Məhkəmə qərarları › İş №2(043)-465/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-465/2021

09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-465/2021 09.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 300,69 manat məbləğində əsas borc, 628,85 manat məbləğində cərimə borcu, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 42 manat borc, ümumilikdə 971,54 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixli 606832 saylı ssuda hesablı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. Müqavilənin müddəti xx.xx.2017-ci il tarixdə bitsə də, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina edir. xx.xx.2020-dək Cavabdeh banka 300,69 manat əsas, 628,85 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 42 manat borc, ümumilikdə 971,54 manat məblığində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh oğlu iddiaya etiraz edərək izahatında bildirdi ki, qeyd edilən kredit müqaviləsi üzrə iddia müddəti bitmiş, iddia ərizəsi iddia müddəti ötürülməklə verilmişdir. Odur ki, kreditin müqaviləsinin müddətinin bitməsindən 3 ildən artıq müddət keçməsi nəzərə alınaraq, iddia müddəti tətbiq edilməlidir. İddia ərizəsi iddia müddəti ötürülməklə verildiyindən məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsində Cavabdeh ilə aralarında xx.xx.2014-cü il tarixli 606832 saylı ssuda hesablı kredit kartının verilməsi və istifadəsi müqaviləsi bağlandığını, müqavilə üzrə cavabdehin borcunun yarandığını bildirərək, həmin borc məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını tələb etsə də, tərəflər arasında bağlanmış həmin müqaviləni, yəni iddia tələbini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı zamanı da iddiaçının nümayəndəsi həmin müqaviləni təqdim edə bilməmişdir. Belə ki, iddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı izahatında cavabdehlə Bank arasında bağlanmış kredit müqaviləsinin naməlum şəraitdə itdiyini və hazırda tapa bilmədiklərini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Mülki Prosessual Məcəllənin yazılı sübutlara qoyduğu bu tələbə riayət olunmadıqda həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz. Qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı tərəf iddia tələbinin əsasını təşkil edən tərəflər arasında bağlanmış kredit müqaviləsinin əslini və ya notarial qaydada təsdiq edilmiş surətini məhkəməyə təqdim etmədiyindən, onun cavabdehə qarşı kredit müqaviləsindən irəli gələn həmin tələbi təmin edilə bilməz. Bundan başqa, məhkəmə qeyd edir ki, hətta tərəflər arasında bağlanmış kredit müqaviləsi iddiaçı tərəfindən təqdim edilmiş olsa idi belə, iddia yenə də təmin edilə bilməzdi. Belə ki, iş materiallarına əlavə edilən cavabdehin məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, cavabdeh iddia müddətinin keçməsi nəzərə alınaraq, iddianın rədd edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçının iddia ərizəsində isnad etdiyi tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. Belə olan halda, həmin müqavilə üzrə iddia müddətinin axımı da xx.xx.2017-ci il tarixdən başlanmışdır. İşin materiallarından görünür ki, iddiaçının mövcud iddia ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia müddətinin axımının xx.xx.2017-ci il tarixdən hesablanmağa başlaması nəzərə alındıqda, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia isə rədd edilməli olduğundan, məhkəmə xərci olan 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar