Məhkəmə qərarları › İş №2(043)-530/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-530/2020

23.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-530/2020 23.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x2 iclas katibliyi, iddiaçı «xxxxxxx» KB ASC-nin nümayəndəsi x1 və Cavabdeh iştirakı ilə, İddiaçı «xxxxxxx» KB ASC-ninCavabdeh qarşı “kreditin, ona hesablanmış faizlərin və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: «xxxxxxx» KB ASC ərizə ilə məhkəməyə müracət edərək, Cavabdeh xeyirlərinə 2692,11 AZN əsas, 179,05 AZN faiz, 361,21 AZN cərimə, cəmi 3232,37 AZN və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı «xxxxxxx» KB ASC ilə Cavabdeh arasında bağlanmış 04.04.2018-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 37 ay müddətinə, illik 12 % ödəmək şərti ilə 3774 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Müqavilənin 3.1-cü bəndinə əsasən, “Borcalan” kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini 1(bir) təqvim günündən çox gecikdirdikdə həmin gündən başlayaraq “Bank” “Borcalan”a qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 180% -dən 360%-dək miqdarında və kreditdən istifadəyə görə faizlərin ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan kreditdən istifadəyə görə faiz məbləğinin illik 180%-dən 360%-dək miqdarında cərimə tətbiq edir. Nəticədə cavabdehin 30 noyabr 2019-cu il tarixinə kredit müqaviləsi üzrə «xxxxxxx» KB ASC-yə 2692,11 AZN əsas, 179,05 AZN faiz, 361,21 AZN cərimə, cəmi 3232,37 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxxxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən, iddiaçı «xxxxxxx» KB ASC-nin nümayəndəsi x3 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, maddi imkanı olmaması səbəbindən borcunu ödəyə bilməmişdir. Məhkəmədən borcun hissə-hissə ödənilməsinə şərait yaradılmasını, faiz və cərimə məbləğinin silinməsini xahiş etdi. Məhkəmə işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş iddiaçı «xxxxxxx» KB ASC ilə Cavabdeh arasında bağlanmış 04.04.2018-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, cavabdehə istehlak məqsədləri üçün 37 ay müddətinə, illik 12 % ödəmək şərtilə 3774 AZN məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 30.11.2019-cu il tarixli arayışdan görünür ki, «xxxxxxx» KB ASC ilə Cavabdeh arasında bağlanmış 04.04.2018-ci il tarixli müqaviləyə əsasən, cavabdehin 30 noyabr 2019-cu il tarixinə kredit müqaviləsi üzrə «xxxxxxx» KB ASC-yə 2692,11 AZN əsas, 179,05 AZN faiz, 361,21 AZN cərimə, cəmi 3232,37 AZN borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, ««xxxxxxx» KB ASC ilə Cavabdeh arasında bağlanmış 04.04.2018-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 37 ay müddətinə, illik 12 % ödəmək şərtilə 3774 AZN məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödənişlərin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziva qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı «xxxxxxx» KB ASC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmə cərimə borcunun tamamının tutulması hissəsi istisna olmaqla, digər borc məbləğlərinin cavabdehdən tutulmasını əsaslı hesab edir. Belə ki, məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 361.21 manat dəbbə (cərimə) pulu tənasübsüz surətdə yüksək olduğu üçün həmin məbləğ azaldılmalı və 30 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2692.11 manat əsas, 179.05 manat faiz borcu, 30 manat cərimə borc tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə iddiaçının xahişini və ödənilmiş tələbin məbləğini nəzərə alaraq hesab edir ki, məhkəmə xərci qismində 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2692.11 manat əsas, 179.05 manat faiz borcu, 30 manat cərimə olmaqla ümumilikdə 2901.16 (iki min doqquz yüz bir manat on altı qəpik) manat borc məbləği və məhkəmə xərci qismində ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq «xxxxxxx» KB ASCyə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x6 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar