Məhkəmə qərarları › İş №2(043)-474/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-474/2021

09.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-474/2021 09.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə birgə nikahdan xx.xx.2012-ci ildə doğulmuş X2 və xx.xx.2014-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün onun xeyrinə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3882/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin, həmçinin xəstə olan Amir adlı uşağın xəstəliyi ilə bağlı hər ay çəkdiyi 200 manatın yarısını, yəni 100 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə xx xxxxxx 2011-ci ildə el adəti üzrə evlənmiş, nikahlarını isə xx.xx.2012-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Birgə nikahdan xx xxxxxxx 2012-ci il tarixdə X4 və xx.xx.2014-cü il tarixdə X5 adlı iki uşaqları doğulmuşdur. Evləndikləri ilk vaxtlar ailə münasibətləri normal olsa da, sonradan münasibətləri kəskinləşmişdir. Xasiyyətləri uyğun gəlmədiyindən yola gedə bilmirlər. Cavabdeh ailəsi maraqlanmır. Cavabdeh orda-burda işləyir, evə ayda-ildə bir dəfə gəlir. Evə gəldikdə də evdə əsassız olaraq dava-dalaş salır. Bu səbəbdən birgə nikahda olsalar da 2014-cü ildə o məcbur olub uşaqların saxlanılması üçün cavabdehdən aliment tutulması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(043)- 3882/2014 saylı qətnaməsi ilə cavabdehdən onun xeyrinə hər ay hər uşaq üçün 103 manat, cəmi 206 manat sabit pul məbləğində aliment təyin olunmuşdur. Cavabdeh ona təyin olunmuş aliment pulunu çətinliklə olsa da ödəyir. Həmin qətnamə ilə həmçinin, xəstə olan Amir adlı uşağa əməliyyat üçün xərclədiyi 7000 (yeddi min) ABŞ dollarının yarısını, yəni 3500 (üç min beş yüz) ABŞ dollarının cavabdehdən alınaraq ona verilməsi təyin olunmuşdur. Cavabdeh həmin məbləğin yarısını ödəsə də hazırki vaxta kimi yarısını ödəməmişdir. Cavabdeh 2019-cu ilin yeni ilində evdən çıxaraq getmiş və bir daha evə gəlməmişdir. Cavabdeh 2019-cu ilin yeni ilində evdən çıxaraq getmiş və bir daha evə gəlməmişdir. Ona zəng edərək evə qayıtmasını, heç olmasa uşaqlarla maraqlanmasını xahiş etsə də o, iddiaçının müraciətinə əhəmiyyət verməmişdir. Amir adlı uşaqları ürək qapağının zədələnməsindən əziyyət çəkir. Cavabdeh heç xəstə uşağı ilə maraqlanmır. Buna görə də məcbur olub nikahın pozulması üçün iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Uşaqlar böyüyür tələbatları artır. Uşaqların saxlanılmasında əziyyət çəkir. Cavabdeh ona təyin olunmuş aliment pulundan başqa ona har hansı maddi yardım göstərmir. Cavadeh fərdi əməklə məşğul olur, kafelmetlak ustasıdır, həmçinin hamam-tualet üçün lazım olan aksesuarların satışı dükanında satıcı işləyir. Onun ayda kifayət qədər, özünün deməsinə görə 1000-1200 (min-min iki yüz) manat aylıq qazancı olur. O, hər il Amir adlı xəstə uşağını müalicə alması üçün xarici ölkəyə aparır. Amir daima həkim nəzarəti altındadır. Hər ay ona dərman peraparatları alır. Buna görə də o uşaqların saxlanılmasında çətinlik çəkir və bu səbəbdən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq, iddia tələbindəki aliment məbləğini ödəməyə maddi imkanı olmadığını, uşaqların saxlanılmaları üçün hər ay hər uşağa 120 manat aliment ödəyə biləcəyini bildirərək, ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AZ-İ № 788432 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx xxxxxxxx 2012-ci il tarixdə nikah bağlanmış, bu barədə nikah haqqında akt qeydləri kitabında 567 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan AZ-İİ № 977008 və AZ-İİİ № 290516 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx xxxxxxx 2012-ci il tarixdə X4 və xx xxxxxx 2014-cü il tarixdə X5 anadan olmuşlar. Hər iki sənəddə ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(043)-3882/2014 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx xxxxxxx 2014-cü il tarixdən etibarən xx xxxxxxx 2012-ci il təvəllüdlü X4 və xx xxxxxx 2014-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 103 manat olmaqla, cəmi 206 manat sabit pul məbləğində alimentin və X3 əməliyyatı üçün faktiki çəkilmiş əlavə xərc kimi 3500 ABŞ dollarının ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd edilən Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (103 manat) isə hazırda uşaqların saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, alimentin müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsindən 6 ildən artıq müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Digər tərəfdən, qeyd edilməlidir ki, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, əvvəlki məhkəmə qətnaməsinin qəbul edildiyi vaxtdan keçən müddət ərzində uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu məbləğinin artmasını, bununla belə iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını, bununla belə uşaqların saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində müəyyən edilməli, artırılmış alimentin tutulma müddətinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə, iddianın - Amir adlı uşağın xəstəliyi bağlı hər ay çəkilən 200 (iki yüz) manatın yarısı - 100 (bir yüz) manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair hissəsini də araşdıraraq aşağıdakıları qeyd edir: İş materiallarına əlavə edilmiş müayinə sənədlərindən görünür ki, tərəflərin birgə nikahından olan Amir adlı uşağın xəstəliyi ilə əlaqədar, 2018-ci ildə İran İslam Respublikasında, 2020-ci ildə Respublika Müalicəvi Diaqnostika Mərkəzində müayinə olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunmuşdur ki, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Lakin, məhkəmə qeyd edir ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdə tərəflərin birgə nikahından doğulmuş uşağın müayinə və müalicəsi üçün hər ay stabil olaraq 200 manat vəsait xərclənməsi öz təsdiqini tapmamışdır. İddiaçı bu barədə sübutlarını məhkəmə baxışı zamanı da təqdim edə bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 18 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(043)-3882/2014 saylı qətnaməsi ilə xx xxxxxxx 2012-ci il təvəllüdlü X2 və xx xxxxxx 2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. xx xxxxxxx 2012-ci il təvəllüdlü X2 və xx xxxxxx 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 18 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar