Məhkəmə qərarları › İş №2(043)-472/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-472/2021

16.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-472/2021 16.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Gəncə şəhər Probasiya Şöbəsinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Gəncə şəhər Probasiya Şöbəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh sadə elektron qolbağı, mobil nəzarət qurğusunu və üç ədəd ev siqnal ötürücüsünü itirdiyinə görə, həmin əşyaların dəyəri kimi ondan 2308,9 manat məbləğdə vəsaitin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 1(043)-119/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həbsdə saxlandığı müddət nəzərə alınmaqla üzərində 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanmışdır. xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh yaşadığı ünvana üç ədəd ev siqnal ötürücüsü quraşdırılmış və onun ayağına sadə elektron qolbaq bağlanmışdır. Bununla yanaşı Cavabdeh bir ədəd mobil nəzarət qurğusu və onun adapteri təhvil verilmişdir. Həmin elektron nəzarət vasitələrinin dəyəri və həmin vasitələri itirəcəyi və ya zədələyəcəyi yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin Cavabdeh tutulacağı elan edilmiş və bu barədə protokol tərtib edilmişdir. xx.xx.2020-ci il tarixdə Cavabdeh barəsində olan azadlığın məhdudlaşdırılması cəzsının azadlıqdan məhrumetmə növündə cəza ilə dəyişdirilməsi ilə bağlı məhkəmə iclasından sonra elektron nəzarət vasitələri təhvil alınarkən mobil nəzarət qurğusu, sadə elektron qolbaq, üç ədəd ev siqnal ötürücüsülərinin bacısı tərəfindən zibil qutusuna atıldığını və həmin vasitələrin dəyərini ödəməyə maddi imkanı olmadığını bildirmişdir. Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsinin verdiyi maliyyə arayışına görə sadə elektron qolbağın dəyəri 637,91 manat, 1345,03 manat, ev siqnal ötürücüsünün bir ədədinin dəyəri 108,32 manat təşkil edir. Cavabdeh tərəfindən ümumilikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə 2308,9 manat maddi ziyan vurulmuşdur. Məhkum Cavabdeh təklif olunsa da, vurulmuş ziyanın dəyərini könüllü ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək, iddianı qəbul etdiyini və iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 1(043)-119/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinаyət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlаşdırılmаsı cəzаsınа, Azərbaycan Respublikası Cinаyət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlаşdırılmаsı cəzаsınа məhkum edilmiş, Azərbaycan Respublikası Cinаyət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Cavabdeh təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə o, qəti olaraq 2 (iki) il 6 (altı ay) müddətinə azadlığın məhdudlаşdırılmаsı cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü mаddəsinə əsаsən, Cavabdeh şübhəli şəxs qismində xx.xx.2019-ci il tarixdən xx.xx.2019cu il tаrixədək tutulduğu cəmi 2 gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərаbər hesаblаnmаqlа təyin оlunmuş cəzаdаn 4 (dörd) gün çıxılmış və Cavabdeh üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlаşdırılmаsı cəzаsı saxlanılması qərar alınmışdır. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli protokoldan məlum olur ki, Cavabdeh mənzilinə 3 ədəd ev siqnal ötürücüsü quraşdırılmış, onun ayağına sadə elektron qolbaq bağlanmışdır. Həmin elektron nəzarət vasitələrini itirəcəyi və ya zədələyəcəyi, yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı izah edilmiş və yaddaş kitabçası verilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli protokoldan məlum olur ki, Cavabdeh elektron nəzarət vasitələrinin dəyəri elan edilmiş, sadə elektron qolbağın dəyəri 637,91 manat, mobil nəzarət qurğusu xüsusi proqram təminati ilə birlikdə dəyəri 1346,03 manat, ev siqnal ötürücüsünün 1 ədədi 108,32 manat qeyd edilmişdir. Həmçinin həmin elektron nəzarət vasitələrini itirəcəyi və ya zədələyəcəyi, yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı Cavabdeh elan edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin rəisi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli məktubdan məlum olur ki, mobil nəzarət qurğusunun xüsusi proqram təminatı ilə birlikdə dəyəri 1346,03 manat, ev siqnal ötürücüsünün 1 ədədi 108,32 manat, sadə elektron qolbağın dəyəri 637,91 manat təşkil edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 15-2.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. Bu Məcəllənin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan qanunvercilik normalarından və məhkəmənin qanuni qüvvəyə minmiş hökmündən göründüyü kimi, cavabdehin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək, onu işlək vəziyyətdə saxlamaq və s. öhdəliklər qoyulmuşdur. Eyni zamanda ona elektron nəzarət vasitəsitələrinin zədələnməsi, yararsız hala salınması, eləcə də itirilməsi zamanı dəyərinin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir. Cavabdeh ona təhvil verilmiş ev siqnal ötürücülərini və mobil nəzarət qurğusunu kifayət qədər məsuliyyətlə mühafizə etməmiş, nəticədə kobud ehtiyatsızlıq edərək elektron nəzarət vasitələrini itirmiş və bununla maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İddiaçı büdcədən maliyyələşən təşkilat olduğundan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən dövlət rüsumunun ödənilməsindən azad edilmişdir. Həmin Qanunun 9.4-cü və Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Tələb olunan məbləğ 500 manatdan çox olduğundan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci və Mülki Prosessual Məcəllənin 112.1.1-ci maddəsinə əsasən ödənilməli olan dövlət rüsumu 30 manat təşkil edir. İddia tam həcmdə təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi 2308,9 (iki min üç yüz səkkiz manat doqquz qəpik) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar