Məhkəmə qərarları › İş №2(043)-491/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-491/2021

22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-491/2021 22.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və üçüncü şəxs Maraqlı şəxs qarşı «alqı-satqı müqaviləsinin etibarlı sayılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh və üçüncü şəxs Maraqlı şəxs oğluna qarşı «alqısatqı müqaviləsinin etibarlı sayılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evə dair onunla sabiq mülkiyyətçi Cavabdeh arasında 2003-cü ilin may ayında bağlanmış və tam icra olunmuş alqı-satqı müqaviləsinin etibarlı sayılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mülk 2003-cü ilə qədər faktiki olaraq cavabdeh qismində qeyd etdiyi Cavabdeh məxsus olmuşdur. Hazırda da, həmin mülkün hüquqverici sənədləri formal olaraq onun adına qalmışdır. Onun məlumatına əsasən, həmin şəxs, həmin evi 1991-ci ildə ermənidən almış, özü Türkmənistanda yaşadığına görə, həmin evdə yaşamamış və ev boş olmuşdur. 2003-cü ildə O, Gəncə şəhərində Mərkəzi Univermağın yanında yerləşən alqı-satqı ofisində işləyən Əli adlı maklerin vasitəsilə həmin evin satıldığını öyrənmişdir. Qonşuluqda 21 nömrəli evdə yaşayan Oruc adlı şəxslə əlaqə saxlamışdır. Evin açarları qonşuda olmuşdur. Baxdıqdan sonra qonşu Orucun vasitəsi ilə o həmin vaxtı Türkmənistanda yaşayan Minayə ilə əlaqə yaratmış, o, həmin evi 10.000 ABŞ dollarına satdığını bildirmişdir. Yekunda 9.600 ABŞ dollarına razılaşmışlar. Həmin puldan 9.500 ABŞ dollar Minayəyə 100 ABŞ dolları isə maklerə verilməli olmuşdur. Razılaşmışlar ki, o, bir ay müddətində evin sənədlərini əsli və etibarnaməni qonşu Oruca göndərəcək. Göndərdikdən sonra o pulu verib, evi təhvil alacaqdır. 2003-cü ilin may ayının ortalarında o qonşu Orucdan öyrənmişdir ki, Minayə etibarnaməni və sənədləri göndərmişdir. Etibarnamə onların razılaşmalarına görə onun yoldaşı X2 adına olmuşdur. Çünki, həmin etibarnamə əsasında evi onun adına sənədləşdirməli idi. O, sənədləri Orucdan alıb, pulu Minayənin razılığı ilə Oruca vermişdir. Oruc onun yanında Minayəyə zəng edib bildirmişdir ki, pulu tam şəkildə ödəmişdir. Minayə telefonda ona halallıq vermişdir. O evin açarını alıb, yüngül təmir işləri aparıb, bir ay sonra həmin evə köçmüşdür. Həmin vaxtdan hal-hazıradək həmin evdə yaşayır. 2010-2012-ci illərdə evdə əsaslı tikinti və yenidən qurma işləri gördürməklə, evi demək olar ki, tamamilə müasir vəziyyətə gətirmişdir. 2003-cü ildə Minayənin onlara göndərdiyi etibarnamənin müddəti 3 il olmuşdur. Əvvəl onun başı evin cari təmir və köçmə işlərinə qarışmışdır. Bundan əlavə etibarnamənin əslinin tərcümə olunub təsdiq olunması üçün, bir nəfər vasitəsilə, həmin vaxt Gəncədə notarius işləyən Seymur adlı şəxsə vermişdir. Sonradan həmin şəxs ona bildirmişdir ki, guya etibarnamənin əslini 7 nömrəli notarius olan Seymur müəllimin idarəsinə vermiş, o, isə avto-qəza nəticəsində vəfat etdiyi üçün, etibarnamənin əsli itirilmişdir. Bundan sonra o Minayə ilə yenidən əlaqə saxlamışdır. Minayə ona yeni etibarnamə göndərəcəyini yaxud, Gəncə şəhərinə gəlib burada alqı-satqıya qol çəkəcəyi ilə razılaşmışlar. Təqribən bir neçə il onların aralarında telefon danışığı olmuşdur. Həmin vaxtı o, artıq köçüb Rusiyada yaşamışdır. Axırıncı dəfə 2018-ci il, yeni il bayramından sonra onunla əlaqə saxlamışdır. Minayə ona mart bayramında Bakıya gələcəyini bildirmişdir. Onlar razılaşmışlar ki, Minayə Bakıya gəldikdə o gedib onunla Bakıda görüşüb və orada yeni etibarnamə rəsmiləşdirsinlər. Razılaşdıqları vaxt ərəfəsində onların telefon əlaqələri kəsilmişdir. Ondan sonra o Minayə ilə əlaqə yarada bilməmişdir. Harada olması və ya sağ olub-olmaması barədə məlumat ala bilməmişdir. Hesab edir ki, onlarla onun arasında alqı-satqı barəsində 2003-cü ildə razılaşma olmuş və razılaşma şərtlərinə əsasən, alqı-satqı əqdi onların arasında tam icra olunmuşdur. Yəni, o razılaşdıqları pulu ona verməklə, evi təhvil alıb, həmin vaxtdan orada faktiki mülkiyyətçi kimi sahiblik etməklə istifadə edir. Cavabdeh isə həmin vaxtı razılaşdıqları pulu alıb, evi və evin sənədlərini ona təhvil vermişdir. Həmin faktları məhkəmədə şahid qismində qonşu X21, X22 və həyat yoldaşı X5 təsdiq edəcəkdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2005-ci ilədək qüvvədə olan 335.2 maddəsinin tələbinə əsasən, notariat qaydasında Təsdiqlənməsi tələb olunan əqd tamamilə ya qismən icra edilmişsə, tərəflərdən biri əqdin təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiq olunması tələb olunmur. Həmin maddi hüquq normasının tələbinə əsasən, o onların aralarında 2003-cü ildə tam icra olunmuş alqı-satqı əqdinin məhkəmə qaydasında etibarlı sayılmasını tələb etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun ifadə verərək bildirdi ki, o, Cavabdeh şəxsən görməmiş, mərhum Əli adlı makler ünvan 1 ünvanında yerləşən evin satılmasını ona göstərmişdir. O, həmin evi alması üçün 9500 ABŞ dolları pulu Maraqlı şəxs vermişdir ki, evin sahibi Cavabdeh versin, 100 ABŞ dolları pulu isə evi tapan Əli adlı maklerə vermişdir. Maraqlı şəxs pulu aparıb Minayəyə vermiş, bundan sonra evin sənədlərini ona vermiş, Minayə onun həyat yoldaşı X3 etibarnamə göndərmişdir. Minayə hazırda Türkmənistan Respublikasında yaşayır və evi sənədləşdirmək istə sədə bu mümkün olmamışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onlar arasında başqa heç bir yazılı razılaşma olmamışdır və məhkəməyə təqdim edəcək əlavə sübutu yoxdur. Məhkəmə iclasında üçüncü şəxs qismində dindirilmiş Maraqlı şəxs İsrafil oğlu ifadə verərək bildirdi ki, Minayəni qonşu kimi tanımış, həmin evin mülkiyyətçisi olsa da heç vaxt yaşamamışdır. ünvan 1 ünvanında yerləşən mənzil hal-hazırda Cavabdeh mülkiyyətindədir. Minayə ona evi satdığını bildirmiş və o da maklerə həmin evin satıldığını bildirərək, müştəri tapmasını bildirmişdir. İddiaçı evi alması üçün 9500 ABŞ dolları pulu ona vermiş, o da telefonla Minayəyə zəng etmiş və evin satılmasını bildirmişdir. O evin sahibi olan Cavabdeh ilə İddiaçı arasında vasitəçilik etmişdir. İddiaçı evi satın alması üçün pulu ona vermişdir. Cavabdeh evin sənədini ona vermiş, o da bunun qarşılığında pulu vermişdir. O Minayəyə 9500 ABŞ dolları məbləğində pulu şəxsən öz evinin yanında vermişdir. 100 ABŞ dolları da müştəri tapdığı üçün makler Əliyə verilmişdir. Onlar arasında başqa heç bir yazılı razılaşma olmamışdır və pulun verilməsini təsdiq edən heç bir sübut yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, İddiaçı onun həyat yoldaşıdır. Texnologiya Universitetində müəllim işləyir. ünvan 1 ünvanında yerləşən evi 2003-cü ildə almışlar. Onlara həmin evi makler satmışdır. Həmin mənzilin əvvəlki sahibi Cavabdeh olmuşdur və onu görməmişdir. Pulun kimə verilməsini bilmir. Evə görə onun adına etibarnamə verilmiş, etibarnamənin vaxtı bitmiş sonra isə itmişdir. Onlar evi alanda ev boş olmuşdur və 9500 ABŞ dolları pula almışlar. Pulu həyat yoldaşı İddiaçı makler Əliyə vermişdir. O Cavabdeh heç vaxt görməmişdir. Həmin mənzilə də Minayənin qohumları gəlməmişdir. Evi alanda pis vəziyyətdə 1 otaqlı ev olmuşdur. Daha sonra onlar xərc çəkib evi təmir etdirib kürsülü ev tikdirmişlər və evi 6 otaqlı etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadə verərək bildirdi ki, heç bir yerdə işləmir. İddiaçı onların qonşularıdır. O, 1989-cu ildən orada yaşayır. 20 ilə yaxın müddətdir ki, İddiaçı ilə bir qonşuluqda yaşayır. ünvan 1 ünvanında yerləşən mənzil əvvəllər kirayədə olmuşdur. Kirayədə yaşayanlardan Nofəli və Əliyarı tanımışdır. Evin sahibini görməmişdir və orada yaşamamışdır. Evin əvvəlki şəraiti pis olmuşdur və İddiaçı evə xərc çəkib düzəltdirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının, üçüncü şəxsin və şahidlərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə olunmuş ƏMDK yanına Daşınmaz Əmlakın Dövlət Reyestrinin 3 saylı Gəncə Ərazi İdarəsinin 15.04.2021-ci il tarixli, **********36 nömrəli məktubundan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədləri və elektron baza məlumatlarına əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X23 (keçmiş Kirovobad şəhəri) filialının 25.02.1988-ci il tarixli, 63/5 saylı Arxiv arayışı ilə Kirovabad şəhər X15 İcraiyyə Komitəsinin 08.10.1954-cu il tarixli iclasının 55 nömrəli protokoluna əsasən X9 fərdi yaşayış evinin tikintisi üçün 450.0 kv.m torpaq sahəsi ayrılmışdır və fərdi yaşayış evi inşa edildikdən sonra X10 adına 02.11.1987-ci il tarixli 122 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi keçmiş Kirovobad şəhəri 1 saylı Dövlət notariat kontorunun 04.04.1988-ci il tarixli, 3-1-98 reyestr nömrəli “Şəxsi mülkiyyət hüququ haqqında” şəhadətnamə və 3-1-99 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnəməsinə əsasən, 4/6 hissə X11 (arvadı), 1/6 hissə X4 (qızı) və 1/6 hissə X7 (oğlu) payları göstərilməklə X8 vərəsələri tanınmış və fərdi yaşayış evi vərəsələrin adları qeydiyyata alınaraq 05.04.1988-ci il tarixli, 122 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhər 3 saylı Dövlət notariat kontorunun 24.01.1989cu il tarixli, 2H-113 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, fərdi yaşayış evi X20, X12 və X13 tərəfindən X1. Qeyd edilən müqaviləyə əsasən, X14 26.01.1989-cu il tarixli, 122 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhər 1 saylı Dövlət notariat kontorunun 07.02.1991-ci il tarixli, 2-1-90 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən, fərdi yaşayış evi X19 tərəfindən Cavabdeh bağışlanmışdır. Qeyd edilən müqaviləyə əsasən, Cavabdeh 04.05.1991-ci il tarixli, 122 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 1991-ci ildə X19 tərəfindən Cavabdeh bağışlanılmış, hazırda həmin fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. İddiaçı həmin fərdi yaşayış evini 2003-cü ildə 9500 ABŞ dollarına razılaşaraq aldığını bildirmiş, tərəflər arasında həmin fərdi yaşayış evinin alqı-satqısına dair və ya pulun verilməsinə dair hər hansı bir yazılı sənəd tərtib edilməmiş, iddiaçı olan alıcı və cavabdeh olan satıcı bir-birlərini görməmiş, onlar arasında yaranan münasibətlər üçüncü şəxsin vasitəçiliyi ilə şifahi qaydada olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-cı maddəsinə əsasən daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1 noyabr 2005-ci il tarixədək qüvvədə olan və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin tətbiq edilməsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikasının Qanununa və həmin Qanunla təsdiq edilmiş «Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli Qanunu ilə Mülki Məcəllənin mətnindən çıxarılmış 335.2-ci maddəsinin müddəalarına əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiq edilməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Oxşar münasibətləri tənzimləyən İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında qeyd edilir ki, yuxarıda göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Məhkəmə, iş üzrə tərəflərin alqı-satqı müqaviləsinin mühüm şərtləri barədə razılığa gəlməsini və bununla bağlı özlərinin azad iradə ifadələrini yazılı formada tərtib edilmiş sənəddə əks etdirməmələrini, həmin vaxt razılaşmanın cavabdehin təqsiri üzündən notariat qaydasında rəsmiləşdirilməsinin mümkün olmamasını, sonradan isə bu razılaşmanın cavabdehin təqsiri ucbatından notarial qaydada təsdiq edilməməsini, həmçinin mübahisəli fərdi yaşayış evinin alqı-satqısına dair və pulun verilməsinə dair yazılı sənədin imzalanmamasını və bu halları təsdiq edən sübutların məhkəməyə təqdim edilməməsini, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, mübahisəli ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evin satılmasını və cavabdehin buna razılıq verməsi faktını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər, alıcı və satıcı ümumiyyətlə bir-birlərini görməmişlər. Halbuki, Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 77.1-ci mаddəsinə görə iddiaçı öz tələblərinin əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06.03.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin göstərilən müddəalarını nəzərə alaraq nəticəyə gəlir ki, İddiaçı məhkəmə iclasında ünvan 1 ünvanında yerləşən evə dair Cavabdeh ilə alqı-satqı müqaviləsinin bağlanması barədə iddia ərizəsini əsaslandıra və bunu təsdiq edən hər hansı sübutu təqdim edə bilmədiyindən hazırkı iddia ərizəsi təmin oluna bilməz. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı cavabdehlər Cavabdeh və üçüncü şəxs Maraqlı şəxs oğluna qarşı «alqısatqı müqaviləsinin etibarlı sayılması» tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar