Məhkəmə qərarları › İş №2(043)-561/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-561/2022

22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-561/2022 22.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi İmanov Zaman Şakir oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) cavabdehlər Məmmədova Müşfiq Yelmar oğluna və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı ASC cavabdehlər Məmmədova Müşfiq Yelmar oğluna və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Məmmədova Müşfiq Yelmar oğlundan və Cavabdeh2 06.08.2019-cu il tarixli, 800821-67809/11 nömrəli kredit müqaviləsi üzrə 595,82 manat əsas borc və 7,85 manat faiz borcu olmaqla, cəmi 603,67 manat məbləğində borcun və 30,40 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 06 avqust 2019-cu il tarixli, 800821-67809/11 nömrəli güzəştli kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 598.56 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər cavabdeh - Cavabdeh2 arasında 06 avqust 2019-cu il tarixli, 800821-67809/11 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən zamin bank qarşısında (borcalan tərəfindən 06 avqust 2019 il tarixli, 800821-67809/11 nömrəli kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə) borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 14 yanvar 2022-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 595.82 manat məbləğində əsas borcu və 7.85 manat faiz borcu olmaqla, ümumilikdə 603.67 manat məbləğində kredit borcu yaranmışdır. Borcalan Cavabdeh1 və X2 18 yanvar 2014-cü il tarixli kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə öhdəliyi lazımınca icra etmədiyindən Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 03 fevral 2017-ci il tarixli 2(043)-49 2017 saylı məhkəmə qətnaməsi üzrə cavabdehlər Cavabdeh1 və X1 1,274.71 manat məbləğində əsas borcu və 135.01 manat faiz borcu, 20 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 1,429.72 manat məbləğində pul vəsaitin tutulması qət edilmişdir. Məhkəmə qətnaməsindən sonra cavabdehlər tərəfindən 676.15 manat məbləğində ödəniş aparılmışdır. AR Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanına əsasən Məmmədova Müşfiq Yelmar oğlunun kredit borcu restrukturizasiya siyahısına düşmüşdür. Fərmana əsasən kredit borcu üzrə faiz borc silinərək əsas borc üzrə 06 avqust 2019-cu il tarixli, 800821-67809/11 nömrəli güzəştli kredit müqaviləsi və zaminlik müqaviləsi imzalanmışdır, icra işinə 08.08.2019-cu il tarixli 001/007/4682/2019 saylı ərizə əsasında xitam verilmişdir. Güzəştli kredit müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş, 06 avqust 2019 il tarixli, 800821-67809/11 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Məmmədova Müşfiq Yelmar oğluna 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə 598,56 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 06 avqust 2019 il tarixli, 800821-67809/11 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 ilə Məmmədova Müşfiq Yelmar oğlunun 06 avqust 2019 il tarixli, 800821-67809/11 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklər üzrə birgə məsuliyyəti müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 17.01.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh Məmmədova Müşfiq Yelmar oğlunun İddiaçı ASC-yə olan borcunun məbləği 595,82 manat əsas borc, 7,85 manat faiz borcu olmaqla, ümumilikdə 603,67 manat təşkil edir. İş materiallarına əlavə edilmiş 12.11.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehlər Məmmədova Müşfiq Yelmar oğluna və Cavabdeh2 yazılı məhkəmə bildirişi və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqavilə ilə verilən kredit müqabilində ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, ödənişini dövri olaraq ödəməli olduğu halda kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kreditin təminatı olaraq zaminlik müqaviləsi bağlanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, əsas borc məbləği üzrə 595,82 manat və faiz borcu 7,85 manat olmaqla, ümumilikdə 603,67 manat kredit borcu cavabdehlər Məmmədova Müşfiq Yelmar oğlundan və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş 30,40 manat dövlət rüsumu və bank xidməti cavabdehlərəə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Məmmədova Müşfiq Yelmar oğlundan və Cavabdeh2 müştərək qaydada kredit müqaviləsi üzrə 595,82 manat əsas borc, 7.85 manat faiz borcu və məhkəmə xərci qismində 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə 634,07 (altı yüz otuz dörd manat yeddi qəpik) manat pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar