Məhkəmə qərarları › İş №2(043)-533/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-533/2021

05.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-533/2021 05.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı (əvvəlki adı xxxx İKB) ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı (əvvəlki adı xxxx İKB) ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı ASC-in xeyrinə fiziki şəxlər üçün bank xidmətlərinin göstərilməsi üçün standart şərtlər müqaviləsi üzrə 963.5 manat əsas borc, 123,77 manat faiz borcu, 40.86 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 1128.13 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh fiziki şəxslər üçün bank xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlər müqaviləsinə əsasən «xxxx» İKB ASC-dən illik 25 faizlə 24 ay müddətinə 1500 (min beş yüz) manat kredit götürmüşdür. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh müqavilənin şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı (əvvəlki adı xxxx İKB) ASC tərəfindən borc alan Cavabdeh illik 25 faizlə 24 ay müddətinə 1500 (min beş yüz) manat kredit verilmişdir. Kassa məxaric orderindən görünür ki, Cavabdeh «xxxx» İKB ASC-nin kassasından qəbzi imzalamaqla 1500 manat pulu götürmüşdür. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı (əvvəlki adı xxxx İKB) ASC-yə olan borcunun məbləği əsas məbləğ üzrə 963,5 manat əsas borc, 123,77 manat faiz borcu və 40,86 manat cərimə borcu olmaqla ümumilikdə 1128,13 manat təşkil edir. Xəbərdarlıqdan görünür ki, Cavabdeh İddiaçı (əvvəlki adı xxxx İKB) ASC-yə olan borcunu ödəməyəcəyi təqdirdə ona qarşı məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. Müqavilənin şərtlərinə əsasən alınan kredit məbləğini ona hesablanmış faizləri ilə birlikdə borc alan tərəfindən dövrü olaraq kreditora qaytarmalı, ödənişlər gecikdirildiyi halda həmin məbləğə cərimə hesablanmalıdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Kreditor tərəfindən müqavilənin şərtlərinə uyğun əsas borca faiz və cərimə məbləği hesablamışdır. Buna görə də məhkəmə əsas və faiz borcunun tamamını, cərimə borcunun isə bir hissəsini cavabdehdən tutulmasını əsaslı hesab edir. Belə ki, məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan cərimə (dəbbə) pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə (dəbbə) pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 40,86 manat cərimə pulu tənasübsüz surətdə yüksək olduğu üçün həmin məbləğ azaldılmalı və 10 manat məbləğində müəyyən edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, əsas məbləğ üzrə 963.5 manat əsas borc, 123.77 manat faiz borcu və 10 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 1097.27 manat kredit borcu Cavabdeh alınaraq İddiaçı (əvvəlki adı xxxx İKB) ASC-yə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 963.5 manat əsas borc, 123.77 manat faiz borcu, 10 manat cərimə borcu və 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 1127,27 (bir min yüz iyirmi yeddi manat iyirmi yeddi qəpik) manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar