Məhkəmə qərarları › İş №2(043)-486/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-486/2021

09.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-486/2021 09.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Cavabdeh Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx xxxxxxx 2004-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-3319/2015 saylı, xx xxxx 2015-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikahın pozulması, azyaşlı uşaqların onun himayəsinə verilməsi və aliment tutulması qət edilmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-3803/2017 saylı, xx xxx 2017-ci il tarixli qətnaməsinə ilə xx xxxxxxx 2004-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 100 manat məbləğində aliment pulu tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda həmin məbləğ uşağın saxlanılması üçün yetərli deyildir. Bu səbəbdən alimentin miqdarının artırılmasına ehtiyacı vardır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx xxxxxxx 2004-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulması qət edilən 100 manat aliment məbləğinin artırılaraq 170 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, izahatında bildirdi ki, o, İİ qrup əlildir, xəstəliyi ilə bağlı daimi müalicələr alır, maddi vəziyyəti yaxşı deyil. Odur ki, aliment məbləğinin iddiada göstərilən məbləğdə artırılmasına razı deyil. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx xxxxxxx 2004-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli, 2(043)-4074/2015 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında xx xxxxxxxx 2000-ci il tarixdə 157 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2000-ci il təvəllüdlü X8, xx.xx.2002-ci il təvəllüdlü X9 və xx.xx.2004-cü il təvəllüdlü X10 anası X3 yanında saxlanılmışdır. İş materiallarında olan Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(043)-3803/2017 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2000-ci il təvəllüdlü X4, xx.xx.2002-ci il təvəllüdlü X5 və xx.xx.2004-cü il təvəllüdlü X6 yetkilik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 90 manat məbləğində təyin olunmuş alimentin məbləği artırılaraq, 100 (yüz) manat məbləğində aliment tutulub, İddiaçı verilməsi qət edilmişdir. Tərəflərin izahatları və iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, onların nikahları pozulduqdan sonra birgə nikahlarından doğulmuş uşaqları iddiaçının yanında saxlanılmışdır. Bunda sonra iddiaçı məhkəməyə müraciət edərək, uşaqların saxlanılması üçün aliment və daha sonra isə alimentin artırılmasını tələb etmiş və məhkəmənin qətnaməsinə əsasən cavabdehdən hər ay hər uşaq üçün 100 manat alimentin tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Tərəflərin birgə nikahlarından doğulmuş uşaqlarından ikisi artıq yetkinlik yaşına çatmışdır, biri isə yetkinlik yaşına çatmamışdır. Hazırda iddiaçı yetkinlik yaşına çatmayan X1 üçün müəyyən edilən alimentin artırılmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd edilən Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (100 manat) isə hazırda uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, alimentin müəyyən edilməsi barədə sonuncu məhkəmə qətnaməsinin qəbul edilməsindən 4 ilə yaxın müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Digər tərəfdən qeyd edilməlidir ki, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, əvvəlki məhkəmə qətnaməsinin qəbul edildiyi vaxtdan keçən müddət ərzində uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu məbləğinin artmasını, bununla belə iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, lakin uşağın saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq məhkəmə hesab edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin məbləği hər ay 140 manat sabit pul məbləğində müəyyən edilməli, artırılmış alimentin tutulma müddətinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 17 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(043)-3803/2017 saylı qətnaməsinə əsasən xx xxxxxxx 2014-cü il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. xx xxxxxxx 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq, hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 17 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Cavabdeh

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar