Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-448/2022 10.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh iddiaçı Azər Finans MMC-nin xeyrinə 13729,23 manat məbləğində əsas borcun, 2496,41 manat məbləğində faiz borcunun, 3487,22 manat məbləğində dəbbə pulunun, cəmi 19712,86 manat borcun və 150 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması və kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC (bundan sonra - "İddiaçı") ilə Cavabdeh (bundan sonra - "Cavabdeh") arasında 12.04.2021-ci il tarixli 111003-12 nömrəli Kredit Müqaviləsi bağlanmışdır. Müqaviləyə və ona 1 nömrəli Əlavəyə əsasən, iddiaçı 15000 manat pulu illik 42 faizlə 24 ay müddətinə (12.04.2023-cü il tarixədək) qaytarmaq şərti ilə cavabdehə kreditə vermiş, cavabdeh isə kreditdən istifadə etməklə kredit və ona görə hesablanan faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Kredit üzrə ödəniş müddəti hər ayın 12-i 934,1 manat müəyyən edilmişdir. 12.04.2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, cavabdeh iddiaçının cari hesabından 15.000 manat pulu məxaric etmişdir. 18.05.2021-ci il tarixli 646 nömrəli kassa mədaxil orderindən görünür ki, cavabdeh 935 manat pulu iddiaçının hesabına mədaxil etmişdir. 18.06.2021-ci il tarixli 1826 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh 935 manat pulu iddiaçının hesabına mədaxil etmişdir. 28.07.2021-ci il tarixli 5180 nömrəli kassa mədaxil orderindən görünür ki, cavabdeh 470 manat pulu iddiaçının hesabına mədaxil etmişdir. 04.08.2021-ci il tarixli 6011 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh 135 manat pulu iddiaçının hesabına mədaxil etmişdir. 11.08.2021-ci il tarixli 6871 nömrəli kassa mədaxil orderindən görünür ki, cavabdeh 333.10 manat pulu iddiaçının hesabına mədaxil etmişdir. Təəssüf hissi ilə qeyd edilməlidir ki, cavabdeh 2021-ci ilin avqust ayından bəri borcu üzrə heç bir ödəniş həyata keçirməmiş, bununla da artıq 4 aydır ki, ödənişi gecikdirir. Hətta borcun ödənilməsinə dair 21.10.2021-ci il tarixdə pretenziya məktubu göndərilmiş, 22.10.2021-ci il tarixdə cavabdehə çatdırılmış, lakin nə həmin məktuba cavab verilmiş, nə də borc ödənilmişdir. Müqavilənin tələbinə görə cavabdeh ödəniş cədvəlində müəyyən edilmiş müddətdə və göstərilən məbləğdən az olmayaraq ödəniş etmək (4.4.1-ci bənd), Müqavilə şərtlərinə əməl etmədikdə Kreditorun tələbinə kredit üzrə əsas borcu, hesablanmış faizləri və dəbbə pulunu tam olaraq İddiaçıya ödəmək (4.4.4-ci bənd) vəzifəsi daşıyır. Həmçinin, müqavilənin 2.1.13-cü bəndinə əsasən cavabdeh 30 günlük müəyyən edilmiş müddəti pozmaqla ödənişi gecikdirərsə, həmin müddətdən sonra gecikən hər gün üçün borcun ödənilməmiş qalan hissəsinin 02 faizi həcmində dəbbə pulu ondan tutulur. Qeyd edilənlərə uyğun olaraq, 17.12.2021-ci il tarixə 13729,23 manat əsas borc, 2496,41 manat faiz borcu, 3487,22 manat isə dəbbə pulu toplandığı və ümumilikdə 19712,86 manat pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməli olması müəyyən edilir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən cavabdehdən 13729,23 manat məbləğində əsas borc və 2496,41 manat faiz borcunun tutularaq iddiaçıya ödənilməsi təmin edilməlidir. Müqaviləyə əsasən cavabdeh gecikdirilən hər gün üçün borcun ödənilməmiş qalan hissəsinin 0,2 faizi həcmində dəbbə pulu ödəməli olduğundan, 13729,23 manat əsas borc və 2496,41 manat faiz borcundan əlavə, cavabdeh, həmçinin əsas borc üçün hesablanan gecikmənin hər təqvim günü üçün ödənilməmiş borcun 0,2 faiz məbləğində faizləri kimi dəbbə pulunu da iddiaçıya ödəməlidir. İddia ərizəsi 17.12.2021-ci il tarixdə verilir. Beləliklə, ödənişin gecikdirildiyi dövr 11.08.2021 -17.12.2021-ci il tarixlər üzrə 127 təqvim günü təşkil edir. Bu isə 3487,22 manat məbləğdə dəbbə pulunun olmasını təsdiq edir. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin əvəzini tələb edə biləcəyi zərər anlayışına həmçinin hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər daxildir. Odur ki, dövlət rüsumu olaraq ödənilmiş 150 manatın (bir yüz əlli manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə tələbin təmin edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişin cavabdehə təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən bildirişi təqdim edilməsi üçün cavabdehin yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına göndərərək işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 12.04.2021-ci il tarixli 111003-12 saylı Kredit müqaviləsinə əsasən, İddiaçı MMC tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 42 faiz dərəcəsi ilə 15000 manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 12.04.2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, cavabdeh iddiaçının cari hesabından 15000 manat pulu məxaric etmişdir. İş materiallarına əlavə edilmiş 18.05.2021-ci il tarixli 646 nömrəli kassa mədaxil orderindən görünür ki, cavabdeh 935 manat pulu iddiaçının hesabına mədaxil etmişdir. İş materiallarına əlavə edilmiş 18.06.2021-ci il tarixli 1826 nömrəli kassa mədaxil orderindən görünür ki, cavabdeh 935 manat pulu iddiaçının hesabına mədaxil etmişdir. İş materiallarına əlavə edilmiş 28.07.2021-ci il tarixli 5180 nömrəli kassa mədaxil orderindən görünür ki, cavabdeh 470 manat pulu iddiaçının hesabına mədaxil etmişdir. İş materiallarına əlavə edilmiş 04.08.2021-ci il tarixli 6011 nömrəli kassa mədaxil orderindən görünür ki, cavabdeh 135 manat pulu iddiaçının hesabına mədaxil etmişdir. İş materiallarına əlavə edilmiş 11.08.2021-ci il tarixli 6871 nömrəli kassa mədaxil orderindən görünür ki, cavabdeh 333,10 manat pulu iddiaçının hesabına mədaxil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam olaraq yerinə yetirməmiş, nəticədə bankın müqaviləni birtərəfli qaydada ləğv etmək və borcun qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Odur ki, iddiaçı cavabdehlə aralarında bağlanmış müqavilənin ləğv edilməsini, müqavilə üzrə müəyyən edilmiş əsas borcun, faiz borcunun və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı məhkəmə işin hallarını, gecikdirilmiş borcun məbləğini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, tətbiq edilmiş dəbbə pulu məbləği tənasübsüz dərəcədə yüksək olduğundan azaldılmalı və 200 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 150 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Azərfinans MMC ilə Cavabdeh arasında bağlanmış 12.04.2021-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 13729,23 manat əsas borc, 2496,41 manat faiz borcu və 200 manat dəbbə pulu olmaqla, cəmi 16425,64 (on altı min dörd yüz iyirmi beş tam yüzdə altmış dörd) manat borc və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 150 (bir yüz əlli) manat pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-448/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-448/2022
10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver