Məhkəmə qərarları › İş №2(043)-489/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-489/2021

04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-489/2021 04.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) X3 və Cavabdeh oğlunun nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı “müqavilənin ləğv edilməsi və pulun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdeh oğluna qarşı “müqavilənin ləğv edilməsi və pulun qaytarılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh oğlu ilə aralarında bağlanmış 01 avqust 2019-cu il tarixli birgə əməkdaşlıq müqaviləsinin ləğv edilməsi və 7000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Türkiyə Respublikasının vətandaşı Cavabdeh oğlu ilə birgə əməkdaşlıq müqaviləsi bağlayaraq Gəncə şəhəri, Heydər Əliyev prospekti 56 ünvanda yerləşən 32 ünvanda gözəllik salonunda xidmət göstərmək niyyətində olmuşlar. Bununla bağlı Cavabdeh oğlu ona təklif etmişdir ki, onunla ortaq olaraq fəaliyyət göstərsin. Bundan əvvəl cavabdeh həmin salonda xidmətlə bağlı müvafiq avadanlıqlar yığmışdır və o cavabdehin təklifi əsasında fəaliyyətlərinin təmin edilməsi üçün həmin salona getmişdir və salonun fəaliyyətinə baxdıqdan sonra danışıq və razılaşmalarına əsasən onunla şərik olmaqları üçün aralarında bağlanmış müqaviləyə əsasən cavabdehə 6000 manat pulu müqavilə imzalanan zaman, həmin müqavilənin tərkibi kimi qalıq 1000 manatı isə 20 gündən sonra “Bank of Baku” dan pul çəkərək 1000 manat olmaqla 620 ABŞ dolları konvertasiya etməklə cavabdehə ödəmişdir. Aralarında bağlanmış müqaviləyə əsasən 6000 manatı Yekaterina Leonidovna və Leyla Qafarovanın yanında cavabdehə vermişdir. Ancaq 1000 manatı isə Leyla Qafarovanın yanında cavabdehə ödəmişdir. Lakin cavabdeh ondan pulu aldıqdan sonra aralarında birgə əmkdaşlıq müqaviləsinin şərtlərinə əsasən salonu birgə işlədərək qazanc əldə etməsinə razılıq vermədən 2019-cu ilin avqust ayının sonundan sonra onu salonun fəaliyyəti və qazancı ilə təmin etməmiş və onu təhdid edərək ona müqavilə əsasında verdiyi 7000 manat pulu qaytarmayacağını bildirmişdir. Lakin müqavilənin şərtlərinə əks çıxaraq salonun birgə idarə edilməsini təmin etməyə imkan verməmişdir. Salon fəaliyyət göstərən zaman müştərilərdən aldığı pulu gizlətmiş, onunla işləmək niyyətində olmamışdır. Cavabdeh aralarında bağlanmış müqavilənin 4-cü bəndinə əsasən müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Buna görə də məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh “Cavabdeh” adlı gözəllik salonunu işlətmişdir. 2019-cu ildə cavabdehlə birgə işləmək barədə razılıq əldə etmişlər. Cavabdeh salonun bütün avadanlığını özünün aldığını, salonun daimi müştərilərinin olduğunu deyərək ona təklif etmişdir ki, 7000 manat pul versin və birlikdə işləsinlər. O da bununla razılaşmış və həmin vaxt 6000 manat pulu olduğu üçün müqavilədə 6000 manat qeyd edərək həmin məbləği cavabdehə ödəmiş və birgə fəaliyyətə başlamışdır. 2019-cu ilin avqust ayından 2020-ci ilin yay aylarına qədər birgə fəaliyyət göstəriblər. Müqaviləyə görə onlar iki il ərzində salondan birgə istifadə etməli, eyni zamanda ikisinin ümumi qazancından xərclər çıxıldıqdan sonra yerdə qalan gəliri aralarında bərabər bölməli idilər. Lakin 2020-ci ilin yayından etibarən cavabdeh burada işləməyin mümkün olmadığını, Türkiyəyə çıxıb gedəcəyini deməyə başlamış, ona da öz başının çarəsinə baxmasını, daha onunla işləməyəcəyini demişdir. Bundan sonra cavabdeh dəfələrlə onunla əsassız mübahisələr yaratmış, müqavilənin şərtlərinə zidd hərəkət edərək gəliri yarı bölməli olduqları halda özünün əldə etdiyi qazancı bölməyərək daha onunla işləmədiyini elan bildirmişdir. Bundan sonra o da həmin salonda işləməyin mənasız olduğunu anlamış və cavabdeh müqavilə şərtlərini pozduğu üçün ondan pulunu geri qaytarmasını tələb etmişdir. Cavabdeh isə onun pulunu qaytarmaqdan imtina etmişdir. Birgə işlədikləri dövrdə qazanclarını gündəlik olaraq böldüklərindən nə qədər gəlir əldə etdiklərini bilmir. Lakin dövrdən asılı olaraq bəzən az, bəzən çox gəlirləri olmuşdur. Müəyyən müddət isə karantin rejimi tətbiq olunduğundan ümumiyyətlə salon bağlı olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X6 iddia tələbini müdafiə edib, bildirdi ki, cavabdeh müqavilə şərtlərini pozmaqla iddiaçıya zərər vurmuşdur. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) X5 iddianı qəbul etməyərək, bildirdi ki, həqiqətən də tərəflər cavabdehin işlətdiyi “Cavabdeh” adlı gözəllik salonunu birgə işlətmək barədə razılaşma əldə etmişlər. Həmin salonun bütün təchizat və avadanlığı cavabdehə məxsus olduğundan birgə əməkdaşlıq üçün iddiaçı cavabdehə müqavilə üzrə əvvəlcə 6000 manat və müqavilə bağlandıqdan sonra isə 1000 manat, ümumilkdə yeddi min manat pul vermişdir. Lakin müqavilənin şərləri iddiaçının dediyi kimi cavabdeh tərəfindən pozulmamışdır. Cavabdeh oğlu iddiaçıya onunla işləməməsi, onun işdən çıxıb getməsi və sair bunun kimi heç bir şey deməmişdir. İddiaçı 2020-ci ilin avqust ayına qədər cavabdehlə işləmiş və bundan sonra özü Cavabdeh oğlu ilə işləmək istəməmişdir. Müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmadığından iddia tələbi əsassızdır və rədd edilməlidir. Məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə dəvət edilmiş və şahid qismində dindirilmiş X1 bildirdi ki, iddiaçı ilə əvvəllər birlikdə başqa salonda işləmişlər və iddiaçı onun rəfiqəsidir. 2019-cu ildən İddiaçı Cavabdeh ilə sonuncunun gözəllik salonunda işləmişdir. Onlar belə razılaşmışdı ki, kim nə qədər işləyir, işləsin, hər axşam qazanılan pul yarıya bölünəcəkdir. İddiaçı hazır salona işləməyə getdiyi üçün cavabdehə onun yanında 6000 manat pul vermişdir. O, adətən öz işini bitirdikdən sonra İddiaçı işlədiyi salona gedib onun işinin sonuna qədər orada olmuşdur. Cəmilə ilə Bektaş 1 ilə yaxın birlikdə işlədikdən sonra Bektaşın dəfələrlə iddiaçı ilə mübahisə etdiyinin, çıxıb Türkiyəyə gedəcəyini dediyinin və Cəmiləyə də özünə işləmək üçün başqa salon tapmasını dediyinin şahidi olmuşdur. Bir neçə dəfə isə cavabdehin gün ərzində qazanılan pulu götürüb getdiyinin, Cəmiləyə isə onunla artıq şərik olmadığını dediyinin şahidi olmuşdur. Bundan sonra Cəmilə həmin salondan çıxaraq başqa salonda özü işləməyə başlamışdır. Cəmilə ilə Bektaş təxminən 2020-ci ilin yay aylarınadək birlikdə işləmişdir. Məhkəmənin 06.04.2021-ci il tarixli iclasına iddiaçının təşəbbüsü ilə dəvət edilmiş və şahid qismində dindirilmiş X4 bildirdi ki, o, İddiaçı və Cavabdeh ilə iş yoldaşı olmuşdur. Cavabdeh onların müdiri olmuşdur. O isə həmin salonda təmizlik işlərini görmüşdür. Cavabdeh salonu əvvəlcə tək işlətmiş, sonradan, təxminən 2019-cu ilin yay aylarından İddiaçı ilə Cavabdeh gözəllik salonunda şərik işləmişdir. Onların razılığına əsasən İddiaçı şərik işləmələri üçün Cavabdeh 6000 manat bir, 1000 manat da bir pul vermişdir. Arada karantin rejimi ilə əlaqədar qapanmalar olmuş, 2020-ci ilin yay aylarına qədər şəriklik davam etmişdir. Lakin, Cavabdeh 2020-ci ilin yay aylarından başlayaraq şərik işləmək istəmədiyini, burada qazancın olmadığını, buna görə də Türkiyəyə çıxıb gedəcəyini demiş, Cəmiləyə də özünə işləmək üçün başqa yer tapmasını bildirmişdir. Bunun üstündə onların arasında çoxsaylı mübahisələr olmuşdur. Birgə işlədikləri son dövrlərdə isə Cavabdeh ümumiyyətlə şəriklikdən çıxmış, öz müştərilərindən əldə etdiyi qazancı özünə götürmüş və Cəmiləyə demişdir ki, daha onunla şərik deyil. Bundan sonra Cəmilə çıxıb başqa salona getmiş və Bektaşdan verdiyi pulu tələb etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 01 avqust 2019-cu il tarixli birgə əməkdaşlıq müqaviləsinin surətindən görünür ki, tərəflər qarşılarına qoyduqları ümumi təsərrüfat məqsədlərinə nail olmaq üçün “Cavabdeh” gözəllik salonunda (bundan sonra obyekt) xidmətlərin (bundan sonra xidmət) göstərilməsi ilə bağlı birgə fəaliyyət göstərməyi öz öhdələrinə götürülər. Tərəflər qarşılıqlı surətdə razılığa gəlirlər ki, birgə əməkdaşlıqla bağlı fəaliyyət “Birinci tərəf”in (Cavabdeh) icarə müqaviləsinə əsasən icarəyə götürdüyü Gəncə şəhəri, Heydər Əliyev prospekti 56 ünvanında yerləşən 32 saylı mənzildə icra ediləcək. Tərəflər qarşılıqlı surətdə razılığa gəlirlər ki, birgə əməkdaşlıqla bağlı fəaliyyət göstərən obyekt “Birinci tərəf”in VÖEN (**********) və obyekt koduna əsasən “Cavabdeh” gözəllik salonu adı ilə fəaliyyət göstərəcək. Birgə əməkdaşlığı təmin etmək məqsədi ilə “İkinci tərəf” “ Birinci tərəf”ə 6000 manat məbləğində nağd pul ödəməyi öhdəsinə götürür. Birgə əməkdaşlıq nəticəsində xidmətin göstərilməsi zamanı çəkilmiş bütün xərclər (vergi, sosial sığorta haqqı və sair icbari ödənişlər daxil olmaqla) və istifadə edilmiş mal-materialların dəyəri çıxıldıqdan sonra qalan xalis mənfəət “ Birinci tərəf ”ə 50% və “İkinci tərəfə” 50% olmaqla tərəflər arasında bərabər bölünür. Tərəflərdən heç biri birgə əməkdaşlığın davam etdiyi dövrdə eyni növlü fəaliyyət növü ilə məşğul ola bilməz və ya bununla bağlı üçüncü şəxslərlə işgüzar əməkdaşlıq və əlaqələr qura bilməz. Birgə əməkdaşlıqla bağlı işlərin gündəlik idarə edilməsini tərəflər birlikdə idarə edəcək. Müqavilə 30.07.2019-cu il tarixdən 30.07.2021-ci il tarixədək müddətə bağlanılmışdır. Müqavilənin 4-cü bəndinə əsasən həmin müqaviləyə tərəflərin hər ikisinin qarşılıqlı razılığı ilə və ya tərəflərin birgə əməkdaşlıqdan imtina etməsi, yaxud tərəflərdən hər hansı birinin müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsi zamanı xitam verilə bilər. Müqavilənin 5-ci bəndinə əsasən tərəflər öz üzərlərinə düşən öhdəlikləri icra etməməyə və ya lazımınca icra etməməyə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh birgə əməkdaşlıq müqaviləsi bağlamaqla iki il müddətində cavabdehin istifadəsində olan gözəllik salonunda birgə fəaliyyət göstərmək və əldə edilən qazancı yarı bölmək barədə razılığa gəlmişlər. Mübahisəsiz qaydada müəyyən edilmişdir ki, bu razılığa uyğun olaraq iddiaçı cavabdehə 7 000 manat pul ödəmiş, tərəflər bir il müddətində müqavilənin şərtlərinə uyğun birgə fəaliyyət göstərmişlər. Tərəflərin mübahisəsi əməkdaşlıq müqaviləsinin kim tərəfindən pozulması ilə bağlıdır. Məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, 2020-ci ilin yay aylarından etibarən cavabdeh iddiaçıya onunla birlikdə işləmək istəmədiyini aşkar surətdə bəyan etmiş, eyni zamanda faktiki olaraq əldə edilən qazancı bölməkdən imtina etməklə müqavilənin 1.5-ci bəndinin şərtini pozmuşdur. Qeyd olunmalıdır ki, müqavilənin əsas şərtləri iddiaçının cavabdehə birdəfəlik ödəmə şəklində pul verməsi, bunun müqabilində isə iddiaçı və cavabdehin salonun fəaliyyətindən əldə edilən qazancı yarı bölməsi olmuşdur. Müqavilə ilə cavabdehin üzərinə düşən yeganə öhdəliyin cavabdeh tərəfindən pozulması həmin müqaviləni iddiaçı üçün əhəmiyyətsiz hala gətirmişdir. Məhkəmə müqavilə şərtlərinin cavabdeh tərəfindən pozulması ilə bağlı iddiaçının izahatını və şahidlərin bir-biri ilə üst-üstə düşən ifadələrini tutarlı hesab edir. İddiaçının öz öhdəliyini icra etdikdən, yəni cavabdehə 7000 manat pul verdikdən sonra müqavilənin icrasından imtina etməsi onun mənafeyinə aşkar ziddir. Bu baxımdan iddiaçı tərəfindən müqavilənin şərtlərinin pozulması ağlabatan mühakimə ilə təkzib olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə müqavilənin ləğv edilməsi tələbinə dair hissədə qeyd edir ki, həm Mülki Məcəllənin 421.2-ci maddəsinin tələbi baxımından, həm də tərəflər arasında bağlanmış müqavilənin 5-ci bəndinin üçüncü hissəsinə müvafiq olaraq iddiaçının müqavilənin ləğvini tələb etməsi üçün əsaslar yaranmışdır. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh iddiaçı ilə bağladığı müqavilənin şərtlərini pozduğundan və bu pozuntu ümumilikdə iddiaçının müqavilə üzrə əməkdaşlığı davam etdirməsini əhəmiyyətsiz hala gətirdiyindən iddiaçı müqavilənin ləğvini tələb etməyə haqlıdır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən müqavilənin şərtlərinin pozulması nəticəsində iddiaçıya əldən çıxmış fayda şəklində zərər vururlmuşdur. Belə ki, müqavilənin şərtlərindən görünür ki, iddiaçının cavabdehə 7000 manat pul verməkdə məqsədi onunla birlikdə işləyərək əldə edəcəkləri qazancı yarı bölmək olmuşdur. Yəni, iddiaçı müqavilənin şərtlərinin cavabdeh tərəfindən pozulduğu dövrdən sonrakı bir il müddət üçün birgə işləməklə əldə edəcəkləri qazancın yarısından məhrum olmuşdur. Həmin məbləğin müəyyən edilməsi üçün mümkün meyar tərəflərin birgə işlədikləri dövr üçün orta aylıq qazanclarının 12 ay üçün hesablanması ola bilərdi. Lakin tərəflərin izahatlarından və şahid ifadələrindən bu məbləği təyin etmək mümkün olmamışdır. Bununla belə məhkəmə hesab edir ki, tərəflərin müqavilə bağlamaqda məqsədi əslində birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq gəlir əldə etmək olduğundan iddiaçı cavabdehə 7 000 manat pul ödəyərkən iki il ərzində ən azı 7000 manat qazanc əldə edəcəyini düşünmüşdür. Bu baxımdan məhkəmə tərəflərin müqavilə şərtlərinə uyğun bir il işləməsini nəzərə alaraq əldən çıxmış faydanın minimal məbləğinin 3500 manat olduğu qənaətinə gəlir. İddiaçı zərərin miqdarının daha artıq olmasını təsdiq edən sübutlar təqdim edə bilməmişdir. Buna görə də iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış 01 avqust 2019-cu il tarixli birgə əməkdaşlıq müqaviləsi ləğv edilməli və cavabdehdən 3500 manat pul alınaraq iddiaçıya verilməlidir. İddianın qalan hissəsi isə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh oğlu ilə İddiaçı arasında bağlanmış 01 avqust 2019-cu il tarixli birgə əməkdaşlıq müqaviləsi ləğv edilsin. Cavabdeh oğlundan vurulmuş zərərin əvəzi qismində 3500 (üç min beş yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar