Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-559/2022 15.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi ilə, İddiaçı Bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra İddiaçı BOKT MMC) Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı BOKT MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30.03.2021-ci il tarixli RBMNT-0252 saylı kredit müqaviləsi üzrə 895,75 manat əsas borc, 186,95 manat faiz borcu və 57,72 manat cərimə borcunun və 32 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı BOKT MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı BOKT MMC arasında bağlanmış 30.03.2021-ci il tarixli RBMNT-0252 saylı kredit müqaviləsinə əsasən, “Borcverən” bu müqavilədə göstərilən pul məbləğinin “Borcalan”a verməyi, ’’Borcalan” isə aldığı borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilən zamanda və qaydada “Borcverən”ə qaytarmağı öhdəsinə götürür. Bu müqavilə üzrə “Borcverən” 1030 (bir min otuz) manat məbləğində pulu “Borcalana” 30.03.2021-ci ildən 30.09.2022-ci il tarixə qədər müqavilə müddəti üzrə əvvəlcədən 38 % dərəcəsi ödənilməklə və gündəlik tələbat ehtiyaclarının ödənilməsi məqsədi üçün verir. İddiaçı BOKT MMC tərəfindən kredit müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəliklər tam yerinə yetirilmişdir. Lakin “Borcalan” Cavabdeh tərəfindən 06.07.2021-ci il tarixdən etibarən kredit müqaviləsi ilə nəzərdə tutulmuş borc öhdəliyini tam yerinə yetirməmişdir. Dəfələrlə cavabdehlə əlaqə saxlanaraq gecikdirilmiş borcun tez bir zamanda qaytarılması tələb olunsa da, o bundan imtina etmişdir. “Borcalan” Cavabdeh 19.01.2022-cı ıl tarixə 895,75 manat əsas, 186,95 manat faiz, 57,72 manat məbləğində ödənilməmiş dəbbə borcu qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişin cavabdehə təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən bildirişi təqdim edilməsi üçün cavabdehin yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına göndərərək işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdeh arasında bağlanmış 30 mart 2021-ci il tarixli RBMNT-0252 nömrəli kredit müqaviləsindən görünür ki, “Borcverən” bu müqavilədə göstərilən pul məbləğinin “Borcalan”a verməyi, ’’Borcalan” isə aldığı borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilən zamanda və qaydada “Borcverən”ə qaytarmağı öhdəsinə götürür. Bu müqavilə üzrə “Borcverən” 1030 (bir min otuz) manat məbləğində pulu “Borcalana” 30.03.2021-ci ildən 30.09.2022-ci il tarixə qədər müqavilə müddəti üzrə əvvəlcədən 38 % dərəcəsi ödənilməklə və gündəlik tələbat ehtiyaclarının ödənilməsi məqsədi üçün verir. İş materiallarına əlavə edilmiş 19.01.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 30 mart 2021-ci il tarixli RBMNT-0252 nömrəli kredit müqaviləsi üzrə 895,75 manat məbləğində əsas borc, 186,95 manat faiz borcu və 57,72 manat cərimə olmaqla, cəmi 1140,42 manat borcu vardır. İş materiallarından görünür ki, İddiaçı BOKT MMC-nin tərəfindən borclu Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və tam icra etməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, Cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetiməmiş, nəticədə onun iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 30.03.2021-ci il tarixli RBMNT-0252 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 895,75 manat məbləğində əsas borc, 186,95 manat faiz borcu və 57,72 manat dəbbə pulu olmaqla, cəmi 1140,42 manat pul tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 32 manat dövlət rüsumundan ibarətdir. Ona görə də, məhkəmə ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 30 mart 2021-ci il tarixli RBMNT-0252 nömrəli kredit müqaviləsinə əsasən 895,75 manat məbləğində əsas borc, 186,95 manat faiz borcu və 57,72 manat cərimə olmaqla, cəmi 1140,42 (bir min yüz qırx tam yüzdə qırx iki) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 32 (otuz iki) manat pul cavabdehdən tutularaq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-559/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-559/2022
15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver