Məhkəmə qərarları › İş №2(043)-513/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-513/2022

03.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-513/2022 03.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Azəriqaz» X3 X6 İdarəsi tərəfindən əsassız və qanunsuz hesablanmış 216 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Hamı kimi o da mənzilinə quraşdırılmış qaz sayğacından istifadə edir. Qaz sayğacından istifadə etdiyi illər ərzində hər hansı bir qaz ilə bağlı evində nöqsan baş verməmişdir. Hər ay karta pul yükləmiş və qazdan istifadə etmişdir. Belə ki, 2017-ci ildə mənzilində quraşdırılmış smart kart qaz sayğacı istismar müddəti başa çatdığına görə X8 idarəsinin əməkdaşları tərəfindən mənzilində quraşdırılmış qaz sayğacı 10 aprel 2017-ci il tarixdə №2921094 saylı akt tərtib edilərək sayğac yenisi ilə əvəz edilmişdir, həmin tərtib edilmiş aktın qeyd hissəsində sayğaca müdaxilə olunması barədə və sayğacın deşik olması barədə heç bir nöqsan kimi qeyd göstərilməmişdir. Sayğac dəyişdirilən zaman da ona qaz idarəsinin əməkdaşları sayğacın deşik olması barədə heçnə deməmişlər. Ümumiyyətlə bu 3 il ərzində qaz idarəsinin əməkdaşları ona qaz sayğacının deşik olması barədə heç bir məlumat verməyiblər. Beləliklə 3 il keçdikdən sonra təxminən 2020-ci ilin aprel ayında X8 idarəsinin əməkdaşları tərəfindən 24 aprel 2020-ci il tarixli №0221284 saylı akt yazılaraq cərimə edildiyi bildirilmişdir. Qaz idarəsinin əməkdaşları tərəfindən yazılan aktda isə qeyd edilmişdir ki, ARDNŞ-nin Azəriqaz İB-nin 24.02.2020 AKT-№MSK 29/1710-02795-3 nömrəli rəyinə əsasən sayğacın çıxış plastmas borusu deşilib və ona 216 manat cərimə hesablayıblar. Buna qədər onun yazılan cərimə barədə məlumatı olmayıb. Haqqında yazılan cəriməni tamamilə qanunsuz hesab edir. Çünki sayğac dəyişdiriləndən təxminən 3 il keçdikdən sonra ona akt yazılaraq cərimə olunduğu bildirilmişdir. Əgər o, qaz sayğacına müdaxilə etmişdisə niyə aşkar olunmuş nöqsan barədə mənzilində akt tərtib edilərkən bu barədə ona bildirilməmiş, lakin 3 il keçdikdən sonra bildirilmişdir ki, guya qaz sayğacı deşilibdir. Ona çox maraqlıdır ki, Smart kartla işləyən qaz sayğacı və ona vurulmuş dövlət blompu kəsilmədən, qırılmadan necə ola bilər müdaxilə edilsin. Buna görə də ədalətli qərar qəbul edilməsini və iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, İddiaçı iddiası təmin edilməlidir. İş materiallarına əlavə olunmuş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 10.04.2017-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı kimi qeydə alınmış İddiaçı yaşadığı ünvanda quraşdırılmış 08AZ**********6 nömrəli qaz sayğacı yeni sayğacla əvəz olunmuşdur. İş materiallarına əlavə olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 24.04.2020-ci il tarixli ******* saylı aktdan məlum olur ki, 08AZ**********6 saylı sayğacın çıxış plasmas borusu deşildiyi üçün sayğac keçən qazın həcmini qeyd etmir. Dəymiş ziyan 2160 m3 hesablanmışdır. İş materiallarına əlavə edilmiş 26.02.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən məlum olur ki, İddiaçı itirilmiş qazın bərpası üçün tələblər müəyyən edilmiş və itirilmiş qazın həcmi 2160 m3 hesablanmışdır. İş materiallarına əlavə edilmiş əsli məhkəmə iclasında tədqiq edilmiş АЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 1963-cü ildə Gəncə şəhərində doğulmuş X1 anası X2r, ata qrafası isə boşdur. İş materiallarına əlavə edilmiş əsli məhkəmə iclasında tədqiq edilmiş AZ-İİ seriyalı, 206404 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 02.08.2021-ci il tarixdə ölmüş, ölüm səbəbi kimi yarımkürələrə dəqiqləşdirilməmiş beyindaxili qansızma göstərilmişdir. İş materiallarına əlavə edilmiş laborator yoxlama nəticələrinə dair məlumatdan görünür ki, 08AZ**********6 saylı sayğacın xətaları normaya uyğundur, klapan işlək vəziyyətdə deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tərəflər 08AZ**********6 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlı mübahisə edirlər. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə faktı ilə əsaslandırır. Lakin, iş materiallarından göründüyü kimi 08AZ**********6 nömrəli qaz sayğacı çıxarılarkən aktda onun plombunun zədələnmiş olması ilə bağlı heç bir qeyd aparılmamışdır. Cavabdeh tərəf istehlakçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Eyni zamanda laborator müayinə nəticəsində də sayğacın xətalarının normaya uyğun olduğu müəyyən edilmiş, sayğaca müdaxilə edilməsi ilə bağlı hər hansı fakt aşkar edilməmişdir. Şərh olunan normalardan da göründüyü kimi fiziki şəxs olan istehlakçı yalnız plombun toxunulmazlığına görə məsuliyyət daşıya bilər. Sayğacın müdaxilə olunmadan zədələnməsinə görə fiziki şəxs olan istehlakçı məsuliyyət daşımır. İşlək sayğacın quraşdırılması və onun işlək vəziyyətdə qalması üçün məsuliyyət qaz paylayıcının üzərinə düşdüyündən məhkəmə hesab edir ki, cavabdeh Azəriqaz İB tərəfindən 2160 m3 itirilmiş təbii qaz üçün 216 manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. ünvan 2 ünvanda yerləşən 59 saylı mənzildə təbii qazdan istifadə qaydalarının pozulmasına görə cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 216 (iki yüz on altı) manat borc məbləği silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar