Məhkəmə qərarları › İş №2(043)-439/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-439/2022

01.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-439/2022 01.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş ziyana görə 500 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehi tanımır. Cavabdeh ona məxsus evdən 3 kisə qoz oğurlamışdır. O, oğurluq hadisəsi ilə bağlı Samux rayon Polis Şöbəsinə müraciət etmiş, müraciəti əsasında cavabdehin barəsində protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə qərar çıxarılmışdır. Cavabdeh öz təqsirini etiraf edərək qoz kisələrini başqa şəxslərə satdığı üçün qaytarmayacağını bildirmişdir. 3 kisə qoz hazırkı bazar qiyməti ilə 500 manat təşkil edir. Dəfələrlə cavabdehdən vurduğu ziyana görə 500 manat məbləğində pulu tələb etsə də cavabdeh pulu qaytarmır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərlə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Samux Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 3(058)-292/2021 saylı qərarından görünür ki, inzibati xəta törətmiş şəxs Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib ona 200 saat ictimai işlər cəzası təyin edilmişdir. Qərarla müəyyən edilmişdir ki, Cavabdeh 03 oktyabr 2021-ci il tarixdə Samux rayonu, Kolayır kəndində yaşayan İddiaçı evinə daxil olaraq 80 manat dəyərində 3 kisə qozu oğurlamaqla xırda talama inzibati xətasını törətmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Müəyyən edilir ki, cavabdeh iddiaçıya məxsus olan 3 kisə qozu onun evindən gizli olaraq talayıb oğurladığına görə inzibati məsuliyyətə cəlb edilmiş, onun bu əməli Samux Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 19 noyabr 2021-ci il tarixli qərarı ilə öz təsdiqini tapmışdır. Cavabdehin əməli inzibati məsuliyyətlə yanaşı mülki məsuliyyətə də səbəb olur. Belə ki, cavabdeh qəsdən törətdiyi əməllə iddiaçıya maddi ziyan vurmuş, beləliklə mülki hüquq pozuntusu törətmişdir. İddiaçı oğurlanmış 3 kisə qozun dəyərinin 500 manat olmasını iddia etsə də bu mülki işin materiallarına əlavə edilmiş qərarla təkzib edilir. Həmçinin, iddiaçı dəymiş ziyanın dəyəri ilə bağlı əlavə sübut təqdim etməmişdir. İşin yuxarıda qeyd edilmiş faktiki hallarına və tətbiq ediləcək olan maddi hüquq normalarına uyğun olaraq iddia qismən təmin edilməli, mülki hüquq pozuntusu nəticəsində vurulmuş ziyana görə 80 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı qızına verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddələrinə əsasən iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 80 (səksən) manat və dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar