə iclasında ifadəsində İldırımın ona zəng edərək adına alınmış torpağın sənədləşməsinə görə notariusa çağırdığını demişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutları müqayisəli şəkildə qiymətləndirərək belə qənaətə gəlir ki, 2017-ci ildə tərəflər arasında Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən 4 sot torpaq sahəsinin alqı-satqısına dair şifahi müqavilə bağlanmışdır. Həmin razılaşmaya əsasən cavabdeh qeyd edilən torpaq sahəsini 16000 manat müqabilində iddiaçıya satmış və torpaq sahəsini ona təhvil vermiş, bunun müqabilində isə iddiaçı cavabdehə 16000 manat məbləğində pul vermişdir. Cavabdehin iddiaçı ilə onun arasında torpaq alqı-satqının olmaması, torpaq alqı-satqısına dair iddiaçıdan pul almamasına dair izahatı həqiqəti əks etdirmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə hesab edir ki, cavabdeh Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən 4 sot torpaq sahəsinin mülkiyyətçisi olmadığından, o, həmin torpaq sahəsinə dair sərəncam verilməsinə dair əqd bağlaya bilməzdi. Digər tərəfdən qeyd edilməlidir ki, tərəflər arasında 2017-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi qanunvericiliyin müəyyən etdiyi formada, yəni notarial formada bağlanmadığından, eyni zamanda müqavilə predmeti olan torpaq sahəsinin satıcısı qismində çıxış edən cavabdehin buna subyektiv hüququ olmadığından onlar arasında bağlanmış razılaşma etibarsızdır. Bununla belə 16000 manat pulun cavabdeh tərəfindən iddiaçıya verilməsi iddiaçının izahatı ilə yanaşı, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə də təsdiq olunur. Bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla iddiaçı tərəfindən torpaq sahəsinin alınmasına görə cavabdehə 16000 manat pul verilməsi faktı öz təsdiqini tapmışdır. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalı, 16000 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş 189 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 16000 (on altı min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 189 (yüz səksən doqquz) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar